Ru
21:47 / 15 May 2026

“Xalq yazıçısının bağışlanmaz Qarabağ yanlışı” - Video

“Xalq yazıçısının bağışlanmaz Qarabağ yanlışı” - Video
Eye

Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 24-cü buraxılışının yazılı variantını təqdim edir.

Putinin sülh danışıqları...

– Rusiyanın Ukraynaya hücumundan bəri ilk dəfə Vladimir Putin danışıqlara adekvat reaksiya verdi. Yadınızdadırsa, müharibə başlayanda onların belə bir planı vardı ki, bir həftə ərzində Kiyevdə parad keçirəcəklər. Bu xəyallar suya düşdü və uzun zaman Kreml Ukraynada faşist işğalına qarşı döyüşdüyünü söylədi. Guya hakimiyyəti devirib xalqa bu təhliükədən xilas edirdilər. İndi isə Putin bitərəf bir ölkədə Zelenski ilə görüşüb danışıqlara başlamağa hazır olduğunu bildirir. Bundan da əvvəl Rusiyada parad keçirildi və demək olar ki, keçirilmədi. Hətta mətbuat yazdı ki, Moskvada paradın keçirilməsinə Zelenski icazə verdi. Bu, artıq böyük bir imperiyanın, ən azı imperiyanın azğın işğalçılıq siyaəsətinin iflası deməkdir. Ümid edirəm, Putin bundan da çətin vəziyyətə düşəcək, sülh danışıqları üçün özü müraciət edəcək və Ukraynanın işğal olunmuş ərazilərindən çıxıb gedəcək. Çünki tarixin belə bir qaydası var: şər imperiyalar əvvəl-axır məğlub olur. Hitler də belə oldu, Stalin də. Tanrı şər qüvvələrə heç vaxt qələbə imkanı verməsin. Onsuz da bu qələbə əbədi deyil. Şər heç vaxt əbədi qalib gələ bilməz. Bu, Ukrayna xalqı ilə yanaşı rus xalqının da xilasıdır. Mən o dırnaqarası paradadda bir qadın gördüm, çiynində almanlarla savaşda itkin düşmüş babasının, sinəsində isə uktaynalılarla savaşda itkin düşmüş övladının şəklini tutmuşdu. Bu qadın rus xalqaının ümumiləşmiş obrazı idi. Böyük Rusiya ideologiyasına aldanıb şər istiqamətə yönəlmənin nəticəsi budur.

Paşinyanın Qarabağ siyasəti...

– Daha bir sivil düşüncə ilə işğalçı düşüncənin qarşı-qarşıya gəlməsini biz Ermənistanda görürük. Paşinyanın seçki kampaniyasını mümkün qədər izləyirəm və düzü, məndə heyranlıq doğurur. Məncə, tale Paşinyanı erməni xalqının xilası üçün göndərib. Onun fəailiyyətinin ən təqdirəlayiq tərəfi Azərbaycanın ərazi bütövlüyünə hörmətidir. İkincisi isə birmənalı şəkildə sülhün tərəfində durmasıdır. Seçki kampaniyası vaxtı onun əlində ən böyük silah müharibə təhlükəsidir. Erməni xalqının böyük əksəriyyəti müharibədən bezib, onlar da sülh istəyirlər, yanaşı yaşamaq istəyirlər. Paşinyanla bizim, eyni zamnada Cənubi Qafqazın yaxşı bir gələcəyi var. Ona qarşı çıxan isə Azərbaycanda böyük qətllər törətmiş, Xocalı boyda faciəyə imza atmış köçəryanlardır. Hakimiyyətə gəlib əllərində heç bir güc və resurs olmadığı halda bizimlə müharibə etmək istəyirlər. Köçəryanın ağlı 90-cı illərdə qalıb. Elə bilir Azərbaycan ovaxtkı zəif və yiyəsiz xalqdır, nizamı ordusu yoxdur, nəinki dünyadan, heç türk dünyasından dəstək gəlmir və s. 44 günlük müharibədə təkcə Türkiyə deyil, etiraf edib-etməyən əksər super güclər bizim haqq işimizin tərəfində idilər. Düzdür, müharibə istəmirdilər, lakin bizim başqa yolumuzun qalmadığını da görürdülər və hakimiyyətimiz bu fürsətdən çox ustalıqla istifadə etdi. Sevindirici budur ki, seçkilər yaxınlaşdıqca kəskinləşən Paşinyan ritorikası işləyir və özünə hələ də çoxlu tərəfdar yığır. Seçicilərinin biri ilə açıq söhbətdə çox gözəl sözlər dedi. Dedi, mən erməni xalqaına öz müstəqilliyini qazandırdım və onları Qarabağ düyünündən azad etdim. Düz deyir. Ermənistan həmişə de-fakto Rusiyanın vassalı kimi çıxış edib. Ermənistanı həmişə qondarma “Dağlıq Qarabağ” söhbəti ilə əldə saxlayıblar. Erməni xalqının bu seçkilərdə də səhvə yol verməyəcəyinə, sülhə və dinc qonşulağa səs verəcəyinə inanıram. Hətta düşünürəm ki, sonuncu müharibədə erməni xalqı yox, separatçılar, ekstremislər və şovinistlər məğlub oldular. Erməni xalqı Qarabağ düyünündən xilas olaraq öz müqəddəratını özü təyin etmək imkanı qazandı. Xalq bunu bir daha yüksək dəyərləndirsə, qonşu ölkələrə qarşı ərazi iddalarından əl çəkib sülh və əminamalıq yolunu seçsə, onlar ümçün də, bizim üçün də, bütün Qafqaz üçün də yaxşı nəticələri olacaq və mən həm də bir qələm adamı kimi bunu arzulayıram.

