Ru
14:55 / 01 İyul 2026

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?
Eye

Cənubi Qafqazda nüfuz uğrunda mübarizənin gücləndiyi bir zamanda ABŞ-nin region ölkələri olan Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirlikləri uzun müddətdir ki, səfir olmadan fəaliyyət göstərir.

Hazırda Cənubi Qafqazın hər üç ölkəsindəki ABŞ səfirliklərinə müvəqqəti işlər vəkilləri rəhbərlik edir.

Düzdür, iyunun əvvəlində ABŞ Prezidenti Donald Tramp Aleksandr Aldeni Azərbaycanın ABŞ-dəki yeni səfiri vəzifəsinə namizəd irəli sürüb. Onun namizədliyi artıq Senata da təqdim edilib.

Bununla belə, məsələnin uzanması və regionun digər iki ölkəsində də anoloji vəziyyətin hökm sürməsi istər-istəməz sözügedən məsələ ilə bağlı müəyyən suallar doğurur.

Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov "Bakupost"a bildirib ki, regionun hər üç ölkəsində yaşanan anoloji vəziyyət bu istiqamətdə müəyyən düşüncə və şayiələrin yaranmasına səbəb olur:

“ABŞ-nin başı bilirsiniz ki, son zamanlar Yaxın Şərqdəki və Ukraynadakı müharibələrə ciddi şəkildə qarışıb. B bir çox mütəxəssislər sözügedən 3 ölkəyə Ağ Evin səfir təyin etməməsini məhz yuxarıda qeyd edilən səbəblə əlaqələndirirlər. Amma bu müharibələrin səfirlərin təyinatına təsiri ciddi səbəb kimi qiymətləndirilə bilməz. Çünki müharibə məsələsilə əsasən digər qurumlar məşğul olur. Səfir təyinatının gecikməsində digər səbəb isə Azərbaycanla Ermənistan arasında müharibədən sonra regionumuzda yeni reallıqların yaranması ilə bağlı ola bilər”.

Bütün hallarda ekspert hesab edir ki, əsas səbəb təyinat prosesinin uzanmasıdır:

“ABŞ-də səfir təyinatı uzun müddətli prosesdir. Təyin olunan səfirlər Senat və Konqres tərəfindən təsdiqlənməlidir”.

Həmsöhbətimiz həmçinin qeyd edir ki, mövcud vəziyyətin yaranmasında ABŞ-nin regionla bağlı yeni prioritetlərinin meydana gəlməsi də rol oynaya bilər:

“Cənubi Qafqaz 5-10 il əvvəllə müqayisədə hazırda ABŞ-nin daha çox diqqət mərkəzindədir. Bəlkə də ABŞ bu yöndə prioritetlərini tam müəyyənləşdirmədiyindən səfir təyinatları gecikir. ABŞ bu üç Qafqaz ölkəsinə elə şəxsləri səfir təyin etmək istəyir ki, onlar gələcəkdə bir-birilə dil tapsın və fəaliyyətləri bir-birini təkzib etməsin. Yəni Ağ Ev bu ölkələr üçün eyni siyasi xətti həyata keçirməyi düşünür. Ona görə də bu siyasi xətti daşıyacaq səfirlərin düzgün seçilməsi ciddi məsələdir. ABŞ həmçinin, təyin olunacaq səfirlərin həmin ölkələrin siyasəti, mədəniyyəti və dillərini də bilməsinə üstünlük verir. Bu səbəbdən yəqin ki, hələlik uyğun namizəd tapmayıblar”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar