Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə rəsmi səfər etməyə hazırlaşır.
“Bakupost” xəbər verir ki, səfər bu həftə ərzində reallaşacaq.
Bildirilir ki, səfər çərçivəsində sülhlə bağlı görüş nəzərdə tutulub. Danışıqlardan sonra habelə, ABŞ Prezidenti Donald Trampla görüş də gözlənilir.
Siyasi şərhçi Elçin Xalidbəyli
Bakupost.az-a bildirib ki, Zelenski və onun komandasının ABŞ-yə yenidən səfər etməsi heç də təsadüfi deyil. Ekspertə görə, burada son zamanlar Ukrayna savaşı ətrafında baş verən kifayət qədər ciddi dəyişikliklər öz sözünü deyib:
“Əsas dəyişikliklər isə odur ki, Rusiyanın dərinliklərinə endirilən sarsıdıcı zərbələr artıq real nəticələr verməyə başlayıb. Hansı ki, bu nəticələr Rusiyanı ciddi şəkildə zəiflədir. Rusiyanın enerji infrastrukturu dağılmaq həddinə çatıb. Qərb mütəxəssislərinin hesablamalarıan görə, Rusiya öz infrastrukturunun təxminən 40-50 faizini itirib. Yəni Moskvanın sülh danışıqları masasında əli zəifləyir”.
Müsahibimizə görə, Ukrayna Prezidenti Zelenski üçün yaranmış əlverişli situasiya da bu səfəri vacib edib:
“ABŞ Prezidenti Donald Tramp Kiyevə dəstək vəd edib. NATO-nun Ankara sammitində Tramp Avropa ölkələrindən bəzi güzəştlər qopardı. Əvəzində, Ukraynaya ciddi dəstək vəd etdi. Buna paralel olaraq, o Rusiyaya qarşı sanksiyaların gücləndiriləcəyini də bəyan etdi. Bu da onu göstərir ki, Zelenski üçün daha əlverişli situasiya yaranır. Ona görə də Ukrayna Prezidenti ABŞ-yə səfər etməklə bu əlverişli situasiyadan istifadə etmək niyyətindədir. Bu baxımdan, Zelenskinin ABŞ-yə səfərinin pozitiv nəticələr verəcəyini düşünmək olar”.
Rüfət Sultan,
BakuPost