Hantavirus həyəcanı...

– Düzü, əvvəlcə bu mövzuda danışmaqda bir az tərəddüd etdim. Çünki mütəxəssis deyiləm. Lakin sonra maarifləndirmək baxımından nələrsə deməyi lazım bildim. Bildiyiniz kimi, belə bir virus yayıldı, Argentina sularında üzən holland gəmisində üç nəfər həlak oldu. Gəmiricilərdən yayılan bir virusdan söhbət gedir. Hantavirus. Koronavirusdan sonra insnalarda ppandemiya qorxusu yaranıb. Ona görə bu xəbər də cəmiyyətdə xeyli həyəcan yaratdı. Hantavirusun qorxulu bir tərəfi var: müalicəsi yoxdur. Bir də koronavirusda ölüm ehtimalı yüzdə bir idisə, bunda yüzdə otuz, qırx, hətta bəzən əllidir. Yəni şiddətlənən vaxtı virusa tutulan iki-üç adamdan biri ölür. Lakin müsbət tərəfi də var: insandan insana keçmir. Buna görə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, pandemiyaya çevrilmək ehtimalı çox azdır. Azərbaycanın Səhiyyə Nazirliyi də rəsmi açıqlama verdi ki, bizdə hər hansı bir həşəratda virus müşahidə olunmayıb. Yəni bizim həşəratlarımız da ağıllıdır və narahat olmağa dəyməz.

Flora Kərimova, yoxsa Zeynəb Xanlarova...

– Bugünlərdə SSRİ-nin, Azərbaycanın, hətta Ermənistanın Xalq artisti Zeynəb Xalnlarovanın konsert məşqi zamanı bir videosu yayıldı və geniş müzakirəyə səbəb oldu. Həmişə olduğu kimi insanlar bu dəfə də onun haqqında çox yüksək sözlər yazdılar, böyük və əvəzsiz sənətkar olduğunu dedilər. Bu vəsilə ilə heç vaxt baxmadığım daha bir video ilə qarşılaşdım. Sən demə, vaxtı ilə böyük qalmaqal yaşanıb, necəsə mən onu görməmişəm. Xalq artisti Flora Kərimova Zeynəb xanımdan danışır və onun “Sənə qurban” mahnısının sənət olmadığını söyləyir. Mən də təxminən 2000-ci illərin əvvəllərində Zeynəb Xanlarovanın “Nə qaldı” mahnısı haqqında oxşar sözləri yazmış, oynaq musiqinin məzmunca kədəli və ağır sözlərə uyğun gəlmədiyini bildirmişdim. Zeynəb xoşbəxt sovet ölkəsinin xoşbəxt vətəndaşlarının xoşbəxt müğənnisi idi. Ona görə bu cür şən mahnılar oxuyur, insanlarda sevinc-səadət əhvalı yaradırdı. Və biz müstəqilliyimizin 35-ci ilində də anlamırıq ki, Zeynəb xanımın bu qədər tanınması və sevilməsində sovet şişirtməsinin böyük rolu var. Bu gün Flora xanımı dilə gətirən də budur. Bir balaca ayıq olmaq lazımdır. Bu məsələ mətbuatda müzkirə olunub və tmaşaçılar arasında Flora xanımla Zeynəb xanımın müqayisəsi əsasında bir sorğu aparılıb. Zeynəb xanımı seçənlər fikirlərini yalnız bununla əsaslandırırlar ki, o, SSRİ-nin Xalq artistidir. Olmayan bir ölkənin verdiyi fəxri ad bu gün Bakı küçələrdə insanların fikrini formalaşdırır, müstəqil Azərbaycan Respublikasının vətəndaşlarını yenidən aldadır. Zeynəb xanımı sevmək olar, əlbəttə, lakin öz arqumentimizlə. Nə vaxtsa Kremldə oturmuş hansısa rəhmətliyin arqumenti ilə yox. Flora xanım haqqında isə əsasən təyinatı üzrə danışırlar. Filan mahnısını sevirəm, filan çıxışını sevirəm, filan fikrini sevirəm... Biz özümüzə inanmalıyıq. Hansısa dəyərə sovet sisteminin yönləndirməsi ilə yanaşırıqsa, demək öz azad, müstəqil düşüncəmiz formalaşmayıb və köləlikdən hələ də yaxa qurtara bilməmişik.

