Ru
13:55 / 15 Noyabr 2021

Valideynlər seçim qarşısında: təhsil ya sağlamlıq?

Valideynlər seçim qarşısında: təhsil ya sağlamlıq?
Eye

Son günlər müəllim və şagirdlər arasında COVID-19-a yoluxma halları xeyli artıb. Yoluxma səbəbindən bugünədək onlarla sinif distant təhsilə keçib, xeyli məktəb isə tamamilə bağlanıb.

Müəllim heyyətinin 90 faizinin vaksinasiyadan keçdiyi, təhsil müəssisələrində sanitar-gigiyena qaydalarına tam riayət olunduğu deyilsə də, yoluxanların sayı hər keçən gün daha da artır. Məktəblərdə yoluxmanın artması valideyinləri çox narahat edir.

Mövzu ilə bağlı münasibət öyrəndiyimiz valideynlərin çoxu narahatlıqlarını dilə gətirərək, ​ məktəblərdə virusa yoluxma riski yüksək olduğu üçün təşfiş içində olduqlarını bildirdilər.​ Bəzi valideynlər uşaqların dərsdən geri qalmamaları üçün məktəbə göndərməyə məcbur olduqlarını, bir qismi isə yoluxmadan ehtiyat edib uşaqlarını məktəbə göndərmədiklərini dedilər.

Valideyn Samirə Məmmədova Bakupost.az -a deyib ki, oktyabrın əvvəlində oğlunun müəllimi koronavirusa yoluxduğundan sinifdə dərslər iki həftə müddətinə dayandırılıb:

“Uşaq müəllimlə kontaktda olduğu üçün onun da yoluxacağından qorxdum. Xoşbəxtlikdən uşaqda yoluxma olmadı. Müəllimin karantin müddəti başa çatdı və əyani tədris bərpa olundu. Ancaq bir neçə gün sonra oğlumun sinif yoldaşında karonavirus aşkarlandı. Sinif​ distant təhsilə keçsə də sonradan bir neçə uşağın da yoluxduğu məlum oldu. Sinif yoldaşlarının COVİD-ə yoluxduğunu eşidən uşaqlar yoluxacaqlarını düşünərək böyük stres və qorxu keçirdilər. Mən belə vəziyyətdə övladımı məktəbə göndərmək istəmirəm. Hazırki vəziyyətdə əyani tədrisin davam etdirilməsi valideynlərə, uşaqlara stress və qorxudan başqa heç nə vermir. Mövcud vəziyyət biz validenləri çox narahat edir. Əlaqədar qurumlar tərəfindən ciddi tədbir görülməli və yoluxma sayı azalana kimi məktəblər distant təhsilə keçməlidir”.

İxtisasça həkim pediatr olan valideyn Qənirə Rüstəmovanın dediyinə görə, bəzən uşaqlar arasında koronavirusa yoluxmanı aşkarlamaq çətin olur: “Məktəb yaşlı uşaqlar xəstəliyi bəzən heç bir əlamət olmadan keçirirlər. Virusu gizli keçirdiklərindən onlar xəstəliyi elə gizli formada da yayırlar.​ Hər sinifdə 40 və daha artıq şagird var. Bir uşaqda virusun olması kifayətdir ki, bütün sinifi yoluxdursun. Bu məqamda məktəbə gedən bütün uşaqlar yoluxma riski ilə üz-üzədirlər. Mən övladımın sağlamlığını risk altına atıb, dərslərdən geri qalmasın deyə məcburiyyətdən məktəbə göndərirəm. Ancaq məktəblər bağlanıb distant təhsilə keçilsə valideynlərin belə məcburiyyəti olmaz. Düzdür distant təhsil istənilən nəticəni vermir. Ancaq hazırki vəziyyət üçün başqa çıxış yolu yoxdur. Çünki hər uşağın orqanizmi fərqlidir və xəstəliyi fərqli formada keçirir. Xəstəliyi çox ağır formada keçirən uşaqların sayı az deyil. Bunu nəzərə alıb bir müddətliyinə də olsa məktəbləri bağlamaq lazımdır. Mənim fikrimcə, uşaqların sağlamlığı hər şeydən önəmlidir”.

