ABŞ Prezidenti Donald Tramp İranla bağlı əməliyyatların böyük hissəsinin tamamlandığını desə də, müharibənin daha 2–3 həftə davam edə biləcəyini söyləyib.
Hətta Tramp iddia edib ki, İran daxilində əhali silahlanmağa başlayıb. Bu proses bitdikdən sonra rejimə qarşı savaşacaqlar.
Siyasi şərhçi Aydın Quliyev
Bakupost.az-a bildirib ki, Trampın İran müharibəsini 2-3 həftəyə yekunlaşdıracağı barədə səsləndirdiyi fikir olduqca mücərrəd xarakter daşıyır:
“Trampın İranla bağlı müharibə strategiyası o qədər qeyri-müəyyəndir ki, onun nəyi nəzərdə tutduğunu söyləmək çətindir. Hətta bəzi məqamlarda müharibə strategiyası nöqteyi-nəzərdən situasiya Trampın özünə də aydın deyil. Müharibə başlayandan Trampın dilindən əməliyyatların müddətilə bağlı dəfələrlə bir-birini təkzib edən fikirlərini eşitmişik. Müxtəlif zamanlarda İrana bir neçə saat, bir neçə gün, bir neçə həftə vaxt verib. Amma həmin vaxt ərzində heç bir prinsipial dəyişiklik, yenilik baş verməyib”.
Ekspertin sözlərinə görə, hazırkı şəraitdə də Trampın İranla bağlı hansı əməliyyatı həyata keçirəcəyi bəlli deyil:
“Bunun quru əməliyyatı olacağı, dənizdən və yaxud havadan zərbələrin endiriləcəyi məlum deyil”.
Həmsöhbətimiz hesab edir ki, bəlkə də Tramp yenidən yanlış kəşfiyyat məlumatlarının təsiri altına düşüb:
“Ola bilsin İran daxilində əhalinin silahlanması ilə bağlı məlumat onu yanlış istiqamətə yönəldib. İranda əhalinin rejim ətrafında toparlandığını hər kəs görür. Müharibə başlayandan ölkə əhalisi tam şəkildə rejimi müdafiə edir. Belə şəraitdə İran cəmiyyətinin hakimiyyətə qarşı belə tezliklə açıq və kütləvi çıxışlara başlayacağı gözlənilmir. Belə şəraitdə Trampın İran müharibəsini 2-3 həftəyə yekunlaşdıracağı fikri olduqca mücərrəd təsir bağışlayır”.
Rüfət Sultan, BakuPost