Xalq yazıçısı Natiq Rəsulzadənin mübahisəli müsahibəsi...

– Xalq yazıçısı Natiq Rəsulzadə çoxdandır mətbuatda görünmür. Ümumilikdə Xalq yazıçısı olsa da Natiq müəllimi çox az adam tanıyır. Görünür, bir az da rus dilində yazmasının təsiridir. Natiq müəllim maraqlı bir müsahibə verdib. Onun bakılı ola-ola zərərli Bakı nostalgiyasına qapılmaması mənə xeyli xoş gəldi. Zərərli Bakı nostalgiyasını hətta bizim böyük kinodramaturq Rüstəm İbrahimbəyovda da müşahidə etmişəm. Bir dəfə demişdi ki, qaçqınlar və məcburi köçkünlər gəlib Bakının qədim ansamblını pozdular. Camaatın yurdu talan olub, qardaşı-övladı şəhid olub, bacısı düşmən əlində girov qalıb, bizim böyük sənətkarımızı da Bakının ansamblı narahat edir. Bəs bu qədər insanın dərdini hara yazaq? Onu kim çəksin? Ondan kim danışsın? Beş dəfə dağılan ansambldan danışanda, bir dəfə də məhv olan insanlıqdan danışmamalıyıqmı? Ancaq bunun qarşılığını da deməliyəm. Gəlmə insanların da bəzən Bakıya qarşı nankor münasibətini müşahidə eləmişəm. Gəlib burda hər şey qazanıblar, heç vaxt çıxıb getmək istəməyiblər, ancaq həmişə öz buz bulaqlarını, göy yaylaqlarını tərifləyib, şəhəri aşağılayıblar. Bununla bağlı bir yazım da var – “Mənim Bakı sevgim”, guglda axtarış versəniz, tapa bilərsiniz. Nə Bakı idealdır, nə gəlmələr. Nə Bakı pisdir, nə gəlmələr. Bu mənada Natiq müəllimin Bakının dəyişməsindən narahatlıq keçirməməsi mənim xoşuma gəldi. O deyir, şəhərlər inkişaf etməli və dəyişməlidir. Etiraf edək ki, bu yaşda bu cür mütərəqqi düşünən adam tapmaq elə də asan deyil.

Lakin başqa bir yerdə fikirlərimiz haçalanır. O deyir ki, zamanlar dəyişir, mövzular dəyişir, qalan canlı insandır, əsərdə canlı insan yaradanda əbədi yaşayır. Lakin bu fikrə yazıçının özünün qələmə aldığı ssenarilərdə əməl olunmur. Məsələn, “Biz qayıdacağıq” filmində muğam musabiqəsində qalib gələn bir gənc musiqi məktəbinə getmir, gedib orduya yazılır. Doğrudan varmı belə biri? Əlbəttə, bədii əsərin prototipinin real mövcudluğu şərt deyil, lakin realist əsərlərdə ümumiləşdirmə aparılır və xarakterik xüsyusiyyətlər əsas götürülür. Yoxsa yazdığımız inandırıcılığını itirib pafosa çevrilir. Eyni ilə “Biz qayıdacağıq” filmindəki kimi... Yaxud mərhum rejissorumuz Eldar Quliyevin çəkdiyi “Girov” filmində erməni əsiri gətirib azərbaycanlı gənc qadının evinə qoyub gedirlər. Ssenarini yazanda sadə bir qarabağlıdan soruşmaq olardı ki, siz erməni girovu gətirəndə onu harada saxlayırsınız? Filmin humnasit ideyasını bəyənirəm, lakin süjet heç cür nandırıcı deyil. Çünki obraz məhz canlı deyil, çünki Natiq müəllim Qarabağ mövzusunu yaxşı bilmir.

Söhbətin gedişində məlum olur ki, bizim hörmətli Xalq yazıçısı gömrük işçiləri ilə bağlı roman da yazıb. Gedib ovaxtkı komitədə görüşüb və müsbət gömrük işçiləri obrazı yaradan bir əsər sifarişi alıb və yazıb.

Lap axırda Natiq müəllim deyir ki, Mədəniyyət Nazirliyində ssenarilərim var, amcaq çəkmirlər. Oradakı məmurların yerinə mən cavab verirəm: Natiq müəllim, əmin ola bilərsiniz, həmin ssenarilərdə məhz canlı insan olmadığı üçün çəkmirlər.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar