"ABŞ Prezidenti Donald Tramp təyin olunan müddət keçdikdən sonra Rusiyaya qarşı ikinci dərəcəli tariflər və sanksiyaların kombinasiyasını tətbiq edə bilər".
Bakupost.az xəbər verir ki, bunu Ukrayna prezidentinin sanksiyalar siyasəti üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasyuk deyib.
O vurğulayıb ki, Amerika lideri Rusiyaya qarşı istənilən sanksiyaları tətbiq etmək üçün bütün vasitələrə malikdir.
"Yaxşı xəbər odur ki, məndə olan məlumata görə, onların Rusiyaya qarşı sanksiyalarla bağlı artıq hazırlanmış qərarı var. Məncə, bu, həm ikinci dərəcəli tariflərin, həm də ikinci dərəcəli sanksiyaların müəyyən qarışığı olacaq", - o əlavə edib.
Vlasyukun sözlərinə görə, söhbət 100% ikinci dərəcəli tariflərdən, həmçinin konkret şirkətlərə və insanlara qarşı sanksiyalardan gedir.
Xatırladaq ki, iyulun 14-də ABŞ prezidenti Donald Tramp Rusiya Ukrayna ilə 50 gün ərzində barışmazsa, Rusiyaya 100% ikinci dərəcəli rüsumlarla zərbə vuracağını vəd etmişdi. Lakin keçən həftə Amerika lideri qərarını sərtləşdirdi - son tarixi azaltdı. İndi Moskva avqustun 8-nə qədər sülh istəməsə, ikinci dərəcəli tariflər və sanksiyalar Rusiyaya yönələcək.