Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, “Caspian Logistics Solutions” şirkətinin rəhbəri Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qərarı verilib.
Bakupost.az xəbər verir ki, Adnan Əhmədzadənin həbsindən sonra onunla bağlı müxtəlif iddialar səsləndirilməkdədir.
Ən ciddi iddialardan biri onun Rusiyanın adamı olması haqda yazılanlardır. Bəzilərinin fikrincə, A.Əhmədzadə rus neftini alaraq, onu “Azəri Layt” adı ilə satışa çıxarıb və beləliklə də Azərbaycanın imicinə zərbə vurub, neftinin keyfiyyətinə təsir etməklə, Bakının sağlam tərəfdaş kimi bazardakı mövqeyini sarsıdıb.
Digər ən maraqlı məqam isə A.Əhmədzadənin bu prosesdə tək olmamasıdır.
Tanınmış jurnalist Eynulla Fətullayev qeyd edib ki, Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur:
“Adnan Əhmədzadə həbs edildi. İşin təfərrüatını araşdırıram. İlkin qənaətim elədir ki, daha böyük məsuliyyət SOCAR rəhbərliyinin üzərinə düşür. Ən azı, SOCAR-da texniki nəzarətə məsul şəxslər də həbs edilməlidir… Proses “Senergy” şirkəti ətrafında cərəyan edir. Keyfiyyətsiz məhsulu alıb Səngəçal terminalından ötürən axı SOCAR-dır!”