Ru
18:03 / 01 Mart 2021

80 yaşlı Yaqub Məmmədov - Ölkə rəhbərliyindən akademikliyə qədər...

32042


Azərbaycan tibb elminin və tibb təhsilinin görkəmli nümayəndələrindən biri – Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki, Respublikanın əməkdar həkimi və əməkdar elm xadimi Yaqub Cavad oğlu Məmmədovun 80 yaşı tamam olur.

Y.C.Məmmədov 1941-ci il mart ayının 3-də Azərbaycan Respublikası Gədəbəy rayonu Əliismayıllı kəndində anadan olmuşdur. O, Əliismayıllı kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra, 1960-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olmuşdur. Yaqub müəllim hələ tələbə ikən oxuduğu ali təhsil ocağının ictimai həyatında fəal iştirak edirdi. O, 1960-1962-ci illərdə ADTİ-nin Pediatriya fakültəsinin həmkarlar təşkilatının sədri, 1962-1963-cü illərdə fakültə komsomol komitəsinin katibi, 1964-1966-cı illərdə institut komsomol komitəsinin katibi və o vaxtki 26 Bakı Komissarı rayonu komsomol komitəsi plenumunun üzvü kimi ictimai vəzifələri yerinə yetirmiş, 1962-ci ildə İnstitutun Xalq Nəzarəti Komitəsinin büro üzvlyünə seçilərək, tələbəlik illərinin sonuna qədər bu vəzifəni daşımışdır.

Y.C.Məmmədov tələbəlik illərində dərs əlaçısı olmaqla bərabər, elmi tədqiqatla da məşğul olurdu. Onun tələbəlik illərində yerinə yetirdiyi 13 elmi-tədqiqat işindən 11-nin nəticələri müxtəlif elmi məcmuələrdə çap edilmiş, dəfələrlə respublika və ittifaq səviyyəsində keçirilən «ən yaxşı tələbə elmi işləri» müsabiqələrinin qalibi diplomlarına layiq görülmüşdür.
Y.C.Məmmədov 1966-cı ildə institutu fərqlənmə diplomu ilə bitirərək, institutun ictimai təşkilatları, tələbə elmi cəmiyyəti və Elmi Şurasının təqdimatı əsasında patoloji fiziologiya kafedrasında aspiranturada saxlanılmışdır. O, qısa müddət ərzində dissertasiya işini başa çatdırmış və 1969-cu ildə – hələ aspiranturada təhsil müddəti başa çatandan bir neçə ay əvvəl «Simpato-adrenal sistemin fəaliyyətinə Naftalan neftinin təsiri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Dissertasiyanın müdafiəsindən sonra bir müddət patoloji fiziologiya kafedrasının assistenti və baş müəllimi vəzifələrində işləyən Y.C.Məmmədov 1971-ci ildə kafedranın dosenti vəzifəsinə, 1979-cu ildə isə həmin kafedranın müdiri vəzifəsinə seçilərək 2001-ci ilə qədər bu vəzifəni yerinə yetirmişdir.

Y.C.Məmmədov 1973-cü ildə institut partiya komitəsinin katibi vəzifəsinə seçilərək, 1980-ci ilə qədər o dövr üçün kifayət qədər məsuliyyətli olan bu vəzifəni yerinə yetirmişdir. O, Sovet hakimiyyəti illərində dəfələrlə Bakı şəhəri Nəsimi rayon Partiya Komitəsinin plenum və büro üzvü (1976-1989-cu illər), Bakı şəhər Partiya Komitəsinin plenum üzvü (1980-1991) olmuş, Nəsimi rayon və Bakı şəhər sovetinə deputat seçilmişdir (1975-1990). Yaqub müəllim həmçinin Azərbaycan KP-nın XXVIII-XXXII qurultaylarının nümayəndəsi olmuş, 1990-cı ildə keçirilən XXXII qurultayda AKP MK-nın üzvü və həmin ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir.

