Ukrayna prezidenti Vladimir Zelenski dörd illik müharibənin başlanmasından sonra ilk dəfə Banqova küçəsindəki bunkerdəki kabinetini nümayiş etdirib.
BakuPost.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi “Telegram” səhifəsində video yayımlanıb.
Zelenski videoda bildirib ki, bu kiçik bunker onun müharibənin ilk günlərində dünyada liderlərlə apardığı danışıqların mərkəzi olub:
“Bu kabinet, bu kiçik otaq Banqova küçəsindəki bunkerdə, müharibənin başlanğıcında mənim dünyadakı liderlərlə ilk danışığımı keçirdiyim yer oldu. Burada prezident Bayden ilə danışdım. “O mənə dedi ki, “Vladimir, təhlükə var, siz dərhal Ukraynanı tərk etməlisiniz. Biz sizə kömək etməyə hazırıq”. Mən isə cavab verdim ki, mənə taksi yox, silah lazımdır”.

Ukrayna Prezidenti əlavə edib ki, bunker o zaman hər gün yüzlərlə insanla dolu idi:
“Biz heç vaxt bu obyektin nümayişi etdirməmişik. İndi boşdur, amma müharibənin əvvəlində burada yüzlərlə insan vardı. Mən burda işləyirdim, sonra yuxarı qalxıb insanlara müraciət edirdim. Burada komandamız, hökumət, gündəlik müşavirələr, zənglər, qərarlar verilməsi üçün lazım olan bütün şeylər var idi ki, Ukrayna ayaqda dayana bilsin.”

Zelenski videoda həmçinin vurğulayıb ki, həmin bunker onun və komandasının strateji qərarlar, koordinasiya və dövlət idarəçiliyinin mərkəzi olub və müharibənin ilk kritik günlərində Ukrayna üçün həyati əhəmiyyət daşıyıb.
Cavid, BakuPost