ABŞ və Ermənistan mülki nüvə energetikası sahəsində əməkdaşlıq barədə razılığa gəlib. Saziş ABŞ-ın Cənubi Qafqazda vasitəçilik etdiyi sülh razılaşmasından sonra Vaşinqtonun Rusiya ilə ənənəvi yaxın müttəfiq olan Ermənistanla əlaqələri gücləndirmək cəhdləri fonunda imzalanıb.
Bakupost.az erməni mediasına istinadən xəbər verir ki, razılaşma İrəvanda səfərdə olan ABŞ vitse-prezidenti Ceyms Vens və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən təsdiqlənib. Tərəflər ABŞ-ın nüvə texnologiyası və avadanlıqlarının ixracına imkan verən, “123 sazişi” kimi tanınan danışıqların başa çatdığını açıqlayıblar.
Vens bildirib ki, saziş ilkin mərhələdə Ermənistana 5 milyard dollara qədər ABŞ ixracının yolunu açacaq, uzunmüddətli perspektivdə isə 4 milyard dollarlıq yanacaq və texniki xidmət müqavilələrini əhatə edəcək.
Paşinyan isə bu razılaşmanın Ermənistan–ABŞ enerji tərəfdaşlığında yeni mərhələ olduğunu vurğulayıb.
Hazırda enerji təminatında əsasən Rusiya və İrandan asılı olan Ermənistan, köhnəlmiş “Metsamor” AES-in əvəzlənməsi üçün ABŞ, Rusiya, Çin, Fransa və Cənubi Koreya şirkətlərinin təkliflərini nəzərdən keçirir. Rəsmi qərar verilməsə də, yeni saziş ABŞ layihəsinin seçilməsinə üstünlük yarada bilər.
Bu addım Ukraynadakı müharibədən sonra bölgədə təsiri zəifləyən Rusiya üçün geosiyasi zərbə kimi qiymətləndirilir. Rusiya XİN baş nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya açıqlamasında “Rosatom”un təklifinin ən yaxşı variant olduğunu iddia edib.
İrəvanlı politoloq Narek Sukiasyan isə Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün nüvə sahəsində tərəfdaşların şaxələndirilməsinin siyasi prioritet olduğunu bildirib və ABŞ-ı əsas seçim kimi dəyərləndirib.
Vensın səfəri, Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda sülhə doğru ilk addım kimi qiymətləndirilən razılaşmanı imzalamasından altı ay sonra baş tutub. ABŞ həmçinin Ermənistanın cənubundan keçərək Azərbaycan və Türkiyəyə uzanacaq “Trump International Peace and Prosperity Route (TRIPP)” layihəsini irəli aparır.
Vaşinqton üçün strateji əhəmiyyət daşıyan bu marşrut Rusiya və İranı yan keçməyi hədəfləyir və dəmir yolu, enerji boru xətləri və fiber-optik infrastrukturu əhatə edir.
Ceyms Vensın yaxın günlərdə Azərbaycana səfəri gözlənilir.
Cavid, BakuPost