Ru
13:00 / 18 Sentyabr 2026

Ajiotaj olacaq, amma... İqtisadçı manatın gələcək taleyi ilə bağlı səbəbləri sadaladı

Ajiotaj olacaq, amma... İqtisadçı manatın gələcək taleyi ilə bağlı səbəbləri sadaladı
Eye

Manatın dollara nisbətdə məzənnəsi uzun illərdir ki, sabit olaraq qalır. İnzibati resurslardan istifadə edilməsi hesabına xeyli müddətdir milli valyutanın 1 dollar qarşılığında qiyməti 1,70 manat civarındadır.

İndiki şəraitdə real görünməsə də, manat üzən məzənnəyə keçərsə, mövcud şərtlər daxilində görəsən onun dollara münasibətdə məzənnəsi necə olacaq?

“İqtisadi və Sosial İnkişaf Mərkəzi”nin rəhbəri Rəşad Həsənov “Bakupost”a bildirib ki, hökumət elə bu gün manatın üzən məzənnəyə keçidilə bağlı qərar qəbul edərsə, bu ilkin olaraq bazarda müəyyən ajiotaj yaradar:

“İlkin reaksiya olaraq yığım və depozitlərin bir hissəsi valyutaya yönələ bilər. Bu da bazarda tələb təklif tarazlığını pozaraq, manatın məzənnəsi üzərində təzyiq yaratmaqla onun dəyərsizləşməsi dinamikasına gətirib çıxaracaq”.
Müsahibimizin fikrincə, bir neçə həftə davam edəcək bu ilkin təsirlərin bitməsindən sonra isə əksinə, manat indiki şərtlər daxilində bazarda real tələb və təklif məcrasının formalaşması ilə möhkəmlənmə istiqamətində münasibət nümayiş etdirə bilər:

“Bu istiqamətdə həm əhalinin yığım imkanları çox deyil, həm büdcə planlanması prosesində ciddi dəyişikliklər olacağını düşünmürəm, həm də ölkənin iqtisadi dinamikası idxalı kəskin artıracaq səviyyədə deyil. Alıcılıq gücü də məhduddur. Habelə ehtiyat vəsaitlər, qısa müddətli şokları tarazlamaq alətləri var. Ona görə də günü sabah manat üzən məzənnəyə keçsə də, qısa müddətli dövrdə dəyər itirmə riski olsa da, orta müddətli dövrdə indiki şərtlər daxilində manatın möhkəmlənməsi ehtimalı daha yüksəkdir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar