Ru
08:02 / 15 Avqust 2021

7 gün bələdiyyə sədri olub, 70 həftədir içəridədir…

3974
Xalid Kazımlı

Çox oxuyanlar bilməz, amma çox gəzənlər dəqiq bilir, adam qərib yerdə yuxudan çox tez, lap o başdan durur.

Mən də Kiyevdə, Maydanın lap yaxınlığındakı “Dnepr” otelində, deputat Etibar Əliyevin sözü olmasın, alatoranda yuxudan alayarımçıq ayılanda gördüm ki, otaq yoldaşım Niyaz dizlərini yerə atıb ibadət edir. Amma maraqlısı o idi ki, qulağıma ərəbcə kəlmələr dəymədi, həmkarım duasını öz dilimizdə edirdi. Heç demə, o, ibadətinin ərəbcə deyiləsi yerini icra edib, indi də, necə deyərlər, yerin-göyün sahibindən özəl xahişə keçib.

Niyaz deyirdi: “Ey qadir Allah! Ordan bura yol gəlmişik, sən özün bu qürbət eldə “Qarabağ”ımızın yolunu açıq, işini avand et, bizi burdan ölkəmizə başıaşağı göndərmə. Sənə güvənim sonsuzdur, ey böyük Allahım”.

O duasını bitirəndən sonra ateist damarım bir balaca yoğunladı, soruşdum ki, qardaş, yəni bu müraciətin bir xeyri olacaqmı. Niyaz baxdı, baxdı, dedi, əl-əlbət, olar, mən arzumu dedim, gerisi Onluqdur.

Ertəsi gün səhər yenə Niyazı bənzər vəziyyətdə, eyni sözlər pıçıldayan gördüm. Bu, artıq “Dnepr” – “Qarabağ” görüşünün baş tutacağı gün idi. Biz, 14 jurnalist bu oyuna azarkeşlik etmək üçün Kiyevə gəlmişdik.

Bu barədə “Yeni Müsavat” qəzetinin 24.10.2014-cü il tarixli sayında “Nicatın əminliyi, Niyazın duası, Nihatın xeyir-duası” adlı yazı da yazmışam. Yazının başlığını ona görə belə qoymuşdum ki, Nicat Dağlar əminliklə qələbə qazanacağımızı deyirdi, Niyaz Niftiyev hər gün dua edirdi, oğlum Nihatla telefonla danışanda isə o, “Qarabağ”ın 1 top fərqi ilə qalib gələcəyini proqnozaşdırmışdı.

Oyunun sonlarıydı, “Qarabağ” 1:0 hesabıyla irəlidə idi, amma “Dnepr”in oyunçuları az qalırdılar meydançanın otunu yesinlər, sağ cinahdan cumurdular, sol tərəfdən gəlirdilər, mərkəzdən şığıyırdılar. Qapıçımız Şehiç qapı çərçivəsinə gedən topları çıxara-çıxara əldən düşmüşdü. Hamıya elə gəlirdi ki, bu dəqiqə “Dnepr” hesabı bərabərləşdirəcək, hələ qələbə qolu da vuracaq.

Niyaz məndən iki-üç metr aralıda oturmuşdu, gərginlik içində oyuna baxırdı. Dedim, qardaş, ta başqa variant yoxdur, səni eşidirlər, yenə Yaradana müraciət elə, “Qarabağ”a beşcə dəqiqə də kömək eləsin, ordan bura yol gəlmişik.

Elə bunu demişdim, Niyaz əllərini göyə açdı: “Ey qadir Allah...”

Həmin gün qalib gəldik, kefikök şəkildə qələbəni qeyd etməyə getdik. Uşaqlar zarafatla deyirdilər ki, bu gün qələbəni Mühərrəmin qoluyla, Niyazın duası ilə qazandıq.

Amma işə baxın ki, bu söhbətin üstündən düz 6 il keçəndən sonra, ötən ilin noyabr ayında biz Qarabağda gerçək hərbi qələbələr qazananda Niyaz türmədə idi. Fəqət bilirəm ki, düz 44 gün onun dizi yerdə, əli göydə olub ki, millətimiz qələbə qazansın, başıaşağı olmasın.

Niyaz Niftiyev belə adamdır, vətənpərvərdir, mömindir, ağırtaxtlıdır, ən ümdəsi, tolerantdır, başqa dini və ya siyasi əqidə daşıyanlara qarşı çox dözümldür, heç kəsi xor görməz.

Onunla daha bir neçə dəfə səfərlərdə olmuşuq. Səfər yoldaşlarımız onu daha çox “Həci” çağırırdılar. Bir dəfə təyyarə ilə İstanbula uçduğumuz vaxt (oradan da Brüsselə gedəcəkdik) Niyazın aerofobiyası aktivləşmişdi, nəydisə, başı ağrıyırdı, bir azca da təlaşı vardı. Biz təyyarənin quyruq hissəsindəydik. Heç kəsə mane olmurduq və heç kəs bizi görmürdü. Ona görə də dostlardan bir neçəsi partizanlıq etmiş, düti-fridən aldıqları viskini açıb, necə deyərlər, xırda-xırda içiridlər. Birdən kimsə dedi ki, a seyid, ordan Həciyə 50 qram viski süz.

Gülüşdük. “Seyid, Həciyə viski süz” nəydi? Amma təklifi verən həmkarımız israr etdi ki, sözündə ciddidir, aerofobiyanı yenməyin çarəsi alkoqoldur, dərman kimi qəbul edirsən, məsələ həll olunur. Ancaq Niyaz dedi, yox, başım çatlasa da, haram şeyə əl uzada bilmərəm.

İndi dediyim odur ki, belə bir ağzıdualı, vətənpərvər adamı, demək olar ki, heç nə üstündə il yarımdır türmədə saxlamaq, iztirab çəkdirmək insafsızlıqdır. Adam 7 gün bələdiyyə sədri olub, 70 həftədir içəridədir, amma 7 və 17 il vəzifədə olan, biri 7 milyondan 7 villa tikdirənlər, dövlətin, xalqın büdcəsini talayanlar azadlıqda gəzir.

Bu gün yüzlərlə həmkarımız Allaha dua, hökumətə müraciət edir ki, Niyaz Niftiyevin qapısını açsın. Hacının sözü olmasın, biz arzumuzu dedik, gerisi onlarlıqdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər