Ru
18:30 / 04 May 2026

30 illik ömrün “Nizami”yə sığmayan anları - FOTO/VİDEO

30 illik ömrün “Nizami”yə sığmayan anları  - FOTO/VİDEO
Eye

Nizami Kino Mərkəzi, ikinci mərtəbə, böyük zal: hələ tədbirin başlamasına 1 saatdan da çox qalıb. Amma qonaqlar əllərində buket axın-axın gəlirlər. Onların qarşılanması və yerləşdirilməsi işinə məsul olanların üzündən narahatlıq tökülür, zal sürətlə dolur, getdikcə yerləşdirmə çətinləşir.

Qısa müddət sonra boş oturacaq qalmır, lojalarda da yer yoxdur. Artıq “xahişlər” başlayır, gənclər, mərasimin sahiblərinə daha yaxın-doğma olanlar və yaxud “doğma olduqları boynuna qoyulanlar” yerlərini qazilərə, millət vəkillərinə, qardaş ölkələrdən gələnlərə verməli olurlar.

Problem həll olunmur: əlavə oturacaqlar gətirilir, ayaq üstə duranlar, pilləkəndə oturanlar hələ başlamayan tədbirə xüsusi ovqat qatırlar.


Tədbirin səbəbkarı - Azəri-Türk Qadınlar Birliyinin qurucusu, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bu ovqatı duyur və qısa açılış niqtində elan edir: “Əmin olun, bu tədbirdən zövq alacaqsınız və buradan ayrılarkən “nə yaxşı ki, gəldim” deyəcəksiniz”.

Tənzilə Rüstəmxanlının bu əminliyi bütün zala yayılır, bayaq yaranmış qeyri-adi ovqata bir şiddətli maraq da qatır.
Azəri-Türk Qadınlar Birliyinin yaranmasının 30 illiyidir!


Çarx təqdim edilir və 30 illik enişli-yoxuşlu tarix ekranda canlanır:

Təşkilat ölkənin ən ağrı-acılı illərində yaranıb - Ümummilli lider daxili çəkişmələri durdurur, vətəndaş savaşının qarşısını alır, xarici kəşfiyyatların “suladığı” meydanda bitən alaq otlarını, kol-kosu, tikanı bir-bir qoparır, ölkəni təmizləyir.

Bu təmizləmələr dövründə böyük layihələrin və Azərbaycanın gələcəyinin qarşısını almaq üçün fərqli vaxtlarda qiyam cəhdi, silahlı üsyan baş vermişdi. Çünki pərdə arxasında problemlərin kökünü qurutmaq üçün görülən misilsiz işləri, qüvvə, ağıl və müdrikliyi cəmiyyətə fərqli donda çatdırmağa çalışan 5-ci kolon işləyirdi...

Dağılmış iqtisadiyyat, bir milyon qaçqın, çadır şəhərcikləri, daxili çəkişmələr – Həmin vaxt bunlar idi Azərbaycan həqiqətləri. Bir də qarşımızda erməni təbliğatı nəticəsində qulaqlarını, gözlərini bu həqiqətlərə bağlayan dünya var idi...

Bütün bu çətinliklərin içində doğuldu Azəri-Türk Qadınlar Birliyi – Problemlərə sinə gərmək, ölkəmizi firəvan gələcəyə daşımaq üçün Azərbaycan qadını da səfərbər olmaq istəyir, dövlətin yanında durmağa, cəmiyyətə sözünü çatdırmağa çalışırdı.

Üstəlik, ölkədən kənarda haqqımızın müdafiəsi üçün Azərbaycan qadını da səsini ucaltmaq iradəsini ortaya qoyurdu. Böyük yolun təməli həm də Türk dünyasının misilsiz aydını, rəhmətlik Turan Yazqanın xeyir-duası və dəstəyi ilə atılır. Bunlar Azəri-Türk Qadınlar Birliyinin 30 illik fəaliyyətinin ümumiləşdirildiyi 15 dəqiqəlik video-çarxda əks olunmuşdu.

Amma bu çarxda diqqəti çəkən mühüm faktlar elə kadrların özü idi: 1995-ci ildə yaranan, 1996-cı il 3 mayda - Türkçülük Günündə qeydiyyatdan keçən Azəri-Türk Qadınlar Birliyi və onun rəhbəri Tənzilə Rüstəmxanlının fəaliyyətini əks etdirən kadrlarda 90-cı illərin ağır siyasi, iqtisadi görüntüsü vardı:

- Tənzilə Rüstəmxanlı xarici qonaqlarla çadır şəhərciyində;

- Tənzilə Rüstəmxanlı çadır şəhərciyində çörək kəsir - o acınacaqlı durumda yaşayan insanların bişirdiyi yuxa-lavaşı kəsib, əcnəbi qonaqlara təklif edir;

- Xarici ölkələrdə Xocalı harayına çevrilir;

- Rəsmi, qeyri-rəsmi görüşlərdə, saysız-hesabsız mətbuat konfranslarında ölkə həqiqətlərini çatdırır...

Bu çarxda gizlənən ən böyük həqiqət isə budur: yolun başlanğıcında böyük missiyanı çiyinlərinə götürən gənc və gözəl Tənzil Rüstəmxanlı cəmi 15 dəqiqənin içində, hamının gözü önündə “dəyişir”: “Yaşlanır” deməyə dil dönmür, amma doğrudan bu illər və fəsillər saçına sığal çəkib...

Bu çarx - türkçülüyə, millətə, vətənə və xalqa xidmətdə keçən ömrün 15 dəqiqəyə sığan anlarıdır.

Bu ömür böyük amallara xərclənib və xərclənir. Nəticəsini hansısa statistikada axtarmayaq, elə bu zal hər şeyi deyir: Türk dünyasının dörd bir yanından gələn, ürəyi xoş sözlərlər dolu qonaqlar, ömrünü bu millətə fəda etmiş insanlarla ağzına qədər dolmuş salon, ayaq üstə həvəslə dayanan yüzlərlə gənc…

- Milli Məclisin deputatı, komitə sədri Hicran Hüseynova çıxışında təşkilatın gördüyü işləri o dövrün tarixi şəraiti, ab-havası və siyasi proseslərin fonunda təqdim etdi;



- Bahar Muradova 30 illik tarixə şahidlik edən şəxs kimi danışdı və onun nitqi doğrudan-doğruya tarixi çıxış idi.



- Sonra millət vəkili Fəzail İbrahimli, daha sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deput Əziz Ələkbərli çıxış etdi.

Əziz Ələkbərli həm də Tənzilə xanımın yurd həsrətini ümumiləşdirdi.

- Sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Milli Məclisin komitə sədri Fazıl Mustafa çıxış etdi.

“Tənzilə Rüstəmxanlı təkcə türkçülük ideyasını dünyada yaymaqla kifayətlənməyib, eyni zamanda bu ideyanın Azərbaycanda möhkəmlənməsi üçün də real addımlar atıb”. - Fazil Mustafanın bu sitatını yaddaşa yazdıq.


Bu çıxışlar ayrı-ayrı epizodlar kimi yox, sanki əvvəlcədən qurulmuş bir kompozisiyanın hissələri kimi səslənirdi. Hökumət nümayəndələri onun fəaliyyətinin tarixi və siyasi yükünü ortaya qoyur, şəxsi münasibətlər onun insani tərəfini açır, Qərbi Azərbaycan istiqaməti milli yaddaş xəttini göstərir, təhsil mövzusu isə gələcəyə yönəlmiş strateji baxışı tamamlayırdı. Çıxışlardan sonra müxtəlif beynəlxalq təşkilatların təbrik məktubları oxundu.


Bu məktublar tədbirin miqyasını daha da genişləndirirdi – göstərirdi ki, burada deyilənlər təkcə bir zalın deyil, böyük bir coğrafiyanın diqqətindədir.

Bu nöqtədən sonra tədbirin ritmi dəyişdi.

Səhnə Atatürk Liseyinin şagirdlərinə verildi.

İlk səhnələrdə Türk xalqlarının yaranma tarixi təqdim olundu. Boylar bir ağacın budaqları kimi ayrılırdı – bu ideya rəqslə canlandırıldı.

Səhnədə qurulan təsvirlər Orxondan Anadoluya, Altaylardan Qarabağa uzanan böyük bir türk dünyasını xatırladırdı.


Sonra bayraqlar gəldi - Türk dövlətlərinin bayraqları.

Fərqli rənglər, fərqli simvollar… amma eyni kök.

Qədim türk geyimləri, ritmlər, musiqilər dirilik ruhu kimi yayılırdı.

Ardınca plaket təqdimatları başladı.

Adlar səsləndi, alqışlar yüksəldi.

Bahar Qasımova, Telli Pənahqızı, Məlahət Qurbanova, Svetlana Bayramova, Flora Xəlilzadə, Seyfullah Türksoy, Adilə Cahangir, Əntiqə Qonaq, Gülnar Əmirova, Ülviyyə Allahverdiyeva…

Və bir məqam var idi ki, zalın ovqatı dəyişdi.

Qənirə Paşayevanın adı çəkildi. Onun xatirəsinə plaket təqdim olundu.

Sonda təşəkkür edildi.


Xatirə şəkli çəkildi.

Tədbir bitdi, amma insanların axını bitmədi. Bu dəfə oturacaqlara yox, səhnəyə - Tənzilə xanıma təşəkkür etməyə…

Türklər tarix boyu “sığmayan” olub – nə sərhədlərə, nə salonlara, nə də Cahana...

Azər, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar