“Vaşinqton və Tehran mübahisəli məsələlərdə razılığa gələ bilməsələr, ABŞ İranın nüvə obyektinin yerləşdiyi güman edilən Pikaks dağını məhv edəcək”.
"Bakupost" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Bəs bu təhdid İranı geri çəkilməyə vadar edəcəkmi?
Milli Məclisin deputatı Arzuxan Əlizadə
Bakupost.az-a bildirib ki, ABŞ Prezidenti Donald Trampın İranın nüvə obyektinin yerləşdiyi güman edilən Pikaks dağı ilə bağlı səsləndirdiyi sərt bəyanat Vaşinqtonun Tehrana qarşı maksimum təzyiq strategiyasının növbəti təzahürü kimi qiymətləndirilməlidir.
Deputat qeyd edir ki, bu cür açıqlamaların əsas məqsədi İranı nüvə proqramı ətrafında aparılan danışıqlarda güzəştə məcbur etmək və ABŞ-nin hərbi imkanları və qətiyyətini nümayiş etdirməkdir:
“Bu, həm də İran rəhbərliyinə və beynəlxalq ictimaiyyətə ünvanlanmış siyasi mesaj xarakteri daşıyır”.
Müsahibimiz Tehranın bu fonda da qarşı tərəfə boyun əyməyəcəyini düşünür:
“İndiyədək baş verən proseslər göstərir ki, İran uzun illərdir davam edən iqtisadi sanksiyalara, siyasi təzyiqlərə və hərbi hədələrə baxmayaraq öz strateji mövqeyindən asanlıqla geri çəkilən dövlət deyil. Rəsmi Tehran adətən bu cür bəyanatlara qarşı sərt ritorika ilə cavab verir və milli təhlükəsizlik məsələlərində geri addım atmayacağını nümayiş etdirməyə çalışır. Bu baxımdan, yalnız təhdid dili ilə İranı istənilən qərarı qəbul etməyə məcbur etmək çətin görünür”.
A.Əlizadə hesab edir ki, bu cür bəyanatlar Yaxın Şərqdə onsuz da mürəkkəb olan təhlükəsizlik vəziyyətini daha da gərginləşdirə bilər:
“ABŞ və İran arasında qarşıdurmanın dərinləşməsi təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün yeni risklər yarada, enerji bazarlarına, beynəlxalq ticarət marşrutlarına və regional sabitliyə mənfi təsir göstərə bilər. Buna görə də hərbi ritorikanın artması fonunda diplomatik kanalların açıq saxlanılması və qarşılıqlı kompromis imkanlarının qorunması daha məqsədəuyğun görünür. Hadisələrin gələcək inkişafı tərəflərin nə dərəcədə dialoqa üstünlük verəcəyindən və qarşılıqlı etimadın formalaşdırılması istiqamətində hansı addımları atacağından asılı olacaq”.
Rüfət Sultan,
BakuPost