11-ci sinfə qədər 70 min şagird hara “itir”? - Ekspert

  • 25 Sen 2019 20:23
  • 572 Baxış
 11-ci sinfə qədər 70 min şagird hara “itir”? -   Ekspert
“3” alan şagird məktəbin öz göstəricisidir, ali məktəbə qəbul olan şagird isə repetitorların əməyinin məhsuludur. Məktəb rəhbərliyi statistikanın dalınca qaçaraq zəif uşaqlardan can qurtarmağa çalışır. Məktəb rəhbərliyi zəif oxuyan uşaqları peşə məktəblərinə yönəltmək istəyirsə, onların 10-cu sinifdə oxumasına maneə yaratmamalıdır, həmin uşaqların peşə məktəbinə yönəldilməsi üçün təbliğat aparmalıdır.

BakuPost-un məlumatına görə, bu sözləri Axar.az-a təhsil eksperti Elşən Qafarov məktəb rəhbərlərinin zəif oxuyan şagirdlərin 10-cu sinfə keçməsinə problem yaratmasının səbəbləri barədə danışarkən deyib.


E.Qafarov hesab edir ki, məktəblər düzgün təbliğat aparmır və hələ də peşə məktəblərini “cərimə batalyonu” kimi görürlər:

“Təhsil nailiyyətləri aşağı olan şagirdlərin peşə məktəblərinə yönləndirilməsini düzgün hesab etmirəm. Niyə məhz təhsil nailiyyətləri aşağı olan uşaqlar peşə məktəblərinə getməlidir ki? Axı peşə məktəblərinə yaxşı oxuyan şagirdlər də gedə bilər. Bunu istiqamətləndirmək məktəbin üzərinə düşür. Məktəb şagird yaxşı oxumadığı üçün onu təhsildən uzaqlaşdırmamalıdır.

Yaxşı olardı ki, 8 və 9-cu siniflərdə məktəb rəhbərliyi zəif oxuyan şagirdlər arasında təbliğat aparsın. Belə olsa, məktəblərin 10-11-ci siniflərində indi istədiklərindən daha yaxşı nəticə əldə edə bilərlər. Çünki bu gün dövlət peşə məktəblərinin infrastrukturunun yenidən qurulması üçün çox böyük işlər görüb. Peşə təhsil mərkəzləri, peşə liseyləri yaradılıb.

Təəssüf ki, bu gün məktəblər sovet illərində olduğu kimi peşə məktəblərinə “cərimə batalyonu” kimi yanaşır. Ona görə aşağı qiymət alan uşaqları peşə məktəblərinə yönləndirirlər. Ancaq zəif oxuyan uşaqların peşə məktəblərinə getməsi yanlış fikirdir. İllərdir bu cür fikir formalaşdığına görə bir çoxları uşağının peşə məktəbində təhsil almasını istəmir”.

E.Qafarov bildirib ki, məktəblər statistik rəqəmlərə görə bu addımı atır və məhz bu statistikaya görə zəif uşaqları məktəbdən uzaqlaşdırır:

“Məktəblər qəbul imtahanları ərəfəsində universitetə qəbul olmuş uşaqların sayı ilə özlərini reklam edirlər. Lakin məktəblər nəzərə almalıdır ki, ali məktəbə girən uşaqlar repetitorların əməyinin nəticəsidir. Məktəb rəhbərliyi şagirdi peşəyə yönəltmək, onun gələcəyini sığortalamaqda maraqlı olmalıdır. Bunun üçün 8 və ya 9-cu sinfin əvvəlindən həmin uşaqlarla, onların valideynləri ilə söhbət aparmalıdır, onlara məlumat verməli, düzgün istiqamətləndirməlidir. Təhsilin əsas vəzifələrindən biri də məhz şagirdi peşəyə yönəltməkdir. Bu vəzifəni də məktəb yerinə yetirir”.

E.Qafarovun fikrincə, peşə məktəbini bitirənlərin əmək bazarında özünə iş tapmaq imkanı daha yüksəkdir, nəinki 4 il ali təhsil aldıqdan sonra işlə təmin olunmaq.

Təhsil eksperti Kamran Əsədovun fikrincə də məktəblər qiymətləri aşağı olan şagirdlərin yuxarı sinifdə olmasını ona görə istəmir ki, məktəbin ali məktəblərə qəbul nəticəsi yaxşı olsun:

“Konkret rəqəmlərə baxdıqda da bəzi məktəb direktorları tərəfindən şagirdlərin təhsilini davam etdirməyə maneə törətdiyini görə bilərik.

Belə ki, I sinifdə 165 min şagird təhsil alır, IX sinfi 122 min, XI sinfi isə 82 min şagird bitirir. Yəni X sinfə 40 min şagird keçə bilmir. Orta ixtisas təhsili müəssisələrinə - kolleclərə qəbul olanların sayının 10 min olduğunu nəzərə alsaq, ümumilikdə 70 mindən çox şagirdin tam orta təhsildən kənarda qaldığı üzə çıxır”.

K.Əsədov bildirib ki, bəzi məktəb direktorlarının şagirdləri peşə təhsili müəssisələrinə yönəltməsi də həqiqəti əks etdirmir:

“Bu pillədə də təhsil almaq üçün qəbul olanlar 7 min nəfər təşkil edir və ümumiyyətlə məktəblər şagirdlərin gələcək təhsili üçün heç bir əməli tədbir görmür.

Nəzərə almaq lazımdır ki, orta məktəb qiyməti şagirdin bilik və bacarıqlarının heç də real qiyməti deyil. Orta məktəbi qızıl medalla bitirmiş, fərqlənmə attestatı almış kifayət qədər şagirdlər var ki, qəbul və buraxılış imtahanlarının nəticəsində aşağı nəticə göstərib. Amma qiyməti “3”-“4” olanlar arasında 600-dən çox bal toplayanlar var”.