Ru
11:12 / 17 Oktyabr 2025

"Tramp Putini neftlə sındırmaq istəyir..." - Elxan Şahinoğlu

"Tramp Putini neftlə sındırmaq istəyir..." - Elxan Şahinoğlu
Eye

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini sonlandırmaq üçün müxtəlif dövlətlərin Rusiyadan neft alışını dayandırmasına çalışır.

Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu yazıb.


Onun sözlərinə görə, Ağ Evin sahibi düşünür ki, Rusiya neft və qazını sata bilməsə Kreml Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq məcburiyyətində qalacaq.

"Bu arada, Trampın rusiyalı həmkarı Vladimir Putinlə növbəti görüşü planlaşdırılır. Görüş yerinin Macarıstan paytaxtının seçilməsi hər iki tərəfin maraqlarına cavab verir. Macarıstanın baş naziri Viktor Orbanın həm Donald Tramp, həm də Vladimir Putinlə yaxşı münasibətləri var".

E.Şahinoğlu onu da qeyd edib ki, Donald Trampın iddiasına görə, Hindistanın baş naziri Narendra Modi onunla telefon söhbəti zamanı Rusiya neftinin alışını dayandırmağa hazır olduğunu bildirib. Tramp onu da deyib ki, Hindistanın Rusiya neftindən imtinası zaman tələb edir. Buna baxmayaraq, Ağ Ev sahibi Hindistanın Rusiya neftindən tədricən imtina edəcəyinə əmin olduğunu bildirib.

"Dehli Trampın Hindistanın Rusiyadan neft alışını dayandıracağını təsdiq etməyib. Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval bildirib ki, Hindistanın enerji siyasətinin hədəfləri enerji daşıyıcılarının sabit qiymətlərinin və etibarlı təchizatının təmin edilməsindən ibarətdir. Bu o deməkdir ki, Hindistan Rusiya neftindən imtina etməyə hazırlaşmır. Rusiya Hindistana nefti dünya qiymətlərindən ucuz satdığına görə, Hindistanın neftayırma zavodları bundan qazanc əldə edirlər. Əgər Hindistan Rusiya neftindən imtina edərsə, körfəz ölkələrindən neft alışını artırmalı olacaq",- deyə politoloq bildirib.

E.Şahinoölu onu da əlavə edib ki, Tramp Hindistanla yanaşı Çinin də Rusiya neftindən imtinasına çalışır. Ancaq Pekin Vaşinqtonun tələbini yerinə yetirməcəyini bəyan edib:

"Pekin Vaşinqtonun tətbiq etdiyi sanksiyaların əleyhinədir. Maraqlıdır ki, ABŞ-ın strateji müttəfiqi Yaponiya da Rusiyadan neft alır. ABŞ-ın maliyyə naziri Skott Bessent Tokionun Rusiyadan enerji idxalını dayandırmasını zərurətini qeyd edib. O bunu Yaponiyanın maliyyə naziri Katsunobu Kato ilə görüşdə deyib. Görünür, Rusiyanın ucuz nefti Yaponiya da cəlb edir. Ancaq Dehli və Pekindən fərqli olaraq Tokio Vaşinqtonun tələbini yerinə yetirmək məcburiyyətindədir. Yaponiya məhsullarının əsas bazarı ABŞ-dir. Yaponiya ABŞ-la birgə layihələrə 550 milyard dollar sərmayə qoyacağına boyun olub".

Ayxan,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar