İspaniya hökuməti 500 min qanunsuz miqranta qanuni status vermək üçün yeni tənzimləyici proqram elan etdikdən sonra ölkədə böhran yaşanıb.
Bakupost az Qafqazinfo-ya istinadən xəbər verir ki, sənədlərini təqdim etmək istəyən miqrantlar səfirliklərin qarşısında izdihama səbəb olublar.
Madriddəki Qambiya səfirliyinin qarşısında gecədən etibarən növbəyə duran yüzlərlə insan səhər tezdən təyinatların dolu olduğunu öyrənərək məyusluq yaşayıb. Sosial mediada yayılan görüntülərdə bir qrup insanın səfirlik divarlarına dırmaşdığı, hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin isə asayişi pozmadan nəzarət etməyə çalışdığı görünür.
Prosesin başlaması ölkə daxilində inzibati sistemə təzyiqi artırıb. Kataloniya, Əndəlüs və Asturiya kimi bölgələrdə minlərlə insan rəsmi təsdiq möhürlərini əldə etmək üçün gecəni küçələrdə və hökumət binalarının qarşısında keçirib. Müraciət mərkəzlərinin qarşısındakı böyük növbələr işçilərin və infrastrukturun tələbatını aşaraq dövlət qurumlarını çətin vəziyyətə salıb.