Antalya Hava Limanında uçuş öncəsi zolağda hərəkətdə olan təyyarənin təkəri yerindən çıxaraq qanadını zədələyib.
Bakupost.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə Antalya Hava Limanında saat 15:30 radələrində baş verib.
Məlumata görə, "SunExpress" hava yollarının Antalya-Qaziantep reysini yerinə yetirən təyyarəsi uçuş öncəsi zolağda hərəkət edərkən, məlum olmayan səbəbdən sol qanaddakı təkəri yerindən çıxıb.
Təkərin yerindən çıxması nəticəsində təyyarənin qanadı zədələnib.
Hadisəyə ARFF briqadaları dərhal müdaxilə edib.
Təyyarədə olan sərnişinlər sürətlə təxliyə olunub, ekipaj isə təyyarəni mövcud vəziyyətindən çıxarmaq üçün işə başlayıb. Təxliyə olunan sərnişinlər başqa bir təyyarəyə köçürülüb.
"SunExpress"dən verilən açıqlamada bildirilib: "Sərnişinlər təhlükəsiz şəkildə təyyarədən endirilib, təyyarə texniki yoxlamaya götürülüb. Antalya-Qaziantep reysi başqa bir təyyarə ilə həyata keçiriləcək".