Xəbər verdiyimiz kimi, Bakıda 29 nömrəli marşrut üzrə hərəkət edən avtobusda təhlükəli anlar yaşanıb. Sərnişin sıxlığı səbəbindən nəqliyyat vasitəsinin qapısının texniki detalı qopub və avtobus bir müddət qapısı açıq halda yoluna davam edib.
Bu barədə görüntüləri hadisə şahidi sərnişinlərdən biri
Bakupost.az -a göndərib.
Bundan başqa sərnişinlər bu marşrut üzrə avtobusların ləngiməsindən və sərnişin sıxlığından da narazılıq edirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, videoda qeyd edilən avtobusun ön qapısının şüşəsi sərnişinlər tərəfindən sındırılıb:
“Avtobus həmin vaxt sərnişinləri son dayanacağa düşürüb istehsalat bazasına qayıdıb. İstehsalat bazasında yaranmış nasazlıq aradan qaldırılıb və avtobus yenidən xəttə buraxılıb, hazırda fəaliyyətini davam etdirir. Daşıyıcıya xəttin nizamlı fəaliyyətinin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi, avtobus sayının sərnişin tələbatına uyğun tənzimlənməsi ilə bağlı rəsmi xəbərdarlıq edilib. Daşıyıcı nizamlı xətti təmin etməsə, marşrut xətti müsabiqəyə çıxarılacaq”.
Lalə Novruz, BakuPost