Milli Onkologiya Mərkəzinin uşaq korpusu təzə açılmışdı. Ora ilk təyin olunan anestezioloq mən olmuşdum o vaxt. Və 3 il uşaq onkologiyasında uşaq anestezioloq-reanimatoloqu işləmişəm. Uşaqları çox sevdiyimdən işə başladığım ilk gündən hər dəfə onkoloji uşaq gələndə həddən artıq pis olurdum, digər həkimlər kimi. Hətta dözə biləcəyimə, psixoloji davam gətirəcəyimə əmin deyildim.
Təxmini 2 həftə olar idi işləyirdim ki, çox şirin bir uşaq gətirdilər həkimlər otağına. Qız uşağı idi, təxmini 7-8 aylıq. Yaşı dəqiq xatırlamıram, amma 1 yaşdan az idi. Anası ağlamaqdan süstləşmişdi, səsi batmışdı. İranda müayinələr olunmuşdu, orada müalicəsi mümkün olmamışdı. Uşağı götürüb qucağımızda bir az oynatdıq, əzizlədik. Həmin vaxt onkoloq həkimlər müayinə kağızlarını araşdırırdı. Məlum oldu ki, bu şirin körpədə uzunsov beyində, düz ürək-damar və tənəffüs mərkəzinin üstündə bədxassəli şiş var.
İrandakı və Azərbaycandakı bir çox neyrocərrah baxmışdı, əməliyyatın qeyri-mümkün olduğunu bildirmişdi. Riskli zona olduğu üçün heç bir cərrahi əməliyyat mümkün deyildi.
Otaqdakı həkimlər həddən artıq pis olmuşdu. Bu körpəyə kömək edə bilməyəcəyimizə görə çarəsizlik hissi şəxsən mənə böyük bir stress yaşatdı. Körpə isə bizə baxıb gülümsəyir, dünyadan xəbəri yox idi… Bu şişlə bir-iki ay ömrü qalmışdı.
Uşaq üzrə xüsusi ixtisaslaşmış şüa terapevti Asif Nəsirlini konsiliuma çağırdılar. Mən həmin vaxt bu cavan, mehriban həkimi ilk dəfə görürdüm. Hamımız nəfəsimizi saxlayıb onun nə deyəcəyini gözləyirdik. MRT plyonkalarına diqqətlə baxdı, dedi ki, köməklik etmək mümkündür. Onun optimist cavabından sonra xeyli ümidləndim, sevindim. Məndən şüa terapiyası stolunda təxmini 15 gün ard-arda narkoz verə biləcəyimi soruşdu. Məndən tələb o oldu ki, hər dəfə uşaq qətiyyən tərpənməməlidir. Şüa dəqiqliklə uzunsov beyinin üzərindəki şişə fokuslanmalı idi. Azca hərəkət hədəfdən kənar toxumaların – həyati vacib mərkəzlərin zədələnməsinə səbəb ola bilərdi.
Mən hazırlığıma başladım. Səhəri gün uşağa ilk venadaxili sedasiya verdim. Çox riskli idi, çünki elə doza seçməli idim ki, həm uşaq dərin yatsın, həm də o dərinlikdə olmasın ki, tənəffüsü pozulmasın. Əlavə çətinlik o idi ki, mən uşağı yatırdandan sonra otağı tərk etməli idim.
2 həftədən çox hər gün səhərlər bu uşağı anesteziya etdim şüa otağında. Asif Nəsirli isə həm mürəkkəb radiotexnika ilə işləyir, şişin üzərinə şüa verirdi, həm də mənə anesteziyada köməklik edirdi. Onunla birgə ilk dəfə həmin otağa kamera qoyduq, kameranı monitora tərəf çevirdik ki, uşağı otaqdan kənarda izləyə bilim.
Qısaca deyim, bu ilk uşaq xəstə idi ki, şüa mərkəzində sedasiya edirdim. Əziyyətimiz hədər getmədi. Həmin qız sağaldı. Şiş tamamilə yoxa çıxdı. Asif Nəsirli o balaca körpənin həyatını xilas etmişdi.
İşlədiyi 18 il ərzində yüzlərlə uşağa şüa müalicəsi tətbiq etdi. Çox savadlı idi, dəfələrlə ondan məsləhətlər almışam, tam təmənnasız kömək edib. Kimləri onun yanına göndərmişdim, hamısı yerlə göy qədər ondan razılıq edirdi.
Asif Nəsirli çox mehriban, sadə, işgüzar həkim idi. Kollektivin sevimlisi idi.
Bütün onu tanıyanlar təsdiqləyər ki, o necə humanist, dəyərli biri idi. Heyif…
Azərbaycan xalqı belə gözəl həkimi itirdi.
Şahin Məmmədov
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində anesteziologiya şöbə müdiri