BakuPost.az saytının əməkdaşı bu muzeyi ziyarət edib, təəssüratlarını qələmə alıb.
Qaranlıq dəhlizdən zülmət tariximizə
Bu layihənin həyata keçirilməsi möhtəşəm addımdır. Bu fikr içəri keçmədən də, elə muzeyin girişində formalaşır.
Pilləkənlərdən qapıya qədər uzanan yol başdan-başa tarixi sənədlərin fonunda formalaşdırılıb.
Muzeyin rəhbəri Mirabbas Məmmədov həm muzeyin fəaliyyəti barədə həm də repressiya illərinə aid olan hadisələri elə burada yaradılmış praktiki şəraitlə geniş şəkildə izah edir; gözlərimə inana bilmirəm, buradakı insan maketləri, divara oyulmuş heykəllər, qaranlıq və ya yarı işıqlı otaqlar... Hiss edirəm ki, içimdə xüsusi bir ürpərti, qorxu hissləri baş qaldırır. Düşünün, bu gün hələ o dövrləri əks etdirmək üçün yaradılmış bu muzey insanda belə hisslər yaradır, amma göstərilənləri real həyatda yaşayan ziyalılarımız, aydınlarımız və insanımız repressiv işgəncələrin hər üzünü məhz burada canlı olaraq yaşayıblar. Bu yaşıma qədər bir sıra muzeylərdə olsam da, ilk dəfə idi ki, belə əvəzolunmaz bir məkandaydım. Oradakı ab-hava tərifolunmazdır.
Burada repressiya qurbanlarının sürgünə gedərkən özləri ilə apardıqları şəxsi əşyalarının olduğu çamadanlardan formalaşdırılmış xatirə abidəsi, həmin dövrə aid olan faktiki sənədlər, işgəncə və saxlama kameraları, repressiyanın ağrısını nümayiş etdirən sənətkarlıq nümunələri öz yerini tutub. Repressiya qurbanlarını xatırladan insan fiqurları kənardan baxan ziyarətçi üçün məsələnin ciddiyyətini özündə əks etdirir.
...Yavaş-yavaş dar ensiz koridor vasitəsilə muzeyin əsas zalına gəldik. Burada işgəncə kameraları, divara həkk edilmiş "Ümid işığında" və "Repressiya burulğanı" adlı kompozisiyalar yerləşirdi.
Kameralarda ümidsiz və bitkin halda ölümünü gözləyən zəncirə vurulmuş insan fiqurları var. İnsanlar buradan karsa aparılıb, orada danışmaları üçün müxtəlif işgəncələrə məruz qalıblar.
"Ümid işığında"
Bu kompozisiya yan divara tamamən həkk edilib. Ziyarətçilərə verilən mesaj isə çox maraqlıdır. Belə ki, kamerada olan insan qapıdan qaranlıq otağa daxil olan işığın ardıyca çıxıb getmək istəsə də “cinayətkar delo”ları ona mane olurdu.
"Repressiya burulğanı"
Dar, uzun yol repressiyanı xatırladır. Bura düşmüş insanlar isə artıq yavaş-yavaş burulğanda məhv olub gedirdilər.
Fərqli həyatların, yaşanmışların fonunda hazırlanmış sənədlər lövhəsindən birinə yaxınlaşdıq. “Danışan sənədlər” adlanan bu lövhədə repressiyanın həyata keçirilməsinə dair 1920-1930-cu illərdə qəbul edilmiş sənədlərin surətləri verilib. Azərbaycanda repressiyanı “qanunlaşdıran” ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 1920-ci il 26 may tarixli əmri diqqətimi cəlb etdi. Sənəddə əks olunan əmrdə deyilir:
“Hansı evdən güllə atılsa, həmin ev top atəşinə tutulacaq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər”.
Elə bu əmri oxumaq kifayət edir ki, həmin dövrdə xalqımızı hədəf alan xüsusi amansızlığın nə dərəcədə güclü olduğunu anlayaq.
Diqqətimi çəkən ikinci bir sənəd SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1934-cü il 1 dekabr tarixli qərardır. Həmin qərara əsasən terror aktlarına görə cinayət işlərinin istintaqı və baxılması 10 gündən artıq olmayan müddətdə başa çatdırılmalı, dindirmələr tərəflərin iştirakı olmadan aparılmalı idi.
Mirabbas bəy bildirir ki, bu işlər üzrə hökmlərdən kasasiya şikayəti, həmçinin əfv haqqında vəsatətlərə yol verilməyib, ölüm cəzası haqqında hökm qəbul edildikdən sonra isə dərhal yerinə yetirilib.
“Danışan sənədlər” lövhəsinin yanında bir başqa lövhə repressiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə həsr olunub. Həmin xatirə lövhəsində həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar – Həbib bəy Səlimov, Firudin bəy Vəzirov, Süleyman bəy Sulkeviç və başqaları, həm də sovet Azərbaycanının hərbçiləri – general Cəmşid Naxçıvanski, general Qambay Vəzirov, polkovnik Qalib Vəkilov, polkovnik Məmməd Veysov, polkovnik Seyfulla Mehdiyev və başqaları haqqında fotoşəkillər, məlumatlar və tarixi sənədlər əks olunub.
"1920-50-ci illərdə mövcud olmuş işğal rejiminin apardığı siyasət nəticəsində on minlərlə insan repressiyaya məruz qalıb. Belə ki, repressiya qurbanları arasında ictimai və dövlət xadimləri, elm, mədəniyyət, incəsənət nümayəndələri, sıravi vətəndaşlar günahsız yerə zindanlara atılıb, güllələniblər. Həmin illər Azərbaycan tarixinin ən acı səhifələrindən biri kimi tariximizə qanlı hərflərlə həkk edilib. 1925-ci ildən sonra dövlətin əsas repressiv orqanları bu gün Azərbaycan Respublikasının Dövlət Sərhədi Xidmətinin yerləşdiyi həmin bu binada fəaliyyət göstərirdi. Elə bu səbəbdən də tariximizə biganə qalmayan Dövlət Sərhəd Xidməti həmin binanın zirzəmisində repressiya qurbanlarının xatirəsinə ehtiram və yaxın keçmişimizin qanlı səhifələri haqqında gənc nəslin nümayəndələrinin düzgün məlumatlandırılması üçün bu möhtəşəm muzeyi ərsəyə gətirdi”.
İkinci lövhə 1920-ci ilin yanvarında təhsilini davam etdirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avropaya göndərilən gənclərin vətənə qayıdandan sonra məruz qaldıqları repressiyalara həsr edilib. Sənədlərdən birində yazılan yazını oxuyub dəhşətə gəldim. Vətənə qayıdan 56 ali təhsilli mütəxəssisin 38-i güllələnib, digərləri isə sürgün edilib. Bir anlıq düşündüm ki, bu ziyalılar sağ qalsaydı və Cümhuriyyətimiz işğal olunmasaydı, bəlkə də hər şey tam fərqli olardı. Elə bu fikirlə yavaş-yavaş üçüncü lövhəyə doğru gəlirəm.
Lövhədəki yazılar və fotolar siyasi repressiyaya məruz qalmış qadınlara həsr edilib. Başda güllələnmiş beş qadının adı və fotoları, haqlarında qısa və öz məlumat verilib. Həmin qadınlar Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanova idi. Baxmayaraq ki, Ayna Sultanovanın adı sonda qeyd olunmuşdu, amma mənim gözümə ilk toxunan onun adı oldu. Ayna Sultanovanı bir çoxumuz tanıyırıq. 1917-1918-ci illərdə bolşeviklərlə sıx əməkdaşlıq edib, 1918-ci il Mart soyqırımı zamanı bolşevik mövqeyini dəstəkləyən biri kimi. Amma sonralar onun uğrunda çalışdığı rejim, Ayna Sultanovanı elə vağzalda həbs edir. Daha sonra isə Xüsusi mühafizə dəstəsinin müşayiəti ilə Bakıya gətirilmiş və SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 iyul tarixli hökmü ilə ən yüksək cəzaya - güllələnməyə məhkum edilib.
