Aslan Mustafazadə
Musiqişünas və pianoçu
Milli musiqi irsimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsində milli konservatoriyanın rolu əvəzsizdir. Bu təhsil ocağı, bəstəkarlıq, caz ifaçılıq, musiqişünaslıq, milli vokal və xalq çalğı alətləri üzrə ciddi tədris sistemi, həmçinin müasir avadanlıqlarla təchiz olunmuş çoxdistsiplinli mühiti ilə diqqət çəkir.
Konservatoriyanın daxilindəki auditoriyalar musiqi təhsilinin ən yüksək standartlarına cavab verir. Hər sinifdə tələbələrin ixtiyarına yüksək keyfiyyətli fortepiano alətləri, müasir proyektorlar və zəruri texniki avadanlıqlar verilib ki, bu da tədris prosesini daha da səmərəli edir. Bütün bunlarla yanaşı, peşəkar və tanınmış pedaqoji heyət tələbələrə təcrübə və biliklərini ötürərək onların gələcək peşəkar inkişafının təməlini qoyur.
Rektor Kamilə Dadaş-zadə, tədris işləri üzrə prorektor Nizami Əsədov və elmi işlər üzrə prorektor Lalə Hüseynova kimi rəhbər şəxslərin ciddi intizamı sayəsində konservatoriyada tədris səviyyəsi daim yüksək nəzarətdədir.
Təhsil sahəsində yüksək nailiyyətlərin əldə edilməsi, xüsusən rəhbər vəzifədə olan şəxslərin dəqiq, qərəzsiz və ədalətli mövqeyindən birbaşa asılıdır. Rəhbərlik səviyyəsindəki bu prinsiplər mühitin sağlam və məhsuldar olmasını təmin edir, bu da öz növbəsində tələbələrin öz potensiallarını tam şəkildə açmalarına şərait yaradır.
Konservatoriyanın pedaqoji heyəti arasında yer alan xalq artistləri Azər Zeynalov, Mənsum İbrahimov, Salman Qəmbərov bəstəkar Pikə Axundova, pianoçu Nailə Şahməmmədova, musiqişunas Fərdin Məmmədli və başqa tanınmış tədqiqatçılar yüksək ixtisaslı kadrların yetişdirilməsində fundamental rol oynayırlar. Onların pedaqoji fəaliyyəti tələbələrə nəinki zəruri nəzəri biliklər verir, həm də milli musiqi ənənələrinin elmi və icraçılıq aspektlərinin dərindən mənimsənilməsini təmin edir.Tədris prosesində intizam qaydalarına ciddi əməl olunması, tələbələrin dərslərdən maksimum dərəcədə faydalanmasını və onların peşəkar kimi yetişməsini təmin edən başlıca amillərdəndir. Bununla yanaşı, tədris planına daxil edilmiş musiqidə informasiya texnologiyaları fənləri və müxtəlif not proqramları vasitəsilə tələbələr müasir texnologiyalardan istifadə edərək musiqi sənətinin tələblərinə uyğun tədqiqat və yaradıcılıq işləri aparmaq imkanı əldə edirlər.
Milli Konservatoriyada fəaliyyət göstərən tələbə-elmi cəmiyyəti yüksək potensialı ilə seçilir və gəncləri müxtəlif ictimai və elmi konfranslara, həmçinin aktual məsələlərin müzakirəsinə cəlb edir.
Tələbə-elmi cəmiyyətinin bu fəaliyyəti tələbələrin gələcəkdə iş yerlərində daha praktiki və təşəbbüskar olmasına, həmçinin cəmiyyətin ictimai həyatında fəallığının artırılmasına xidmət edir. Belə şəraitdə yetişən gənclər öz sahələrində liderlik keyfiyyətlərini nümayiş etdirərək, peşəkar və ictimai məsələlərdə uğur qazanırlar.
Milli Konservatoriyanı seçərək, yeni abituriyentlər gələcəklərinin təməlini ən etibarlı və peşəkar mühitdə qoymuş olurlar.