İspaniyanın şimalında tapılmış qeyri-adi dərəcədə kiçik sümüklərin uzun illər davam edən araşdırılmasından sonra alimlər belə nəticəyə gəliblər ki, bu qalıqlar toyuq ölçüsündə olan balaca bir dinozavra məxsus olub.
Yeni növə Foskeia pelendonum adı verilib. Alimlərin fikrincə, o, təxminən 125 milyon il əvvəl Yer üzündə yaşayıb və ot yeyən dinozavrların nəsli kəsilmiş qrupu olan ornitopodlara aid olub. Çox kiçik ölçülərinə baxmayaraq, bu dinozavrın təəccüblü dərəcədə inkişaf etmiş kəllə quruluşu olub.
İspaniyanın La-Laquna Universitetindən paleontoloq Penelopa Krusado-Kabalyero bildirib:
"Onun anatomiyası elə qəribədir ki, bu, təkamül ağaclarını yenidən yazmağa məcbur edir".
Tapıntı üzərində iş 2013-cü ildən bəri Argentina Rio-Negro Milli Universitetindən paleontoloq Pol-Emil Dyödonnenin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu tərəfindən aparılıb. Alimlərin sözlərinə görə, tapılmış qalıqlar ən azı beş fərqli fərdin sümüklərinə aiddir.
Dyödonne BBC-yə müsahibəsində deyib: "Məncə, bu kəşfin ən maraqlı tərəfi odur ki, bu göstərir: gələcəkdə daha çox belə fosil qalıqları tapılacaq və onların böyük əksəriyyəti kiçik dinozavrlara aid olacaq".
O əlavə edib: "Kiçik ölçülü dinozavrlar düşündüyümüzdən qat-qat daha müxtəlif olub və çox güman ki, bu gün tanıdığımız qrupların əksəriyyəti də məhz zamanla böyüyən bu kiçik dinozavrlardan yaranıb".
Ən balacası Avropadadır
Lakin Dyödonnenin qeyd etdiyi kimi, daha xırda dinozavrların qalıqları daha kövrək olur və onları tapmaq daha çətindir.