Donald Tramp və Keyr Starmer arasında dərin fikir ayrılıqları var və Trampın Böyük Britaniya səfəri bu problemi çözə bilmədi.
Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz ABŞ lideri Donald Trampın Britaniyaya səfərinin nəticələri haqda qeyd edib.
O bildirib ki, ABŞ Prezidenti Tramp və Britaniya Baş naziri Keyr Starmer arasında ən başlıca fikir ayrılığı Fələstin və Ukrayna məsələsinə baxışlardadır:
“Böyük Britaniya ABŞ-ın Yaxın Şərq siyasətinə sarsıdıcı zərbə vurmaq üçün Fələstini bir dövlət kimi tanmaq fikrindədir. ABŞ isə nəyin bahasına olursa olsun, bunun qarşısını almağa çalışır.
Zənnimcə, Trampı Böyük Britaniya Kralı III Çarlzın ayağına gətirən əsas məsələ də bu idi. Aparılan danışıqlardan ABŞ üçün müsbət nəticənin çıxdığına inanmıram. Trampın səfər sonunda keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərdən də belə anlaşılır. O, çıxışında “bu məsələdə Starmerlə aralarında ciddi fikir ayrılığı olduğunu” səmimi şəkildə etiraf edərək dedi: “Bu, əslində bizim bir neçə fikir ayrılığımızdan biridir”.
Ukrayna-Rusiya savaşına fərqli münasibətlərə gəlincə, yadınızdadırsa, Ukrayna Prezidenti Zelenskinin Ağ Evə məşhur səfəri zamanı təhqirə məruz qalmasından sonra Kral III Çarlz Baş nazir Starmerin əlinə bir bitik verib, Vaşinqtona göndərmişdi. Bitikdə Böyük Britaniyanın müasir kralının Trampa məktubu yer alırdı. Trampın laqeydliklə qəbul etdiyi bu məktubda ABŞ prezidenti Londona dəvət olunurdu. Dünənki səfər də məhz ovaxtkı dəvətin icabı idi. Təbii ki, kralla prezident arasındakı danışıqların əsas mövzularından biri də, məntiqlə, Ukrayna-Rusiya savaşı olmalı idi.
Səfər sonrası brifinqdə Trampa yönəldilən sual da Rusiya ilə bağlıydı. Tramp bu suala nə qədər qaçaraq cavab versə də, Putinin onu “ara yerdə qoyduğunu” gizlətmədi və rusiyalı həmkarından incidiyini dilə gətirdi.
O, ilk dəfə Ukrayna savaşının təcavüzkar tərəfinin Rusiya olduğunu etiraf etmək məcburiyyətində qaldı.
Ortaq məxrəcə gəlinməyən əsas məsələlərdən biri də Trampın bütün xahişlərinə rəğmən rəsmi Londonun bəzi ABŞ mallarına gömrük rüsumunu sıfırlamaması oldu. Məlumata görə, Britaniya rəsmiləri təfərrüatı hələ açıqlanmayan sövdələşməni əldə etmək üçün rəqəmsal xidmətlər vergisini və internet tənzimləməsini ləğv etməyə razı olmayıblar.
ABŞ-ın London boyunduruğundan qurtulduğu 1812-1814 müharibəsindən sonra bəlkə də ilk dəfədir ki, bu iki dövlət arasında bəzi məsələlərə fərqli yanaşmalar ortaya çıxır. Əsas qırılma nöqtələrindən birinin Fələstin, digərinin isə Ukrayna məsələsi olması da maraqlıdır”.
Ekspert vurğulayıb ki, belə bir zamanda ərəb və digər müsəlman dövlətlərinin “İslam NATO-su” barədə müzakirələrə başlaması təsadüfə bənzəmir:
“Görünən budur ki, Londonun təşviqi, İsrailin təhrikedici hərəkətləri ilə Yaxın Şərq ölkələri ABŞ-ın təsir dairəsindən uzaqlaşmaq xətti tutmaq ərəfəsindədir. Məhz belə bir məqamda MHP başqanının Türkiyə-Rusiya-Çin ittifaqından bəhs etməsi də diqqətdən yayınmır.
Qısası, dünyada yeni geopolitik konfiqurasiyanın ortaya çıxmasını müşahidə edirik. Türkiyə və ölkəmiz də bu yeni konfiqurasiyanın tam mərkəzində yer alır. Yaxın zamanlarda çox ciddi və mürəkkəb proseslərə şahidlik edəcəyik”.