“ABŞ prezidenti Ukraynaya "Tomaqavk" raketlərinin göndərilməsi barədə qərarını demək olar ki, verdiyini bildirib. "Lakin əvvəlcə bu raketlərlə nə etmək istədiklərini bilmək istərdim. Bunu onlardan soruşacağam" - deməklə Tramp ona işarə edib ki, Ukrayna hansı hədəflərə zərbə endirəcəyini qabaqcadan ABŞ-la bölüşməli və razılaşdırmalıdır. Şübhəsiz ki, belə də olmalıdır, ən azı ona görə ki, ABŞ hərbçilərinin iştirakı olmadan Ukrayna bu raketləri tətbiq edə bilməz. Raketin koordinatlar üzrə hədəfə yönləndirilməsi yalnız amerikalılar tərəfindən edilə bilər”.
Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Şahin Cəfərli bildirib.
Onun sözlərinə görə, Ukraynaya "Tomaqavk"ların verilməsi barədə qərar qətiləşərsə, bu, ABŞ-dəki yeni administrasiyanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətində radikal dönüşün baş verdiyinin təsdiqi olacaq:
“Sülh istiqamətində diplomatik cəhdləri Rusiyanın uzlaşmaz mövqeyi ucbatından baş tutmadıqdan sonra Tramp "Güc vasitəsilə sülh" (Peace through strength) adlanan reyqanist konsepsiyaya keçməyə hazırlaşır.
"Tomaqavk" raketləri əsas etibarilə gəmilərdən buraxılmaq üçün hazırlanaraq 1983-cü ildən ABŞ ordusunun arsenalına daxil olub. İlk dəfə 1991-ci ildə Körfəz savaşında İraqa qarşı tətbiq edilib. Raketin dəniz modifikasiyasının atəş məsafəsi 2500 km-dir. Bununla yanaşı, 1800 km məsafəyə uçan "yer-yer" modifikasiyası da var, Ukraynaya məhz bunlardan veriləcəyi gözlənilir.
"Tomaqavk" yerdən 30-50 metr yüksəklikdə uçaraq radara çətin yaxalanan yüksək dəqiqliyə malik (hədəfdən yayınma - 5 metr) qanadlı raketdir. Əlbəttə ki, möcüzəvi bir silah deyil, amma bu raketlər Ukraynanın öz istehsalı olan "Flaminqo"larla bərabər raket silahlanması sahəsində Rusiya lehinə kəskin disbalansı tam olmasa da, ciddi şəkildə aradan qaldırmağa imkan verə bilər. Görünür, Tramp düşünür ki, Rusiyanın bu sahədə bariz üstünlüyünü itirməsi onu masada daha konstruktiv mövqe tutmağa sövq edəcək.
Putin Ukraynaya hücumun səbəblərindən danışarkən dəfələrlə bildirib ki, "biz bunu etməsəydik, tezliklə ABŞ və NATO Ukraynaya Moskvanı və Sankt-Peterburqu vura biləcək raketlər yerləşdirəcəkdi". Diktatorun bu bəyanatlarından və Avropanın şərqində böyük müharibə cinayətləri törətməyə başlamasından sonra nə baş verdi? Əvvəlcə Peterburqun yaxınlığındakı Finlandiya NATO-ya qoşuldu və Rusiyanın bu hərbi ittifaqla quru sərhədlərinin uzunluğu iki dəfə artdı, indi də ABŞ prezidenti Ukraynaya qanadlı raketlər göndərməkdən danışır...
İki gün əvvəl Putin onu da bəyan etmişdi ki, Ukraynaya "Tomaqavk" verilsə, bu, Rusiya-ABŞ münasibətlərinin sonu olacaq. Lakin belə görünür ki, onun xəbərdarlığı Trampı qorxutmayıb”.
Lalə, Bakupost