Yuxarıda sadalanan ictimai vəzifələr Y.C.Məmmədovun doğma ali tibb təhsili ocağında yerinə yetirdiyi gərgin fəaliyyətə verilən yüksək qiymətin təcəssümü idi. O, 1971-ci ilin noyabr ayında Pediatriya fakültəsinin dekan müavini vəzifəsinə təyin edilmiş, 1972-ci ilin iyun ayında həmin fakültənin dekanı vəzifəsinə seçilmişdir. Y.C.Məmmədov 1973-1980-ci illərdə institut partiya komitəsinin katibi, 1980-1983-cü illərdə tədris işləri üzrə prorektor, 1983-1992-ci illərdə institutun rektoru vəzifəsində çalışmışdır. Məhz onun rektor vəzifəsində işlədiyi dövrdə – 1991-ci ildə SSRİ Təhsil və Səhiyyə Nazirliyinin razılığı və Respublika Nazirlər Sovetinin qərarı ilə tibb institutuna keçmiş İttifaqda ilk dəfə olaraq, universitet statusu verilmişdir.
Y.C.Məmmədov 1982-ci ildə «Venoz trombozun kompleks müalicəsində qanın və limfanın laxtalanmasının korreksiyası» mövzusunda doktorluq dissertasiyasını başa çatdıraraq, Moskva şəhərində müdafiə etmişdir. Həmin ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi və professor elmi rütbəsi verilmişdir.

Yaqub müəllimin elmi tədqiqatlarının nəticələri “Свертываемость крови и лимфы, ее коррекция при тромбозе” (Bakı, “Azərnəşr”, 1985), “Инфаркт миокарда: Лимфатическая система сердца. Патофизиология и патогенетические основы лечения” (Москва, «Медицина», 1989), “Практическая лимфология” (Bakı, “Azərnəşr”, 1982), “Механизм воздействия на организм нафталанской нефти и ее некоторых фракций” (Bakı, “Azərnəşr”, 1985), “Актуальные проблемы гемостазиологии” (Москва, «Наука», 1982, 1989) monoqrafiyalarında öz əksini tapmışdır.

Y.C.Məmmədov 1989-cu ildə Azərbaycan Respublikası EA-nın müxbir üzvü, 1993-cü ildə isə AR Milli Yaradıcılıq Akademiyasının həqiqi üzvü seçilmişdir. Yaqub müəllim 450-dən artıq elmi əsərin, 17 elmi-kütləvi kitabçanın, 45 ixtiranın, 5 səmərələşdirici təklifin, 20-yə yaxın metodk tövsiyənin, patoloji fiziologiya fənni üzrə Azərbaycan dilində yazılmış ilk dərsliklərin və 6 dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi altında 31 elmlər namizədi, 9 elmlər doktoru hazırlanmışdır. Yaqub müəllimin doktorluq dissertasiyası üzərindəki işi zamanı qarşıya qoyduğu elmi vəzifə respublikamızda limfologiya elminin inkişafına təkan vermiş, onun rəhbərliyi ilə tibbin yeni sahəsi olan praktik və eksperimental limfologiyanın müxtəlif problemlərini tədqiq edən elmi məktəb – «Azərbaycan limfoloqları» məktəbi yaranmışdır. Onun praktik limfologiya üzrə elmi-tədqiqat işləri sayəsində aşkar edilən 2 yeni dərman preparatı hazırda klinik praktikada müvəffəqiyyətlə tətbiq edilməkdədir.

Y.C.Məmmədov Beynəlxalq Patofizioloqlar cəmiyyəti İdarə heyətinin, Ürəyin tədqiqi üzrə Beynəlxalq Cəmiyyətin, «Ekstremal və Terminal vəziyyətlər» və «Limfologiya» Beynəlxalq problem komissiyalarının üzvü və Beynəlxalq Limfoloqlar Cəmiyyətinin sədr müavini seçilmişdir.

