“Ermənistanın radikal müxalifəti və bu dairələrə bağlı ekspertlər Moskvadan aldıqları tapşırıq əsasında ABŞ vitse-prezidenti Ceyms Vensin Ermənistana səfərini və İrəvanda imzalanan sazişlərin əhəmiyyətini azaltmağa çalışırlar. Birincisi, Vens İrəvanda “soyqırım abidəsini” ziyarətiylə bağlı paylaşımını sildiyinə görə tənqid olunub. İkincisi, ABŞ-ın Ermənistanın nüvə enerjisi sektorunun inkişafına 9 milyard dollar sərmayə qoyacağı şübhə altına alınıb”.
Bakupost.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki paylaşımında yazıb.
Politoloq qeyd edib ki, aydındır ki, Vensin baş nazir Nikol Paşinyanla imzaladığı bu saziş Ermənistanın Rusiyadan enerji asılılığını azaltmaq məqsədi daşıyır: “Ancaq Paşinyana müxalif olanların fikrincə, ABŞ layihəsinin reallaşacağı sual altındadır. Çünki, radikallar hesab edirlər ki, ABŞ-ın başqa ölkələrdə modul tipli atom elektrik stansiyaları inşa etmək təcrübəsi yoxdur və bu modulların istismarı baha başa gəlir. Radikalları o da qəzəbləndirib ki, Rusiya və Çin Ermənistanda daha ucuz qiymətə modul tipli atom elektrik stansiyalarının inşası təklifini verərkən, Nikol Paşinyan cəmiyyətlə məsləhətləşmədən daha bahalı Amerika variantını seçib. Radikallar ABŞ-ın Ermənistana satacağı 6 milyon dəyərindəki dronların faydasız olduğunu da iddia ediblər. Çünki, həmin dronlar hücum deyil, kəşfiyyat xarakterlidir”.
“Erməni radikalların və onlarla əlaqəli ekspertlərin canfəşanlığı aydındır. Vensin İrəvana səfəri və Ermənistana dəstəyi parlament seçkiləri öncəsi Nikol Paşinyanın mövqelərini gücləndirir. Bunu amerikalı rəsmilər də heç gizlətmir. Paşinyan ölkəsinin Rusiyanın asılılığından qurtulması üçün çalışır. Ona görə də İrəvan Rusiyanın “Rosatom” şirkətinin modul tipli atom elektrik stansiyasının inşası təklifinə deyil, ABŞ-ın eyni təklifinə üstünlük verib. ABŞ-ın Ermənistanda inşa edəcəyi modul tipli atom elektrik stansiyaları Rusiyanın idarə etdiyi “Metsamor” atom elektrik stansiyasını tədricən əvəz edəcək”, deyə Elxan Şahinoğlu əlavə edib ki, “o ki qaldı, ABŞ-ın Ermənistana satacağı kəşfiyyat xarakterli pilotsuz uçuş aparatlarına, qonşu ölkə Azərbaycanla sülh quruculuğu prosesini davam etdirdiyinə görə İrəvanın hücum dronlarına ehtiyacı olmamalıdır”.
Cavid, BakuPost