Ukrayna ordusunun “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzi bu gün gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə Krımın Belbek aerodromuna hücum edib. Hücum nəticəsində iki ədəd “Su 27” qırıcısı vurulub.
Bakupost.az xəbər verir ki, təyyarələrdən biri tam döyüş hazırlığında və silah komplekti ilə start zolağında olarkən məhv edilib. Hər iki təyyarənin ümumi dəyəri təxminən 70 milyon dollardır.
Eyni əməliyyat çərçivəsində aerodromun dispetçer qülləsi də hədəfə alınıb. Ukrayna tərəfi bu hücumların Rusiya hərbi potensialına zərbə vurmaq və döyüş hazırlığını azaltmaq məqsədilə həyata keçirildiyini bildirir.
Rusiya tərəfi indiyə qədər əməliyyatla bağlı rəsmi şərh verməyib.
Ukraynanın Silahlı Qüvvələri dünən (19 dekabr) axşam saatlarında Xəzər dənizində Rusiya Hərbi-Dəniz Qüvvələrinin 22460 kodlu “Oxotnik” patrul gəmisini PUA ilə vurub. Hələlik gəminin aldığı zərərin miqyası dəqiqləşdirilməyib.
Bu hücum “Lukoil” şirkətinə məxsus Filanovski neft və qaz platforması hədəfə alınarkən həyata keçirilib.
Cavid, BakuPost