Ru
13:52 / 26 Dekabr 2025

“Tramp Avropanı Asiyaya dəyişib” – Politoloq

“Tramp Avropanı Asiyaya dəyişib” – Politoloq
Eye

“ABŞ Prezidentin Donald Trampın Avropa bölgəsinə marağı azalıb. Ağ Ev sahibi Avropa İttifaqını zəif təşkilat, Avropa liderlərini isə cəsarətsiz siyasətçilər kimi qiymətləndirib. Trampın bu yanaşmasının səbəbi Avropa İttifaqının müxtəlif məsələlərin həllində qəti addımlar ata bilməməsi və qitənin təhlükəsizliyinə diqqət yetirməməsiylə bağlıdır”.

Bakupost.az xəbər verir ki, “Atlas” Araşdırmalar mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu sosial-şəbəkədəki paylaşımında yazıb.

Politoloq bildirib ki, Avropa ölkələri uzun illər təhlükəsizliklərini ABŞ-a həvalə ediblər, bu dövlətlər büdcələrini orduların saxlanılmasına deyil, insanlarının rifah hallarının yüksəlməsinə yönəldiblər: “Bu Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə balşamasına və Tramp Prezident seçilənə qədər davam edib. Vaşinqton artıq Avropa İttifaqının təhlükəsizliklər bağlı maliyyə yükünü daşımaq istəmir”.

Elxan Şahinoğlu vurğulayır ki, Tramp administrasiyasının diqqəti isə Avrasiya qitəsinə, o cümlədən Mərkəzi Asiyaya yönəlib: “Ağ Ev sahibinin Azərbaycanla Ermənistanı barışdırmaq və “Tramp yolu” layihəsinin reallaşması istəyinin əsas hədəflərindən biri məhz Mərkəzi Asiyaya çıxış imkanı əldə etməkdir. Təsadüfi deyil ki, tarixdə ilk dəfə Mərkəzi Asiya liderləri 5+1 formatında Ağ Evdə ABŞ Prezidenti ilə görüşüblər. Vaşinqtonda 5+1 formatında keçirilən görüş çərçivəsində ABŞ-la Qazaxıstan arasında 17 milyard dollar civarında 30-a yaxın saziş imzalanıb. Özbəkistan isə yaxın illərdə ABŞ-dan dəyəri milyardlarla dollar olan 22 “Boeing” təyyarəsi alacaq. Tramp bununla kifayətlənməyərək, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevla telefonla danışaraq hər iki lideri gələn il Amerika Birləşmiş Ştatlarında keçiriləcək G20 sammitinə dəvət edib”.

Politoloq qeyd edir ki, Trampın hədəfləri praqmatikdir: “Qazaxıstan və Özbəkistan dünya uran ehtiyatlarının yarısına malikdirlər. Bundan başqa Mərkəzi Asiya ölkələri nadir metallara malikdirlər. Smartfonlar, elektrik avtomobilləri və külək turbinləri başda olmaqla digər texnoloji avadanlıqların istehsalında nadir torpaq elementlərindən istifadə edilir. Keçmiş illərdə Çin nadir torpaq elementlərini ABŞ və Avropa dövlətlərinə ixrac edirdi. Ancaq Çin bu ixracatı kəskin şəkildə azaldıb. Pekinin məqsədi bu yolla rəqiblərinin istehsalını zəiflətmək, eyni zamanda öz məhsullarının dünya bazarlarında satışını artırmaqdır. Çindən əlləri üzülən Qərb ölkələri, o cümlədən ABŞ diqqəti Mərkəzi Asiyaya yönəldib”.

E.Şahinoğlunun sözlərinə görə, ABŞ Qazaxıstanla nüvə enerjisi sahəsində də əməkdaşlığı genişləndirib: “ABŞ Qazaxıstanda modul tipli reaktorlar quraşdıracaq. Bu məqsədlə ABŞ Almatı şəhərində tədris mərkəzi açıb. Bu mərkəzdə modul tipli reaktorları çalışdıracaq mütəxəssislər hazırlanacaq. ABŞ bu sahədə Rusiya ilə rəqabətə girəcək. Məsələ burasındadır ki, Rusiyanın Rosatom şirkəti Qazaxıstanda atom elektrik stansiyasının tikintisini həyata keçirir. ABŞ isə Qazaxıstanda daha kiçik tutumlu atom elektrik stansiyalar inşa edəcək. Özbəkistan rəhbərliyi Qazaxıstandan nümunə götürərək ölkədə atom elektrik stansiyasının tikintisi planlaşdırır. Böyük ehtimalla Vaşinqton Özbəkistanda da modul tipli reaktorların tikintisini Daşkəndlə müzakirə edəcək”.

“Qazaxıstan və Özbəkistan ABŞ-la iqtisadi əlaqələri gücləndirməklə Çinin inhisarından qurtulmağa çalışırlar. Çin Mərkəzi Asiyada böyük layihələr həyata keçirir və bu ölkələrə böyük miqdarda kreditlər verib. Bu kreditlər Mərkəzi Asiya ölkələrinin Çinə borclarının artmasına səbəb olub. Nəticədə Çinin Mərkəzi Asiya ölkələrinə təsir gücü artıb. Bunun təhlükəsizliklərinə xələlə gətirdiyini anlayan Mərkəzi Asiya ölkələri ABŞ-la əməkdaşlığı genişləndirmək hesabına Pekin və Moskva ilə münasibətlərində balans yaratmağa çalışırlar”, deyə Elxan Şahinoğlu fikrini yekunlaşdırıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar