Xəbər verdiyimiz kimi, qızıl artıq hər gün deyil, az qala hər saat rekord yeniləyir. Əvvəllər qiymətli metal bazarındakı illik-aylıq nəzərdə tutulan maksimum qiymət indi bir həftə davam gətirmir. Məsələn ABŞ-ın məşhur investisiya bankı “Goldman Sachs Group Inc.” ötən həftəsonu qoyduğu 5500 dollarlıq psixoloji hədd bu həftənin ortasında keçildi. Qısacası qızıl son 1 həftədə 500 dollardan çox bahalaşdı.
Bəs, bütün bu hadisələrin birbaşa təsirləndiyi qızıl-zinət bazarında vəziyyət necədir?
Bakupost.az-ın əməkdaşı bu suallara cavab almaq üçün, tanınmış zərgər Ravil Rzayevə müraciət etdi.
– Ravil bəy, bildiyiniz kimi qızıl növbəti rekordu qırıb. Qiymətlər unsiya üçün (təxminən 28.34 qram) 5600 dollar civarındadır. Daha dəqiq desək 5575 dollardır. Azacıq hesablama aparsaq, qramı 334 manata çıxır. Amma zərgər məmulatlarında bu özünü göstərmir.
– Sizin hesabladığınız o 334 manat 999 əyyarlı qızıla aiddir. Qızıl məmulatları isə 750-585 əyarlı olur. Və satışa görə deyirsinizsə, müştəri qızılını təklif etdiyi qiymətlər də bahalaşıb. 585 əyarlı xammal qızılın bugünkü qiyməti 167 manatdır. Amma müştərinin öz satdığı mal istifadəyə yararlı olanda 177-180 manata alırıq. 585 əyarlı yeni qızıl məhsulu isə 220-230 manata satılır.
Ortalıqda olan 30-40 manatı siz dediyiniz kimi uçurum deyil. Bu məbləğə yeni modellərdəki işçilik, vergi və s. kimi xərclərdir. Müştərilər bəzən elə başa düşürlər ki, qızılı bizdən 167 manata alıb, 220-yə satırsınız. Biz satdığımız yeni modellərdə müəyyən xərclər var. Amma müştərinin satdığı zərgərlik məmulatının 99 faizi xammaldır.
– Qiymət artımından sonra nə qədər bahalaşma yaranıb?
– Son qiymət artımından sonra 2-3 ay bundan əvvəllə müqayisədə 58 faiz artım var idi. Qiymətlər dəhşətli dərəcədə qalxıb. Son bir ildə 100% artım var.
– Zərgərlik məlumatlarının satışında qiymətlər nə yerdədir?
– Satışda hər gün bahalaşma var. Qiymətlər gündəlik 10 manat bahalaşır. Hazırda 750 əyarlıq qızıl məmulatı 300 manata qalxıb. Halbuki bir ay qabaq 230-240 manat idi. 10 qramlıq 750 əyarlıq yeni üzüyün qiyməti 3000 manatdır. Həmin o alınan üzük səhərisi gün satılsa qramında 10-15 manat aşağısı götürəcəklər. Əgər həmin üzüyü yarasız halda satsanız, qramı 217 manata olacaq, yəni, 2170 manata olacaq. Hazırda 750 əyarlı istifadəyə yararlı qızıl məmulatının qramı 270-275 manatdır.
– Ümumiyyətlə, zərgərlik bazarında necədir?
– Bazar demək olar ölüb. Əvvəl 1000 manata 5 qramlıq qızıl məmulatı alınırdısa, indi 1000 manata 3 qramlıq üzük almaq olmur.
– Bir il əvvəl ilə indinin arasında nə qədər fərq var?
– Qızıl bahalaşdığına görə alıcılıq qabiliyyəti də düşüb. Əvvəl ayda 3-5 məhsul satırdıqsa, indi 1-2 dənə sata bilmirik. Müştəri gəlib görür ki, 3 gün bundan qabaq 2300 manata bəyəndiyi mal indi 2600 manat olub. Fikrini dəyişib gedir. Ancaq məcburiyyətdən və ya toy edən adamlar qızıl məmulatı alır. Gündəlik qızıl istifadə edilən adamlar elə də yaxın gəlmir.
Şəxsən mən istəyirəm ki, qızılın qiyməti təzədən ucuzlaşsın. Çünki bizim üçün fərq eləmir. Zatən biz qızılın qramında 5-10 manat qazanırıq. Yəni, zinət əşyası qramı 35 manat olanda da 10 manatımızı qazanırdıq, 350 manat olanda da. Məsələ ondadır ki, qiymət qalxır, alıcılıq qabiliyyəti düşür.
Əvvəl ayda 10 ədəd mal satıb, qramında 10 manat qazanırdıqsa, indi 2 dənə mal satanda sevinirik. Hamı elə bilir ki, qızıl satanlar milyarder olub. Əslində elə deyil. Çünki biz ticarətçiyik, sərmayəçi deyilik. Sərmayəçi olsaq, qızılı satmaq üçün yox, alıb yatırım kimi saxlasaydıq, onda qazanardıq.
Cavid, BakuPost