“Məsud Pezeşkian İranın zəngin neft-qaz ehtiyatlarına sahib olmasına baxmayaraq, Yaponiya, Cənubi Koreya və Türkiyə ilə müqayisədə geri qaldığını bəyan edərək dövlət adamı olduğunu təsdiq etdi. Çünki, bizim coğrafiyada heç kim geri qalmışlığın səbəbini özündə aramaq istəmir”.
Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Xəqani Cəfərli bildirib.
Onun fikrincə, bizim coğrafiyada günahı özündə deyil, kənarda görmək əzəli və əbədi xəstəliyə çevrilib:
“Məsələn, Türkiyədə Yaponiya və Cənubi Koreyadan geri qalmalarının səbəbini “dış mihraklar”da (xarici güclər) görmək ən geniş yayılmış bəraət “dəlilidir”. Halbuki, dövlətin fəlsəfəsi, dövlət ağlı tamam dəyişməlidir. Bu dəyişikliyin zəruri olduğunu sübut edən ən böyük dəlil Türkiyənin dövlət büdcəsinin sahələr üzrə bölünməsidir. Məsələn, qarşıdan gələn 2026-çı ildə Diyanət İşləri Başkanlığına (Dini İşlər İdarəsi) 174.3 milyard TL (4 150 000 000 dollar) ayrldığı halda, Türkiyə Kosmik Agentliyinin dövlət büdcəsindəki payının 6 milyard lirəyə çatacağı gözlənilir. Bütövlükdə Milli Kosmos Proqramı çərçivəsində “kosmosun vətəni” Türkiyə gələn il bu sektordakı layihələrə 8 milyard 729 milyon lirə, təxminən 208 milyon dolar ayırmağı planlaşdırıb. Göründüyü kimi, Türkiyənin dövlət büdcəsindən Dini İşlər İdarəsinə ayrılan pul kosmosla bağlı layihələrə ayrılan vəsaitdən 19 dəfə çoxdur.
Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyinin büdcəsi 3 milayd dolara yaxındır. Bundan əlavə 2023-cü ildə Yaponiya 10 il ərzində kosmik sənayeni dəstəkləmək üçün 6,7 milyard dollarlıq fond da yaradıb.
Cənubi Koreya Kosmik Agentliyi 2045-ci ilə qədər kosmik proqrama 72 milyard dollar sərmayə qoyacaq.
Yaponiya və Cənubi Koreya da ABŞ-dan nümunə götürürək özəl şirkətlərin kosmos fəaliyyəti ilə məşğul olmasına imkan verib. Bu imkandan istifadə edən "Obayashi Corporation" Yaponiyada kosmosa çıxacaq lif inşa etmək layihəsi üzərində işləyir. Şirkət bu məqsədlə 100 milyard dollar xərcləməyi planlaşdırır.
Bütün bu rəqəmlər hər kəsin gözü önüdə olsa da, Türkiyədə geriliyin səbəbini xarici güclərdə (“dış mihraklar) görmək istəyi millətin xəstəliyi halına gəlməkdədir. Çox təəssüf ki, Türkiyədə yayğın xəstəlik halına gələn bu məsələ Azərbaycana da sirayət etməkdədir. Ümumiyyətlə, Türkiyə Azərbaycana yaxşı bir nümunə olmaq əvəzinə zərərli fikir və cəryanların ötürücüsünə çevrilir”.
Lalə, BakuPost