Digər valideyn İsmət Əliyev bildirib ki, yoluxma halları artdığından övladlarını məktəbə göndərmir: “Ölkə üzrə yoluxma və ölüm sayı gündəlik olaraq artır. Müəllim və şagirdlər arasında da yoluxanlar çoxdur. Ətrafımda COVİD-ə yoluxan tanışların, yaxınların necə ağır vəziyyətə düşdüklərini, xəstəliyi çox ağır keçirtdiklərini bilirəm. Hər iki övladımın sinif yoldaşları arasında xəstəliyi çox ağır keçirənlər də olub. Bəzilərində xəstəliyin fəsadları bugünədək qalmaqdadır. Məktəb yasadığımız ünvandan uzaqda yerləşdiyi üçün övladlarım ​ ictimai nəqliyyatdan istifadə edir. Avtobus və metroda isə sıxlıq olur. Bu vəziyyətdə necə qorunmaq olar? Bu səbəbdən də övladlarımı məktəbə qoymuram. Məcburiyyət qarşısında uşaqlar onlayn hazırlıq keçirlər”. ​



Valideynlər bildirdilər ki, bəzi müəllimlər qaydalara riayət etmir, sinifdə üz sipəri və maska taxmırlar. Şagirdlərin də çoxu sinifdə maskadan istifadə etmir. Deyirlər ki, orta məktəb şagirdlərinin məktəb daxilində maska taxmaları məcburi deyil. Qaydalara tam əməl olunmadığı üçün də məktəblərdə yoluxma halları artır.

Mövzu ilə bağlı Bakupost.az -a danışan ibtidai sinif müəllimi Şölə Əllyevanın sözlərinə görə, məktəblərdə yoluxma halları müşahidə olunduğu üçün valideynlərin narahatlığı başa düşüləndir: “Təssüflər olsun ki, bu gün müəllim və şagirdlər arasında koronavirusa yoluxma halları mövcuddur. Distant təhsilə keçən siniflər, yoluxma səbəbindən bir müddətliyinə bağlanan məktəblərimiz var. Mövcud vəziyyət biz müəllimləri də çox narahat edir. Bir müəllim olaraq şagirdlərimin sağlamlığı mənim üçün çox önəmlidir. Ancaq onların tədris proqramından geri qalmaması, əyani şəkildə, normal qaydada təhsil alması üçün məktəblərin bağlanmasının tərəfdarı deyiləm. Unutmaq lazım deyil ki, fəal təlim mühitində qazandıqlarımızı heç nə ilə əvəz etmək olmaz. Distant təhsil heç vaxt əyani təhsili əvəz edə bilməz. Onlayn əlaqə canlı ünsiyyətin yerini vermir. Əyani tədris zamanı şagird müəllimlə birbaşa ünsiyyətdə olur, suallar verir, başa düşmədiyi mövzuların tam izahını alır. Dərs prosesi zamanı şagird şagirddən, şagird müəllimdən öyrənir. Əyani təhsildə ünsiyyət, sosiallaşma var, şagirdlə müəllim arasında bir bağ yaranır. Ancaq onlayn dəslərdə bu mümkün deyil. Onlayn dərs mühiti xüsusilə ibtidai sinif şagirdləri ilə müəllimər arasında kommunikativ ünsiyyət vərdişləri formalaşdırmaqda çətinlik yaradır. Sinifdə elə şagirdlər var ki, onları sinif otaqlarında dərsə cəlb etmək belə çətindir. Fikirləri çox dağınıqdır və ya qavraması zəifdir. Online dərs zamanı belə şagirdlərə dərsi izah etmək çox çətin olur. Düşünürəm ki, hazırki vəziyyətdə müəllim, valideyn, şagirdlər birlik göstərməlidir. Pandemiya şəraitini nəzərə alaraq, müəyyən qaydalara əməl etmək lazımdır ki, yoluxma sayı artmasın”. ​

Müəllim qeyd edib ki, şagirdlərin dərs zamanı maska taxması məcburi deyil, bu, valideynlərin özünün seçimidir:

“Təbii ki, şagirdlərə maskadan istifadə etmək tövsiyə edilir. Amma şagirdlərin maskadan istifadə etməsi valideynlərin öhdəsinə buraxılıb”.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, ​məktəblərin bağlanması karantin rejiminin sərtləşdirilməsinin ən son mərhələsində ola bilər:



“Vəziyyət kritik hədd kimi dəyərləndirilsə belə, bu yoluxmaları bilavasitə məktəblə əlaqələndirmək yanlışdır. Bir neçə məktəbin koronavirusa görə bağlanması bütövlükdə məktəblərin bağlanması üçün əsas ola bilməz:“Əyani təhsilə keçid haqqında qərarın verilməsi, əsasən böyük əksəriyyətin ənənəvi təhsilə keçidin tərəfdarı olması ilə əlaqədar olub. Bu məqsədlə hətta sorğular vasitəsilə ümumi ictimai rəy belə öyrənilib, təkliflər nəzərə alınıb. Hazırda əsas məsələ ondan ibarətdir ki, təhsilin davamlılığı və dayanıqlılığı təmin edilsin. Çünki, dayanıqlı təhsilə münasibət birmənalıdır”.