Yəni repressiya aydınlarımızdan ziyadə, həm də onları kommunizm rejiminə satanlardan da yan keçməyib. Belə ki, həmin dövrdə olmasa da sonralar sovet rejiminə xidmət etmiş kim vardısa hər biri ya zəhərlənib, ya güllələnib, ya da sui-qəsd nəticəsində öldürülüb. Bəziləri sonradan peşman olsa da artıq gecikdiklərinin fərqinə varıblar.
Həmin qadınlar lövhəsində kommunistlərin deyimiylə desək “xalq düşmənləri”nin islah-əmək düşərgələrinə sürgün olunmuş həyat yoldaşları haqqında məlumatlar da öz əksini tapıb. Lövhədə qadınların həbsi və cəzası ilə bağlı sənədlərin surətləri yerləşdirilib. Tanınmış şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin himayəsində dörd azyaşlı uşaq olmasına baxmayaraq, sürgün edilməsi haqqında sənədin surəti də lövhədə yer alıb. Qadınların repressiyasına həsr olunmuş daha bir lövhədə " Vətən Xainləri Qadınları"nın Akmola Düşərgəsində cəza çəkmiş 44 azərbaycanlı qadın haqqında məlumat verilib.
Otağın bu hissəsindəki lövhələri bir-bir incələdikdən sonra geriyə döndüyümdə qiymətli və dəyərli istiqlal şairimiz, böyük dramaturq Hüseyn Cavidin tablosunu gördüm. Elə bu anda ağlıma şairin məşhur və çox sevdiyim əsərindən bir bənd yadıma düşür:
İblis nədir? Cümlə xəyanətlərə bais…
Ya hər kəsə xain olan insan nədir? İblis!…
Bu geniş tablo sadəcə Hüseyn Cavidə həsr edilib. Təqdim edilən sənədlərdə dahi mütəffəkirimizin sovet dönəmində üzləşdiyi repressiyalar barədə sənədlər əks olunub. Yazılardan birində qeyd edilir:
"1938-ci ildə həbs olunaraq "əks-inqilabi əlaqələr saxlamaq", "bir sıra müsavatçılarla müsavatçı söhbətlər aparmaq", "öz ətrafında millətçi düşüncələrlə köklənmiş cavan şairləri toplayıb müsavatçı ruhda təkmilləşdirmək" kimi cinayətkar əməllərinə görə 8 il islah əmək düşərgəsinə məhkum edilsin".
Əmr 9 iyun 1939-cu ildə verilib. O, 1941-ci ilə kimi canından çox sevdiyi vətən torpağından minlərlə km uzaqda, İrkutsk vilayətinin Tayşet rayonununda qalıb, elə həmin ildə də vəfat edib. Ölümündən sonra isə 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət alıb.
Beşinci lövhədə Azərbaycan ziyalılarının məruz qaldıqları repressiyalardan bəhs edilir. Buraya şair Mikayıl Müşfiq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mirzə Şərifzadə və digərlərinin güllələnmələri barədə aktların və arayışların surətləri qoyulub.
Altıncı lövhə repressiya dövrü barədə olmasa da elə düşünürəm ki, bu özü də xalqımıza qarşı törədilmiş repressiyanın bir növü olub. Belə ki, burada azərbaycanlıların Ermənistandan deportasiyasına xüsusi diqqət ayrılıb. Həmin lövhədə Sovet İttifaqı Kommunist Partiyasının və SSRİ-nin icra orqanlarının Azərbaycanda yaşayan almanların və İran təbəəsi olan azərbaycanlıların respublikadan çıxarılmaları haqqında sənədlərin surətləri də yerləşdirilib. 1920-ci ildən başlayan siyasi repressiyaların ilk qurbanları Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış simaları - parlament və hökumət üzvləri olublar. Bir çox müsavatçıların və ittihadçıların güllələnməsi və sürgün edilməsi barədə sənədlərin surətləri bolşeviklərin siyasi rəqiblərinə qarşı nə qədər amansız olduğundan xəbər verir. Həmin illərdə Azərbaycanın qabaqcıl ziyalılarının məruz qaldıqları siyasi repressiyaların təşkilində Azərbaycanın repressiv orqanlarında o dövrdə məsul vəzifələr tutan milliyyətcə erməni olan şəxslərin böyük rolunun olması da qeyd edilib.
