4 noyabr 2025-ci il tarixində, Səmərqənd (Özbəkistan) şəhərində UNESCO-nun Baş Konfransının 43-cü sessiyasının platformasında Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə ilk dəfə olaraq türk sivilizasiyasının dərinliyini və böyüklüyünü əks etdirən unikal layihələrin təqdimatı keçirilib.
Bakupost.az xəbər verir ki, tədbir çərçivəsində Türk Dövlət Başçılarının qəbul etdiyi “Türk Dünyasına Baxış – 2040” və “TÜRKTIME” strateji sənədlərinə uyğun olaraq hazırlanmış “Türk Dünyasının Mədəni Kodu” adlı Türk dünyasının mədəni irsinə dair Kataloq; Özbəkistan Respublikasının Prezidenti Zati-Aliləri cənab Şavkat Mirziyoyevin təşəbbüsü və Türk Dövlət Başçılarının dəstəyi əsasında Fond tərəfindən həyata keçirilən çoxcildli, çoxdilli “Türk Folklor İrsi” Antologiya nəşrinin təqdimatı baş tutub.
Təqdimatın davamında 2025-ci il noyabrın 3-də UNESCO Baş Konfransının 43-cü sessiyasının qətnaməsi ilə qəbul edilmiş “15 dekabr - Türk Dili Ailəsi Gününün (World Turkic Language Family Day)” qeyd olunması ilə bağlı tədbir keçirilib.
Təqdimat mərasiminin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova tədbirin təşkilatçılığında göstərilən dəstəyə və qonaqpərvərliyə görə UNESCO-ya və Özbəkistan Respublikasına dərin minnətdarlığını ifadə edib.
Fond tərəfindən nəşr olunan “Türk Dünyasının Mədəni Kodu” adlı çoxdilli Kataloq və çoxcildli, çoxdilli “Türk Folklor İrsi” Antologiyası haqqında çıxış edən xanım Aktotı Raimkulova, Türk dünyasının mənəvi körpüsünə çevrilən bu layihələrin ərsəyə gəlməsində əməyi olan mütəxəssisləri, alimləri və Məşvərət Komitəsinin üzvlərini səmimi-qəlbdən təbrik edib, onlara bu yolda göstərdikləri əzm və fədakarlıqlarına görə təşəkkürünü bildirib.
Tədbir çərçivəsində çıxış edənlər arasında Fondun “Türk Dünyasının Mədəni Kodu” kataloqunun layihə kuratoru Rüstəm Müzəffərov, eləcə də Özbəkistandan tanınmış alim, “Türk Folklor İrsi” Antologiyasının hazırlanmasında iştirak edən Jabbor Eşonqulov yer alıblar. Onlar təqdim olunan nəşrlərin əhəmiyyətini vurğulayaraq, bu layihələrin təşəbbüskarı olan Türk Mədəniyyəti və İrsi Fondunun fədakar fəaliyyətini və Türk dünyasının mədəni irsinin qorunmasına verdiyi töhfəni yüksək qiymətləndiriblər.
Fəxri qonaq qismində Qırğız Respublikasının Prezidentinin müşaviri cənab Arslan Qoyçiyev, Türkiyə Ədalət və İnkişaf Partiyasının sədr müavini, professor Kürşad Zorlu, Özbəkistan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, professor Baxrom Abduxalımov iştirak ediblər. Onlar bu tarixi qərarın Türk dillərinin zənginliyinin və ortaq mənəvi köklərinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, tədbirin həyata keçirilməsində Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işləri və səylərini yüksək qiymətləndiriblər.
Təqdimat zamanı çıxış edənlər arasında Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi, səfir Elman Abdullayev, Qazaxıstan Respublikasının Elm və Ali Təhsil nazirinin müavini cənab Talqat Yeşenkulov, Türkmənistanın Fransa Respublikasındakı səfiri və UNESCO yanında Daimi Nümayəndəsi Maksat Çariyev, eləcə də Macarıstanın UNESCO yanında Daimi Nümayəndəliyinin müavini xanım Kinqa Simon yer alıblar. Tədbirdə həmçinin Qazaxıstan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi Askar Abdraxmanov, Qırğız Respublikasının Fransa Respublikasındakı səfiri və UNESCO yanında Daimi Nümayəndəsi Sadık Şer-Niyaz, Türkiyə Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi Gülnur Aybet, Özbəkistan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi Kamol Muxtarov, UNESCO -nun Türkiyə Respublikası Milli Komissiyasının sədri, professor Öcal Oğuz aktiv iştirak göstəriblər.
Təqdimat mərasimində eyni zamanda Belçika, Ekvador, Fransa, Latviya, Oman, Qətər, Venesuela və Çexiyanın UNESCO yanında Daimi Nümayəndəliklərinin təmsilçiləri, Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, tanınmış alimlər, mədəniyyət institutlarının təmsilçiləri, Türk mədəniyyətinə və irsinə maraq göstərən əcnəbilər və media nümayəndələri iştirak ediblər.
Tədbir Türk mədəniyyəti və irsinin səfiri, etno-folklor “TURAN” ansamblının solistlərinin ifası ilə davam edib. Türk musiqi sənətinin parlaq nümunələrini səsləndirən solistlərin çıxışı mərasimin ən yaddaqalan və təsirli anlarından birinə çevrilərək tədbirin parlaq məqamı olub və iştirakçılar tərəfindən böyük alqışla qarşılanıb.




