Qlobal bazarda qızılın qiyməti rekord səviyyədə olduğu bir vaxtda İtaliyada diqqətçəkən hadisə baş verib.
Bakupost.az xəbər verir ki, minlərlə avro dəyərində olan qızıl külçələri təsadüfən zibil qutusuna atılıb, daha sonra tullantı müəssisəsində tapılaraq sahibinə qaytarılıb.
Hadisə ölkənin cənubundakı Leççe bölgəsində qeydə alınıb. Məlumata görə, 57 yaşlı italyan vətəndaş içərisində hər biri 50 qram çəkidə olan 20 ədəd qızıl külçəsi saxlanılan qabı səhvən məişət tullantıları ilə birlikdə zibilə atıb.
Kişinin illərdir qiymətli metallara sərmayə yatırdığı və təxminən 120 min avro dəyərində qızıl topladığı bildirilir. O, hadisədən bir gün sonra külçələri yanlışlıqla atdığını anlayaraq polisə müraciət edib.
Araşdırma nəticəsində tullantıların Ujento şəhərində yerləşən poliqona daşındığı müəyyən edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə axtarış apararaq, qızıl külçələrinin olduğu qabı aşkar ediblər.
Ümumi çəkisi bir kiloqram olan 20 ədəd qızıl külçəsi sahibinə təhvil verilib.