Əsas otağı tərk edərək dəhlizə çıxırıq. Divarın sol tərəfində və qarşımda yarı hissəsi divarda, yarı hissəsi isə divar xaricində yerləşən heykəllər var. Bu, qanunsuz həbsə etirazı və azadlığa can atmanı simvolizə edir.
İki koridorun kəsişməsindən sağda və solda otaqlar var. Öncə sağdakı otağa daxil oluram. Muzeyin bu hissəsi kitabxanadır. Kitabxanada bir stol və 6 stul var.
Mirabbas müəllim deyir ki, muzeyin kitabxanası universitet tələbələrinin üzünə açıqdır:
"Bu mövzu barədə diplom və elmi işləri, tapşırıqları varsa gəlib burda oturub işləməkdə sərbəstdirlər. Tam təmənnasız, könüllü şəkildə onları qonaq etməkdən məmnuniyyət hissi duyarıq".
Otaqdan başqa otağa keçirik. Divar oyulma daşlar, tikanlı məftillər və bu məftillərə sancılmış repressiya qurbanlarının şəkillərindən ibarətdir. Otağı tərk edib keçirik "karsa", yəni soldakı otağa. Otaq tamamən qaranlıqdır. Sadəcə giriş qapısının üstündə səssiz siqnalzasiya var tez- tez yanır və sönür. Qarşımda isə 3 ayrı-ayrı “kars” otağı. Uzun və ensiz olan bu otaqlara salınan məhbuslar dindirilir, əgər etiraf etməzdilərsə oturduqları yeri sulayar (otura bilməsinlər deyə) və ya yeməyi qadağa edərdilər.
“Kars”ın ümumi otağından "Güllələmə otağı"na yol uzanır. Otağın girişində tibb bacısı əyləşib. Fəaliyyəti bundan ibarətdir ki, cənazəni “müayinə” edir həqiqətən ölübsə sənədə imza atır və kütləvi basdırılma ərazisinə göndərir.
*
Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Sənədlərin bəziləri Rusiya arxivlərindən, bəziləri isə Qazaxıstanın “ALJİR” siyasi repressiya muzeyi tərəfindən təqdim olunub. Muzeyin ekspozisiyasının hazırlanmasın üçün Mədəniyyət Nazirliyi və AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu tərəfindən də kömək göstərilib.
Dövlət Sərhəd Xidməti muzeyin fəaliyyətinə kömək məqsədilə siyasi repressiya qurbanlarının nəvə və nəticələrini, yaxın qohumlarını əməkdaşlığa dəvət edib, muzeyin fondlarının zənginləşdirilməsinə töhfə verə biləcək hər bir təşəbbüsü dəstəkləyir.
Bildiyimiz kimi Dövlət Sərhədi Xidməti hər zaman tariximizə, qan yaddaşımıza və zəfər səhifələrimizə xüsusi yer verib. Elə ən yaxın tarixdə baş vermiş “Milli Qurtuluş günü”nün 26-cı ildönümündə uzunluğu 5km 100m olan Dövlət Bayrağı yürüşü buna ən böyük nümunədir. Dövlət Sərhədi Xidməti döyüş tapşırığını mükəmməl aparmaqla yanaşı tariximizə də biganə qalmır, qayğısını əsirgəmir. Düşünürəm ki, rəhbərliyində general polkovnik Elçin Quliyev kimi vətən, millət, bayraq sevdalısı olan bir komandirin şəxsi heyyətindən də elə bu gözlənilən idi. Tarixi hər zərrəsində yaşadan bu müdhiş muzey üçün təşəbbüskar olan cənab general-polkovnikə xalqımız və Azərbaycan gəncliyi adından minnətdarlığımı bildirirəm.
"Siyasi repressiya qurbanları muzeyi" gələcəkdə bu tip layihələrin hazırlanması yolunda digər dövlət qurumlarına da stimul olacağına əminəm.
Fəqan Muxtarlı
BAKUPOST
Məlumat üçün çox sağ olun. Deyəsən ünvan göstərilməyib. Ünvanı da yazsanız yaxşı olar.