Ekspert bildirib ki, əgər yoluxma sayında kütləvilik artarsa, daha sərt addımlar atmaq barədə düşünmək olar:

“Hələ ki, vəziyyət düşündüyümüz qədər də kiritik deyil, hər halda son sözü müvafiq qurumlar deyəcək. İstənilən halda, mövcud pandemiya şəraitində yaranan və yarana biləcək vəziyyət Nazirlər Kabinetinin müvafiq qərarı və bu qərara uyğun təsdiq olunan “Qaydalar” əsasında tənzimlənir.​ Fikrimcə, müvəqqəti vəziyyətlə əlaqədar hər kəs tərəfindən anlayış və həmrəylik nümayiş etdirilsin, vəziyyət obyektiv qiymətləndirilsin. Məktəblərin qapanması məsələsinə ən son mərhələdə, yəni, insanların digər kütləvi toplandığı ictimai yerlərin – nəqliyyatın, restoran və şadlıq evlərinin, mol və iri ticarət mərkəzlərinin bağlanmasından sonra baxılması daha düzgün olar”.

N.İsrafilovun dediyinə görə, distant təhsilə məqsəd yox, vasitə kimi baxmaq lazımdır:

“Distant təhsil məqsəd deyil, vəziyyətdən çıxış üçün bir vasitədir.​ Distant təhsil adi təhsil sistemini əvəz etmir və əvəz də etməməlidir, amma distant təhsilin gələcək üçün inkişafının təmin edilməsi vacib bir hal alıb. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası icraiyyə komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov hesab edir ki, təhsil-tədris uzunmüddətli dayandırıla bilməz. Çünki ənənəvi tədris formatını distant və ya onlayn tədris sistemi əvəz edə bilmir:


"Tədris bizim üçün məktəb-sinif- müəllim-şagird komponentlərindən ibarətdir və hələ ki, əvəzedilmədir. Pandemiya ilə əlaqədar ötən il əyani təhsil onlayn tədrislə əvəz olundu. Ancaq distant təhsil istənilən nəticəni vermədi. Bu səbəbdən də mümkün qədər əyani tədris davam etdirilməlidir. Ancaq vəziyyət kritik həddə çatarsa o zaman məktəblər bağlanmalıdır”.

Millət vəkili Ceyhun Məmmədov söyləyib ki, hazırda ölkədə fəaliyyət göstərən məktəblərin yenidən bağlanması ilə bağlı heç bir fikir və rəsmi qərar yoxdur:


"Düzdür yoluxma sayı minin üzərindədir. Ancaq pik həddə deyil. Məktəblərdə də yoluxma faktları mövduddur. Lakin kütləvi yoluxma halları müşahidə edilmir. Bu gün ölkədə pandemiya ilə alaqədar vəziyyət tam nəzarətdədir. Hazırda məktəblərin bağlanması məsələsi gündəmdə deyil. Əgər gələcəkdə yoluxanların sayı artarsa, bu məsələyə yenidən baxıla bilər. Lakin bu gün məsələ müzakirə edilmir. Ona görə də panikaya düşmək və insanları həyəcanlandırmaq lazım deyil. Proses tam sabitdir. Əgər hər hansı bir təhlükə hiss olunarsa, yoluxma sürətli şəkildə artarsa məsələyə mütləq baxılacaq və müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Bununla da məktəblərin distant təhsilə keçirilməsi məsələsi də nəzərdən keçirilə bilər”.

Millət vəkili, həkim Rəşad Mahmudovun sözlərinə əsasən, məktəblərdə ​ şagirdlər arasındakı ünsiyyət yoluxma riskini artırır:


“Məktəblərin açıq qalması virusun yayılması üçün şərait yaradır. Ancaq hazırda vəziyyət kritik həddə aşmayıb. Məktəblərdə yoluxma səviyyəsi çox da yüksək deyil.​ Siniflərdə yoluxma halları aşkarlandıqda lokal qapanmalar olur. Yox əgər kütləvi yoluxma halları müşahidə olunarsa o zaman müvəqqəti olaraq məktəblərin bağlanması gündəmə gələ bilər”.



Təhsil Nazirliyindən isə bildirilib ki, ölkədə fəaliyyət göstərən məktəblərdə koronavirusla əlaqədar kritik vəziyyət yoxdur. Ona görə də bu gün məktəblərin ümumilikdə distant tədrisə keçidi gündəmdə deyil. Bu günə olan məlumatlar vəziyyətin gərgin olduğunu göstərmir.

Sevinc
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar