Ru
17:29 / 16 Oktyabr 2026

Toydan 20 min qazanan müğənni cəmi 40 manat vergi ödəyir: Sistem dəyişməlidirmi?

Toydan 20 min qazanan müğənni cəmi 40 manat vergi ödəyir: Sistem dəyişməlidirmi?
Eye

Heç kimə sirr deyil ki, müğənnilər toylardan xeyli qazanc əldə edirlər. Bu qazancın məbləği müğənninin populyarlığı, istəyindən və digər amillərdən asılı olaraq deyilənə görə, 5-15, bəzən hətta 20 min manat civarında olur. Amma həmin məbləğin vergiyə cəlb edilməsi məsələsində hələ də problem yaşanmaqda davam edir.

"Vergi Məcəlləsinə əsasən fərdi qaydada məşğul olan, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almaqla yerinə yetirirlər.
Həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır. Qeyd edilən fəaliyyət ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləği 20 manatdır.

Bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün yuxarıda qeyd olunan aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2;
- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1.5;
- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1;
- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0.5".

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, burada bütün müğənnilərin deyil, əsasən fərdi qaydada, muzdlu işçi cəlb etmədən toylarda və digər tədbirlərdə çıxış edən şəxslərin vergi öhdəliklərindən söhbət gedir:
“Onlar üçün sabit məbləğli vergi mexanizminin tətbiq edilməsinin məqsədi vergi inzibatçılığını sadələşdirmək, fərdi fəaliyyət göstərən şəxslərin qeydiyyata alınmasını asanlaşdırmaq və dövlət büdcəsinə vergi daxilolmalarını təmin etməkdir”.

Amma müsahibimiz hesab edir ki, bu mexanizm müəyyən hallarda vergi yükünün əldə olunan real gəlirə uyğun gəlməməsinə səbəb ola bilər:

“Məsələn, Bakıda fəaliyyət göstərən müğənni üçün sadələşdirilmiş verginin aylıq sabit məbləği 40 manat təşkil edir. Müğənni ay ərzində bir neçə toyda iştirak edib, minlərlə manat gəlir əldə etsə də, bu mexanizmlə ödədiyi verginin məbləği qazancının artımına uyğun dəyişmir. Digər tərəfdən, ay ərzində az gəlir əldə edən və ya ümumiyyətlə sifariş almayan şəxslər üçün də sabit vergi öhdəliyi yaranması məsələsi var”.

Mərkəz sədrinin sözlərinə görə, belə yanaşmanın bütün hallarda ədalətli olduğunu söyləmək çətindir:

“Bununla belə, sabit vergi mexanizminin mövcudluğu özlüyündə vergidən yayınma demək deyil. Əgər şəxs qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçib, ona tətbiq olunan vergi rejiminin şərtlərinə əməl edirsə, bu, qanuni vergi ödəmə üsuludur. Ancaq yüksək gəlir əldə edən şəxslərin də faktiki qazancından asılı olmayaraq eyni sabit məbləğ ödəməsi vergi yükünün gəlirlərə mütənasib bölüşdürülməsi baxımından suallar yaradır. Burada əsas problem qanunsuzluqdan daha çox, vergi mexanizminin nə dərəcədə ədalətli və iqtisadi cəhətdən əsaslandırılmış olmasıdır”.

İqtisadçı düşünür ki, bu sahədə vergi sisteminin təkmilləşdirilməsinə ehtiyac var:

“Müğənnilərin və digər şou-biznes nümayəndələrinin gəlirləri fərqli olduğuna görə hamısına eyni yanaşmanın tətbiqi optimal deyil. Az gəlir əldə edən, mövsümi fəaliyyət göstərən şəxslərlə il ərzində on minlərlə, hətta yüz minlərlə manat qazanan ifaçıların vergi öhdəlikləri arasında fərq olmalıdır. Bunun üçün sabit vergi rejimi aşağı gəlirli şəxslər üçün saxlanıla, yüksək gəlir əldə edən ifaçılar üçün isə faktiki gəlirə əsaslanan vergi mexanizmi tətbiq edilə bilər”.

Eyni zamanda, həmsöhbətimiz qeyd edir ki, müğənnilərin toy və digər tədbirlərdən əldə etdikləri gəlirlərin uçotunun aparılması gücləndirilməlidir:

“Elektron ödənişlərin təşviqi, müqavilələrin rəsmiləşdirilməsi, sifarişçilərə ödəniş sənədlərinin təqdim olunması və gəlirlərin elektron qaydada bəyan edilməsi bu sahədə şəffaflığı artıra bilər. Nağd ödənişlərin geniş yayılması şəraitində isə nəzarət mexanizmləri daha da təkmilləşdirilməlidir”.

Bunun üçün A. Nəsirlinin fikrincə, Vergi Məcəlləsinə dəyişiklik edilməsi məsələsinə də baxıla bilər:

“Lakin məqsəd sadəcə vergiləri artırmaq deyil, əldə olunan gəlirlə ödənilən vergi arasında daha məntiqli əlaqə yaratmaq olmalıdır. Qanunvericilikdə sabit vergi rejiminin tətbiq dairəsi və gəlir hədləri dəqiq müəyyənləşdirilməli, yüksək gəlir əldə edən şəxslərin faktiki gəlirlərinə uyğun vergiyə cəlb olunması üçün aydın meyarlar yaradılmalıdır. Eyni zamanda, yeni mexanizm vergi ödəyicilərinə əlavə bürokratik yük yaratmamalı və onların fəaliyyətini kölgə iqtisadiyyatına yönəltməməlidir.
Əsas məsələ odur ki, gəlirlərindən asılı olmayaraq bütün şəxslər üçün eyni deyil, ədalətli vergi prinsipi təmin edilsin. Dövlət yüksək gəlir əldə edən müğənnilərin qazancından büdcəyə uyğun payın daxil olmasında maraqlı olmalıdır. Vergi sistemi elə qurulmalıdır ki, az qazanan daha az, çox qazanan isə gəlirinə uyğun daha çox vergi ödəsin. Bu, həm sosial ədalət, həm büdcə gəlirlərinin artırılması, həm də vətəndaşların vergi sisteminə inamının gücləndirilməsi baxımından vacibdir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar