Türkiyədə səfərdə olan Liviyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Əli Əhməd əl-Həddad və onu müşayiət edən digər yüksək rütbəli hərbi rəsmilər təyyarə qəzası nəticəsində həlak olublar. Hadisə Ankara yaxınlığında, Tripoli istiqamətində uçuş zamanı baş verib. Hadisəni faciə adlandıran rəsmilər qəzanı texniki səbəblərlə əlaqələndirirlər.

Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə 23 dekabr 2025-ci il axşam saatlarında Ankaranın Esenboğa Hava Limanından havaya qalxan “Dassault Falcon 50” tipli biznes təyyarəsi ilə baş verib. Radarla əlaqəsi itən təyyarə Haymana rayonunun Kəsikkavak kəndi yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 8 nəfərin hamısı – 5 sərnişin və 3 ekipaj üzvü həlak olub.
Həlak olanların arasında general Əl-Həddadla yanaşı Liviya Quru Qoşunlarının qərargah rəisi, Hərbi İstehsalat İdarəsinin rəhbəri, Baş Qərargah rəisinin müşaviri və qərargahın media ofisinin əməkdaşı da var.
Rəsmi məlumatlara görə, qəza texniki nasazlıq nəticəsində baş verib. Təyyarə göyərtədə fövqəladə vəziyyət barədə siqnal göndərdikdən sonra təcili eniş üçün geri dönməyə cəhd edib, lakin əlaqə qırılıb.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç da qəza ilə bağlı sosial şəbəkə hesabında açıqlama yayıb. Nazir bildirib ki, Haymana rayonunda qəzaya uğrayan təyyarə ilə bağlı Ankara Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.
İstintaq çərçivəsində baş prokuror müavininin rəhbərliyi altında dörd prokuror təyin olunub və araşdırma bütün istiqamətlər üzrə və böyük diqqətlə aparılır.
***

Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı güclü səs eşitdiklərini və evlərin silkələndiyini bildirib. Sakinlər öncə zəlzələ baş verdiyini düşünüblər. Daha sonra təyyarə qəzası xəbəri yayılıb və yerli sakinlər hadisə yerinə doğru hərəkət ediblər.
Qəza yerinin dəqiq yeri əvvəlcə məlum olmayıb. Təxminən 30 nəfər kənd sakini ilə birlikdə 5–6 kilometr məsafəni piyada qət edərək, palçıqlı ərazidən keçməklə qalıqları tapıblar. Hadisə yerində yanacaq qoxusu, eləcə də təyyarəyə aid xırda hissələr aşkarlanıb. Sonradan jandarma əməkdaşları əraziyə gələrək axtarış aparıblar.

Ərazinin relyefinin çətin, hava şəraitinin isə əlverişsiz olması səbəbindən xilasetmə və tibbi briqadaların hadisə yerinə çatmasında çətinliklər yarandığı bildirilib. Ərazidə sağ qalan şəxs aşkar edilməyib, təyyarə hissələri geniş sahəyə səpələnib və yalnız bir pulqabı tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəzaya uğrayan təyyarənin Malta mərkəzli “Harmony Jets” şirkətinə məxsus olduğu bildirilir. Fransız istehsalçı “Dassault” tərəfindən hazırlanmış, üçmühərrikli “Falcon 50” tipli təyyarə təxminən 6–6,5 saat fasiləsiz uçuş imkanına malikdir.
***
Liviyanın Milli Razılıq Hökuməti (GNU) qəzanı “dərin faciə” adlandıraraq ölümə görə üç günlük ümummilli matəm elan edib. Ölüm xəbəri ilə əlaqədar Tripolidə dövlət müəssisələrindəki bayraqlar yarıya endirilib və rəsmi tədbirlər ləğv olunub. Baş nazir Əbdülhəmid Dibeybe general Əl-Həddadın və digər rəsmilərin vəfatını ölkə üçün ağır itki hesab edib və başsağlığı verib.
Liviyanın bir sıra hərbi və siyasi liderləri, o cümlədən Milli Komandanlıq rəisi Marşal Xəlifə Həftar də həlak olanların ailələrinə və bütün liviyalılara başsağlığı verib, ölkənin hərbi rəhbərliyində böyük itkini vurğulayıb.
General Əl-Həddad 2020-ci ildən Liviyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində çalışırdı və ölkənin birləşdirilməsi səylərində əsas fiqurlardan sayılırdı. Onun ölümü Liviyada davam edən siyasi parçalanma fonunda ölkənin hərbi strukturu üçün böyük bir itki hesab olunur. Həmçinin bu qəza Türkiyə ilə Liviyanın hərbi-siyasi əməkdaşlığının davam etdiyi bir dövrdə, Türkiyənin Liviyadakı hərbi mövcudluğunu uzatmaq qərarından cəmi bir gün sonra baş verib.
Hazırda Türkiyə və Liviya tərəfləri qəzanın səbəblərini araşdırır, texniki ekspertizalar aparılır və daha geniş rəsmi açıqlamalar veriləcəyi gözlənilir.
Cavid, BakuPost