Ermənistanda baş nazirin ailəsinə məxsus fondun təşəbbüsü ətrafında yaranan müzakirələrə Antikorrupsiya Komitəsi konkret mövqe bildirməyib.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Ermənistanın Antikorrupsiya Komitəsinin sədri Artur Nahapetyan baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın fondunun pulsuz ingilis dili kursları təşkil etməklə bağlı vədinin qanun pozuntusu olub-olmaması məsələsini şərh etməkdən yayınıb.
Jurnalistlərin sualına cavab olaraq seçki dövründə seçicilərin iradəsinə təsir göstərmək məqsədilə xeyriyyə fəaliyyətini qadağan edən qanun fonunda bu təşəbbüsün hüquqi qiymətləndirilməsi barədə konkret mövqe bildirməyib. Nahapetyan qeyd edib ki, hər hansı açıqlama mümkün araşdırmanın gedişinə təsir göstərə bilər. Onun sözlərinə görə, hazırda komitəyə bu məsələ ilə bağlı rəsmi müraciət daxil olmayıb.