Ru
23:52 / 01 May 2026

Azərbaycanda ölüm yarışı - Görək, kim tez “öldürəcək”?

Azərbaycanda ölüm yarışı -  Görək, kim tez “öldürəcək”?
Eye

Ötən gün Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində yaralanan həkimin vəziyyəti ilə bağlı gün ərzində ziddiyyətli məlumatlar yayılıb.

Bakupost.az xəbər verir ki, bəzi mənbələr onun öldüyünü iddia etsə də, qısa müddət sonra bu xəbərlər təkzib olunub. Gün ərzində isə eyni ssenari bir neçə dəfə təkrarlanıb – “öldü”, “yaşayır”, “vəziyyəti ağırdır” kimi bir-birini təkzib edən informasiyalar çaşqınlıq yaradıb.

Və təbii ki, bu, ilk belə hal deyil.


Ölmədən “öldürülənlər”

Bu tip hallar Azərbaycan ictimaiyyətinə də yaxşı tanışdır.

Məsələn, millət vəkili Qənirə Paşayeva ilə bağlı hadisə hələ də hamının yadındadır.
Onun vəziyyəti ağırlaşdığı günlərdə sosial mediada və bəzi saytlarda dəfələrlə “vəfat edib” xəbərləri yayıldı.

Ailə üzvləri və yaxınları bu məlumatları təkzib edərək bildirmişdilər ki, yayılan xəbərlər həqiqəti əks etdirmir və deputatın vəziyyəti ağır olsa da, yaşayır. O, reanimasiyada, süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə idi.

Lakin cəmi bir neçə gün sonra artıq onun vəfat etdiyi rəsmi şəkildə açıqlanmışdı.

Oxşar vəziyyət Xalq artisti Arif Babayev ilə bağlı da yaşanmışdı.

Onun ölüm xəbəri əvvəlcədən yayılmış, daha sonra təkzib olunmuş, bir müddət sonra isə bu xəbər təsdiqini tapmışdı.

Meyxanaçı Ağa Kərim barədə də sosial mediada dəfələrlə oxşar xəbərlər dövriyyəyə buraxılıb.
Belə misalların sayını istənilən qədər çoxaltmaq olar.

Əslində, nə baş verir, tibbi reallıq nədir?

Həkimlərin sözlərinə görə, belə ziddiyyətli məlumatların əsas səbəbi xəstənin kritik və “ölümlə sərhəd” vəziyyətdə olmasıdır.

Bu hallarda ən çox rast gəlinən mənzərə belədir: beyin funksiyaları faktiki dayanır (beyin ölümü), ürək və digər orqanlar aparat vasitəsilə fəaliyyətini davam etdirir, xəstə geri dönüşü olmayan mərhələyə daxil olur…

Belə xəstə haqqında “ölüb” demək hüquqi baxımdan tez ola bilər, “yaşayır” demək isə reallığı tam əks etdirmir.

Yəni paradoks yaranır: hər iki tərəf müəyyən mənada haqlıdır.


“Geri dönüş yoxdur” mərhələsi

Mütəxəssislər bildirir ki, bu vəziyyətə düşən xəstələr artıq əvvəlki həyata qayıtmır.

Bu, bir neçə saat, gün, bəzən isə daha uzun müddət çəkən prosesdir. Yəni faktiki olaraq ölüm baş verir, sadəcə rəsmi təsdiq müəyyən gecikmə ilə verilir.

Qisası, belə faciəli durumlarda insan əvvəl xəbərlərdə “ölür”, sonra isə həyatda…

Azər
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar