Ru
10:00 / 04 Mart 2021

YAP siyasi rəqabətə hazırlanır: Sabiq məmurları gənclər əvəzləyə bilər

1877
Hakim partiyanın gələcək siyasi rəqabətə hazırlandığı iddiası da var

Yaxın günlərdə Yeni Azərbaycan Partiyasının qurultayının keçiriləcəyi barədə xəbərlər yayılıb. Xəbərlərdə deyilir ki, budəfəki qurultayı əvvəlkilərdən xeyli fərqli olacaq. Belə ki, hakim partiyanın İdarə Heyəti və Siyasi Şurasında olan bir sıra tanınmış şəxslər öz postlarından kənarlaşdırılacaq və gənc kadrlar onların yerinə gətiriləcək. Qeyd edilir ki, qurultayda YAP sədrinin 4 müavinindən 2-si öz postu ilə vidalaşacaq. Həmin şəxslərin adları da məlumatda çəkilir: Əli Həsənov (Baş nazirin sabiq müavini), Akif Əlizadə (AMEA-nın sabiq prezidenti).

Hakim partiyanın İdarə Heyətindən kənarlaşdırılacaq şəxslər də bir zamanlar hakim partiyanın əsas simaları olanlardır. Hacıbala Abutalıbov - baş nazirin sabiq müavini, Vaqif Əliyev - mədəniyyət və turizm nazirinin I müavini, Nurlana Əliyeva - Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri, Nizami Xudiyev - Pedaqoji Universitetin kafedra müdiri, Abel Məhərrəmov - (BDU-nun sabiq rektoru), Arif Rəhimzadə və sair fiqurlar var.


Məlumata görə, YAP Siyasi Şurasının üzvlüyündən xaric ediləcək bəzi şəxslərin də kimliyi bəllidir. Məlumata görə, Siyasi Şuranın da tərkibi yenilənəcək. Siyasi Şuradan kənarlaşdırılacaq şəxslər arasında PA-nın sabiq şöbə müdirləri Fatma Abdullazadə və Elnur Aslanov da var.

Maraqlıdır ki, hakim partiyanın rəhbərliyinə daxil olan şəxslər yayılan xəbəri hələ nə təkzib, nə təsdiq ediblər. Kimsə bu barədə danışmaq istəmir.

“AzPolitika.info” saytı isə hakim partiyaya yaxın şəxslərdən birinə istinadən yaxın günlərdə Yeni Azərbaycan Partiyasında çox ciddi dəyişikliklərin olacağı və buna ciddi hazırlıq getdiyini, bəzi səbəblərdən toplantının məxfi saxlanıldığı xəbərini yayıb. Mənbə bildirib ki, YAP İdarə Heyətinin, Siyasi Şurasının və rayon, şəhər şöbə sədrlərinin iştirakı ilə toplantı keçiriləcək. Orada iştirak edəcək şəxslər artıq mərkəzi qərargaha dəvət olunaraq koronavirus testindən keçirilib.


Məlumatda daha sonra qeyd olunur ki, İdarə Heyəti və Siyasi Şuranın partiya rəhbərliyində dəyişiklik aparmaq səlahiyyəti var. Onların üzvləri qurultay səlahiyyətli nümayəndələrdir, habelə rayon-şəhər şöbələrinin rəhbərinin prosesdə iştirakı da veriləcək qərarların legtimliyini tam təmin edir. Yəni partiya rəhbərliyində dəyişikiliyi qurultay keçirmədən də reallaşdırmaq mümkündür: “YAP rəhbərliyi dəyişdiriləcək, sədrin müavinləri, İdarə Heyəti və Siyasi Şuranın əksər üzvləri yenilənəcək, bu postlara parlamentdə təmsil olunan bəzi gənc deputatlar da dəvət oluna bilər. Məsələn, çox güman yaxın günlərdə YAP-a üzv olan keçmiş deputat Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq. Fundamental səbəblərə gəlincə, YAP rəhbərliyindən AMEA ”köhnə qvardiya"ya sıx bağlı olan bütün şəxslər uzaqlaşdırılacaq.

Hakimiyyət rəhbərliyi YAP-ı gələcək siyasi rəqabətə hazırlayır. Bu baxımdan, YAP rəhbərliyində ciddi kadr islahatları dövrün tələbidir".

Bəs tutaq ki, qeyd olunan dəyişikliklər həyata keçirildi, qocalar getdi, gənclər və yeni simalar gəldi. Hakim partiyanın kadrlarının dəyişməsi nəyi dəyişəcək?

Ekspertlər hesab edir ki, Azərbaycan Prezidentinin 2018-ci ildən başlatdığı islahatların hakim partiyanı da əhatə etməsi təbiidir və lazımdır. Partiyanın rəhbər strukturlarına yeni, gənc kadrların cəlb olunması şübhəsiz müəyyən aktivlik yaradacaq. Hökumət daxilində müşahidə olunan yeni idarəçilik sistemi, yeni yanaşma hakim partiyaya da transfer olacaq və bu da YAP-ı yeniləşdirəcək, gücləndirəcək.

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə isə hesab edir ki, istənilən vaxt qurultay keçirmək, təşkilatda yeniliklərə getmək hər bir partiyanın hüququdur. YAP da bu hüquqdan istifadə edəcəksə, buna normal yanaşmaq lazımdır: “YAP hakimiyyətdə olan partiya olduğu üçün onun nümayəndələri də hakimiyyətin müxtəlif qollarında təmsil olunublar. Bu baxımdan da ictimaiyyətdə Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayının keçirilməsi və partiyada yeniliklərin olacağı ilə bağlı məsələyə bir diqqət fokuslanıb. Bu da təbiidir. İllər uzunu partiya funksionerlərinin də dilindən səslənən fikirlər ondan ibarət olub ki, partiyada yeniliklərə gedilməlidir, müəyyən qədər gəncləşməyə üstünlük verilməlidir, kadr dəyişiklikləri olmalıdır. Eyni zamanda hakim partiyanın rəhbərliyində hazırda təmsil olunan şəxslər var ki, onlar son illərdə artıq dövlət və hökumət vəzifələrindən azad olunublar. Gözləniləndir ki, onlar partiyada yeniləri ilə əvəzlənsin. YAP-da bir struktur dəyişiklikləri də ola biləcəyi ehtimalı var. Amma vurğulamaq istəyirəm ki, bütün bunlar hakim partiyanın öz daxili işidir”./Musavat.com
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər