Dünyanın 150 ölkəsində yayılan, milyonlarla oxucusu olan, siyasi gündəmi formalaşdıran aparıcı media brendi, geopolitika və xarici siyasət mövzularında ixtisaslaşan, diplomatlar, siyasətçilər, akademiklər və qərarverici çevrələr üçün əsas istinad mənbələrindən sayılan, dünya miqyasında ən nüfuzlu analitik nəşrlərdən “Foreign Policy” jurnalı ABŞ-nin Qafqaz siyasəti barədə geniş məqalə dərc edib.
BakuPost.az həmin yazını təqdim edir:
İranda daxili çaxnaşmaların dərinləşdiyi və Tramp administrasiyasının hərbi zərbələr imkanını nəzərdən keçirdiyi bir vaxtda, Birləşmiş Ştatlar İranın şimalında yerləşən iki ölkə – Azərbaycan və Ermənistanla münasibətlərini səssiz, lakin əhəmiyyətli şəkildə gücləndirib. Tramp administrasiyası uzunmüddətli düşmənlər olan bu iki ölkə arasında diplomatik vasitəçilik prosesində fəal iştirak edib və strateji əhəmiyyətə malik Qafqaz regionunda beynəlxalq ticarət və infrastrukturun inkişafı yolu ilə iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində ABŞ-nin əvvəlki səylərini davam etdirib. ABŞ-nin bu regiondakı fəaliyyəti Vaşinqtonun digər qlobal böhranlara yanaşmasını, eləcə də Rusiya və Çinlə strateji rəqabəti necə idarə etdiyini göstərən nümunə kimi qiymətləndirilə bilər.
Ukrayna və Yaxın Şərqdəki daha böyük və diqqət mərkəzində olan müharibələrin kölgəsində qalsa da, Qafqaz regionu hərbi münaqişələrə yad deyil. 1980-ci illərin sonlarından yaxın vaxtlara qədər Ermənistan və Azərbaycan Dağlıq Qarabağ regionu uğrunda uzunmüddətli müharibə vəziyyətində olublar.
Rusiya, Birləşmiş Ştatlar və Fransa tərəfindən həmsədrlik edilən, lakin sonradan buraxılan Minsk Qrupu çərçivəsində aparılan nəticəsiz vasitəçilik cəhdlərindən sonra Azərbaycan 2020-ci ildə və daha sonra 2023-cü ildə Dağlıq Qarabağ və ətraf ərazilərdə itirilmiş torpaqları Ermənistanın nəzarətindən geri almaq üçün hərbi əməliyyatlara başlayıb. İrəvanın uzun müddət təhlükəsizlik təminatçısı olan və regionda qoşun saxlayan Kreml isə, beynəlxalq səviyyədə tanınmış Ermənistan ərazisindən kənarda yerləşən torpaqlara dair müqavilə öhdəliklərinin olmaması və sonradan Ukraynada müharibəyə cəlb olunması səbəbindən müdaxilə etməyib.
Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatları Bakının uzunmüddətli məqsədlərindən birini reallaşdırdı. Bu təkcə itirilmiş ərazilərin geri qaytarılması deyil, həm də bu uğurdan istifadə edərək uzun illər davam edən münaqişə səbəbindən kəsilmiş əlaqələrin bərpası və genişləndirilməsi idi. Məqsəd Azərbaycanın Naxçıvan Muxtar Respublikası və Türkiyəyə yaxın qərb əraziləri ilə bağlantılarının yenidən qurulmasını da əhatə edirdi. Azərbaycan Türkiyə ilə sıx diplomatik və təhlükəsizlik əlaqələrinə malikdir.
Məhz bu bağlantı ehtiyacı səbəbindən Azərbaycan hərbi münaqişə başa çatdıqdan sonra diqqətini Ermənistanla sülh sazişinə və diplomatik münasibətlərin normallaşdırılmasına yönəltdi. 2018-ci ildə xalq etirazları nəticəsində hakimiyyətə gəlmiş Ermənistanın baş naziri Nikol Paşinyan münaqişədən sonrakı dövrü ölkənin quru ilə əhatələnmiş mövqeyindən çıxmaq və Rusiyadan həddindən artıq asılılığın yaratdığı riskləri azaltmaq üçün fürsət kimi qiymətləndirərək, daxildəki ciddi müxalifətə baxmayaraq Azərbaycanla normallaşma prosesinə razılıq verdi.
Ermənistan və Azərbaycan arasında danışıqlar sərhədlərin delimitasiyası və ticarət maneələrinin aradan qaldırılması kimi məsələləri əhatə edərək tədricən irəlilədi. Lakin prosesin sürətlənməsi 2024-cü ilin sonlarında Tramp administrasiyasının yenidən hakimiyyətə qayıtması ilə baş verdi. ABŞ prezidenti Donald Trampın diplomatik və sülhyaratma imicini gücləndirmək səyləri çərçivəsində hər iki ölkə Vaşinqtonun dəstəyini qazanmağa çalışdı. Keçən ilin avqustunda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Ağ Evdə Donald Trampla birgə yüksək səviyyəli mərasimdə iştirak edərək, uzunmüddətli münaqişəyə son qoyacaq sazişin yekun ratifikasiyasına doğru irəliləyiş barədə qarşılıqlı bəyannamə imzaladılar.
2025-ci il razılaşmasının əsas elementlərindən biri böyük tranzit dəhlizinin yaradılması oldu. Bu marşrut “Trump Route for International Peace and Prosperity” (“TRIPP”) adlandırılacaq. ABŞ-nin dəstəklədiyi infrastruktur layihəsi Ermənistan ərazisi vasitəsilə avtomobil yolu, dəmir yolu və boru kəmərləri ilə Azərbaycanı Naxçıvanla birləşdirəcək. Açıqlamaya əsasən, Birləşmiş Ştatlar bu ərazidə 99 il müddətinə eksklüziv inkişaf hüququ əldə edəcək və son müzakirələrdə ABŞ-nin “TRIPP Development Company”də 74% paya sahib olması, Ermənistanın isə qalan payı saxlaması nəzərdə tutulur.
Ərazi baxımından cəmi 26 mil uzunluğunda olmasına baxmayaraq, bu dəhlizin regional əlaqələrə təsiri olduqca böyük ola bilər. Qafqaz regionu neft və təbii qaz kimi enerji resursları ilə zəngindir, Xəzər dənizinin o tayında yerləşən Mərkəzi Asiya da bu baxımdan əhəmiyyətlidir. Azərbaycan artıq neft və qazını Türkiyə üzərindən Avropaya ixrac edərək, Avropanın Rusiyadan enerji asılılığının azaldılmasında mühüm rol oynayır. Yeni dəhliz Mərkəzi Asiyadan, o cümlədən nadir torpaq elementləri kimi kritik xammalların Qərb bazarlarına daha qısa marşrutla daşınmasına imkan yarada bilər.
Çin də regionda fəallığını artırmağa çalışır. Qafqaz və Mərkəzi Asiya Çinin Avropaya uzanan “Orta Dəhliz” marşrutunun əsas qovşaqları hesab olunur.
Bununla belə, ABŞ-nin Qafqazda, xüsusən “TRIPP” və digər infrastruktur layihələri vasitəsilə əlaqələri genişləndirmək səylərini çətinləşdirə biləcək bir sıra amillər mövcuddur. Əsas problemlərdən biri Ermənistan və Azərbaycan arasında diplomatik normallaşma prosesinin hələ rəsmi şəkildə tamamlanmamasıdır. İyunda keçiriləcək Ermənistan parlament seçkiləri mühüm sınaq hesab olunur. Sorğular Paşinyanın rəhbərlik etdiyi partiyanın öndə olduğunu göstərsə də, həm ölkə daxilində, həm də xaricdə mövcud olan müxalif qüvvələr bu seçkiləri sülh gündəliyi üçün həlledici edə bilər.
Digər çətinlik xarici aktorlardan qaynaqlanır. Rusiya Qafqazda Şərq–Qərb bağlantı layihələrinə, xüsusilə onun əsas enerji təchizatçısı və tranzit ölkə rolunu zəiflədən və Qərb ölkələrinin, o cümlədən Birləşmiş Ştatların iştirak etdiyi təşəbbüslərə açıq şəkildə qarşı çıxır. Moskvanın regiondakı təsiri zəifləsə də, Rusiya hələ də fəaldır və Ukraynadan Afrikaya qədər müxtəlif bölgələrdə maraqları təhdid olunduqda prosesləri pozmaq qabiliyyətinə malik olduğunu nümayiş etdirib. Ukraynadakı uzunmüddətli müharibə Kremlin imkanlarını məhdudlaşdıra bilər, lakin onları tam aradan qaldırmır.
İran da oxşar səbəblərlə, həmçinin Azərbaycanın İsraillə iqtisadi və təhlükəsizlik əlaqələrinə görə, bu tip Şərq–Qərb bağlantı layihələrinə qarşı çıxır. Tehranla Vaşinqton arasında artan gərginlik bu qeyri-müəyyənliyi daha da dərinləşdirə bilər. Əgər İran hakimiyyəti daxili iğtişaşlara baxmayaraq mövqeyini qoruya bilsə, bu, Moskva ilə Tehranın ABŞ-nin regiondakı fəaliyyətinə qarşı daha sıx əməkdaşlığına gətirib çıxara bilər. Əks halda, İranda ciddi siyasi dəyişikliklər “TRIPP” kimi təşəbbüslərə əlavə təkan verə bilər.
Regionda çoxsaylı oyunçular öz maraqlarını həyata keçirməyə çalışır. ABŞ-nin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dəstək verməsi və “TRIPP” layihəsini irəli aparması Avrasiya geosiyasətində həlledici rol oynaya və digər bölgələr üçün modelə çevrilə bilər.
Məqaləni Cavid tərcümə etdi