Türkiyədə keçirilən yarış zamanı bıçaqlanan idmançı Araz Musayev məhkəmədə hazırda Azərbaycan Muaytay-Tayboks Federasiyasının faktiki prezidenti olan Azər Həsənsoya uduzmağına baxmayaraq, məhkəmənin qərarını heçə sayır və özünü hələ də federasiya prezidenti kimi təqdim etməyə davam edir.
Bakupost.az xəbər verir ki, Araz Musayev saxtakarlıq edərək özünü Azərbaycan Muaytay-Tayboks Federasiyasının prezidenti kimi təqdim edib və valideynləri aldadıb, övladlarını yarışa aparacağını bildirib.
Qanuni olaraq Azərbaycanı həmin yarışda Qadir Talıbov təmsil etsə də, digər idmançıları Araz Musayev aldadaraq yarışa aparacağını deyib.
Azərbaycan Muaytay-Tayboks Federasiyasından oxu.az-a verilən məlumata görə, Araz Musayev tərəfindən aparılan idmançıların nəticəsi Gənclər və İdman Nazirliyi tərəfindən tanınmayacaq.
Məlumata görə, Araz Musayev Türkiyədə aldığı xəsarətdən istifadə edərək, Azərbaycandakı məşqçilərə mütəmadi zəng edir, onları hədələyir və qarşıdan gələn dünya çempionatında iştirak etmələrinə, ölkəmizi təmsil etmələrinə mane olur. Bu hal həm idmançılarımızın psixoloji durumuna, həm də Azərbaycanın beynəlxalq idman nüfuzuna mənfi təsir göstərir.
Qeyd edək ki, 2024-cü ilin noyabrında federasiyada növbədənkənar prezident seçkisi olub və Azər Həsənsoy qalib gəlib. 2022-ci ildən federasiya prezidenti olan Araz Musayev bu qərarla razılaşmadığı üçün məhkəməyə üz tutub.
Proses bu il iyulun 9-da baş tutub.
Məhkəmə Azər Həsənsoyun Azərbaycan Muaytay-Tayboks Federasiyasına yenidən prezident seçilməsini tam qanuni və düzgün hesab edib.
Qərarda qeyd edilib ki, Azər Həsənsoy Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının, Azərbaycan Muaytay-Tayboks Federasiyasının və Azərbaycan Uşu Federasiyasının təsisçisi və prezidentidir.