Y.C.Məmmədov 1992-ci ilin mart ayından iyun ayına qədər Azərbaycan Respublikası Ali Sovetinin sədri olmuş və respublikamızın müstəqil inkişaf dövrünə qədəm qoyduğu taleyüklü dönəmdə ölkə prezidenti səlahiyyətlərini yerinə yetirmişdir.

Yaqub müəllimin rektor vəzifəsində işlədiyi illəri “tibb institutunun intibah dövrü” adlandırmaq olar. O illər ərzində institutda yeni kafedralar, kurslar və şöbələr yaradılmış, müxtəlif yeni ixtisaslar üzrə kadrlar hazırlığının əsası qoyulmuşdur. Bundan əlavə, institutun maddi-texniki bazası kökündən yaxşılaşdırılmış, 12-mərtəbəli yeni tədris korpusu tikintisinin əsası qoyulmuş, elmi-tədqiqat mərkəzi üçün 5-mərtəbəli korpus inşa edilib istifadəyə verilmiş, hər biri 300 tələbəyə xidmət edən 5 yataqxana binası tikilmişdir, əməkdaşlar üçün iki kooperativ yaşayış binası, üzgüçülük hovuzuna malik müasir idman kompleksi, 250 yerlik istirahət-sağlamlıq mərkəzi (Nabran ərazisində) inşa edilmişdir. Onun instituta rəhbərlik etdiyi dövrdə şəxsi təşəbbüsü ilə, keçmiş ittifaqın qabaqcıl elmi mərkəzlərində tibb institutu üçün 65 nəfər elmlər doktoru və 286 nəfər elmlər namizədi hazırlanmışdır.

Yaqub müəllimin Azərbaycanın tibb elmi və səhiyyəsi sahəsindəki fədakar əməyi, tibb kadrlarının və tibb üzrə elmi-pedaqoji kadrların hazırlanması sahəsində uğurlu və məqsədyönlü işləri dövlət orqanlarının və Beynəlxalq təşkilatların da diqqətindən yayınmamışdır. O, «SSRİ Səhiyyə əlaçısı» (1976), «Respublikanın əməkdar həkimi» (1981), «Əməkdar elm xadimi» (1991) fəxri adlarına layiq görülmüş, «Qırmızı Əmək Bayrağı» (1981), «Xalqlar dostluğu» (1986) ordenləri, Ümumittifaq «Bilik» Cəmiyyətinin Vavilov ad. medalı və mükafatı ilə (1991) təltif edilmişdir. Y.C.Məmmədov 2003-cü ildə Kembric (Böyük Britaniya) Beynəlxalq Bioqrafiya Mərkəzinin (İBC), «XXI əsrə qədəm qoymuş dünyanın 2000 ən görkəmli alimi» siyahısına daxil edilib, müvafiq diplom və medalla təltif edilmişdir. Həmin mərkəzin nəşr etdirdiyi «Canlı əfsanə» kitabında haqqında məlumat verilən 500 nəfər görkəmli alim arasında Y.C.Məmmədovun da adı vardır. Bundan əlavə, Yaqub müəllimin adı ABŞ Birləşmiş Mədəniyyət Konvensiyasının 2004-cü ildə «Beynəlxalq Sülh Mükafatına» təqdim etdiyi 500 nəfər görkəmli şəxsin siyahısına da daxildir. O, 2005-ci ildə «Mir Mövsüm Ağa» fəxri mükafatına layiq görülmüşdür; 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Sülh Federasiyası və Dinlərarası, Millətlərarası Sülh təşkilatı ona «Sülhməramlı səfir» fəxri adı vermişdir.

Yaqub müəllim tələbələri və həmkarları arasında böyük hörmət və nüfuz sahibidir. Bunun sübutu olaraq aşağıda vaxtilə Yaqub müəllimin tələbəsi olan, tanınmış həkim, tibb elmləri namizədi Qalib Əsədovun bu yaxınlarda sosial şəbəkələrdə onun haqqında yayımladığı ürək sözlərindən bir hissəsini oxucuların nəzərinə çatdırırıq:
– “Yaqub müəllim haqqında danışarkən adam bilmir hansı sözlərdən istifadə etsin ki, ona olan ehtiramını, hörmətini tam ifadə edə bilsin. Bu adın qarşısında bütün təmtəraqlı, gurultulu sözlər sönük görünür elə bil. Yaqub müəllim dövlətimiz üçün böyük ictimai xadim, tibb elmi üçün dəyərli alim, xalqımız üçün vətənpərvər ziyalı, mənim üçünsə pərəstiş etdiyim bir ideal, BÖYÜK hesab etdiyim bir ustaddır!!!

Bu gün səhiyyəmizin aparıcı həkimlərinin, alimlərimizin əksəriyyəti məhz Yaqub Məmmədovun dövründə Universitetə qəbul olmuş, oxumuşlar və indi fəxrlə özlərini onun tələbələri adlandırırlar. O, Universiteti əla qiymətlərlə bitirmiş hər kəsi orda saxlayırdı, elmi işlər aparmağa sövq edirdi, onlar üçün hər cür şərait yaradırdı. O vaxt bizim Universitetin Tələbə Elmi Cəmiyyəti çox nüfuzlu bir tələbə təşkilatı idi. Bütün laboratoriyalar, elmi-tədqiqat mərkəzləri tələbələrin üzünə açıq idi.
Məni həmişə təəcübləndirən məqamlardan biri də onun fenomenal yaddaşı və adamları tanımaq qabiliyyəti idi. Demək olar ki, hər kəsi adı ilə tanıyır, hansı problemi olduğunu bilir və bəzən heç özümüzün belə xəbəri olmadan bu problemin həll olunması üçün müvafiq tapşırıqlar verirdi. On minə yaxın tələbəni yadda saxlamaq, görüşəndə adını çəkməklə, çox səmimi şəkildə müraciət etmək, həmişə təəcübləndirərdi məni.

Etiraf edim, zəhmli idi, çəkinirdik, hətta bir az qorxurduq da, amma eyni zamanda SEVİRDİK!!! Onunla həm də fəxr edirdik. Yadımdadır, ölkəmiz üçün ən çətin dövrdə, o zamankı Ali Sovetin sədri seçilmişdi. O dövrdə söylədiyi aforizmlər indi, xalq arasında atalar sözünə çevrilib.”
80 yaşı qeyd edilən görkəmli tibb alimi və tibb təhsili və səhiyyə təşkilatçısı Yaqub Cavad oğlu Məmmədov hal-hazırda ATU-nun Patoloji fiziologiya kafedrasının professoru vəzifəsini daşıyır və indi də məhsuldar yaradıcılıq işlərini davam etdirir. Tələbələri və həmkarları Y.C.Məmmədovu anadan olmasının 80-illiyi münasibətilə təbrik edir, ona respublikamız üçün yüksəkixtisaslı tibb kadrları hazırlamaq və tibb elmini inkişaf etdirmək kimi nəcib və xeyirxah işində yeni-yeni uğurlar arzulayır.


Fuad İslamzadə,
Tibb Universitetinin dosenti,
“Tibb” jurnalının baş redaktor müavini

Şərhlər
  • Məmmədov Eyvaz

    Həyatı zəngin hadisələrlə dolu, ölkəmizin nadir incilərinrən olan, hər zaman minnətdarlıq hissi ilə xatırladığım, ancaq haqqında heç vaxt onu təsvir edə biləcək cümlələr qura bilmədiyim, çöhrəsi nurlu Yaqub müəllimi mən də ürəkdən təbrik edirəm! Allah xalqımıza bəxş etdiyi bu gözəl əfsnəvi insana xeyirli,sağlam uzun ömür versin. Ad Gününüz Mübarək Yaqub Müəllim!

  • Kərəm Məmmədov

    Yaqub müəllimə can sağlığı,uzun ömr arzulayıram.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər