Son aramsız yağıntıların Xəzər dənizinə həm mənfi, həm də müsbət təsirləri ola bilər.
Bakupost.az xəbər verir ki, bunu Yeni Sabah-a açıqlamasında Bakı Dövlət Universitetinin İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov bildirib.
Onun fikrincə, Xəzər dənizi böyük su hövzəsi olduğuna görə onun səviyyəsinin dəyişməsi birbaşa su balansı ilə bağlıdır:
“Bu balans isə dənizə daxil olan sularla (çaylar və yağıntılar) buxarlanma arasında yaranan fərq nəticəsində formalaşır. Yəni balans həm müsbət, həm də mənfi istiqamətdə dəyişə bilər”.
Professorun sözlərinə görə, son günlər yağan yağışlar, su balansına müəyyən qədər müsbət təsir göstərə bilər:
“Lakin nəzərə almaq lazımdır ki, Xəzər dənizi çox böyük hövzədir və yağıntılar onun bütün ərazisini eyni dərəcədə əhatə etmir. Hazırda əsas yağıntılar dənizin qərb sahilində müşahidə olunur və bəzi ərazilərdə hətta subasma halları qeydə alınıb”.
Alim qeyd edib ki, su balansında əhəmiyyətli dəyişiklik yalnız o halda mümkündür ki, yağıntılar təkcə qərb sahilində deyil, eyni zamanda şimal, şərq və cənub sahillərini də əhatə etsin və bu proses uzun müddət davam etsin:
“Yəni dənizə daxil olan suyun həcmi, o cümlədən yağıntılar vasitəsilə, geniş ərazi üzrə və davamlı şəkildə artmalıdır. Bu baxımdan, cəmi bir neçə gün və ya bir həftə ərzində yalnız bir sahədə müşahidə olunan intensiv yağıntıların Xəzər dənizinin illik su səviyyəsinə ciddi təsir göstərəcəyi barədə danışmaq üçün əsas yoxdur. Əgər belə yağıntılar aylarla davam edərsə, bu zaman müəyyən təsirdən danışmaq mümkündür”.
Ç.İsmayılov vurğulayıb ki, yay aylarında havanın necə keçəcəyi də mühüm amildir:
“Əgər temperatur yüksək olarsa, buxarlanma artacaq və bu da su balansına mənfi təsir göstərə bilər. Buna görə də hazırkı qısa müddətli yağıntıların Xəzər dənizinin ümumi su balansında ciddi dəyişiklik yaradacağını demək düzgün olmaz”.
Qeyd edək ki, Xəzər dənizinin səviyyəsində müşahidə olunan kəskin azalma rekord həddə çatıb. 2026-cı ilin aprel ayına olan son monitorinqlərin nəticələrinə görə, dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -29.11 metr aşağı enərək, 1978-ci ildəki tarixi minimumu geridə qoyub. Son beş il ərzində dəniz suyunun illik azalma sürəti bəzi dövrlərdə 30 santimetrə çatıb ki, bu da əvvəlki illərin orta göstəricisindən dörd dəfə çoxdur.