İstanbulda narkotiklərlə bağlı istintaq çərçivəsində "Fənərbaxça" klubunun prezidenti Sadettin Saran barəsində yayılan son məlumatlar diqqət çəkib.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ədliyyə Tibb İdarəsi tərəfindən aparılan analizlərdə Saranın saç nümunəsində kokain testinin cavabı müsbət çıxıb. Eyni zamanda, onun qan, sidik və dırnaq nümunələrində isə analizlərin cavabı mənfi olub. Bu nəticələr prokurorluğa təqdim edilib və Saran istintaq çərçivəsində ifadə vermək üçün İstanbul Ədliyyə İdarəsinə çağırılıb.
Sadettin Saran yayılan məlumatları təkzib edib: "Hər şeydən əvvəl açıq və aydın şəkildə bildirmək istəyirəm ki, test nəticəsində müsbət çıxdığı iddia edilən maddəni həyatım boyunca istifadə etməmişəm. İstifadə etməyi bir kənara qoyaq, həmin maddəni yaxından belə görməmişəm".
Saran sosial mediada dolaşan videoların və test nəticələri ilə bağlı xəbərlərin özünə aid olmadığını bildirib. O, bu cür paylaşımların açıq şəkildə etibarına zərbə vurmaq məqsədi daşıdığını və hüquqi baxımdan yanlış olduğunu vurğulayıb. Saran həmçinin, məsələ ilə bağlı hüquqi addımlar atılacağını və əsl faktların istintaq nəticələrində ortaya çıxacağını qeyd edib.
Cavid, BakuPost