Mayın 4-də Atlantik okeanında, Kabo-Verde sahillərində hərəkət edən, içində təxminən 150 nəfərin olduğu kruiz gəmisində nadir hantavirus epidemiyası nəticəsində üç sərnişin ölüb, üç nəfərin isə vəziyyəti ağırdır.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, Argentinadan Antarktidaya və Cənubi Atlantikadakı bir neçə adaya səfər etmək üçün yola çıxan Hollandiya gəmisi “MV Hondius” Qərbi Afrika sahillərindəki Kabo-Verde adasına çatdıqda yerli səhiyyə orqanlarından kömək istəyib.
Lakin Kabo-Verdi hökuməti gəminin sahildə lövbər salmasına və insanların gəmidən düşməsinə icazə verməyib.
Qeyd edək ki, hantavirus gəmiricilərlə və ya onların sidiyi, tüpürcəyi və ya nəcisi ilə təmas yolu ilə yayılan xəstəlikdir.
"Oceanwide Expeditions" şirkətinin açıqlamasına görə, ölən alman sərnişinin cəsədi gəmidə qalıb. Digər iki sərnişin- 70 yaşlı hollandiyalı kişi 11 apreldə gəmidə, 69 yaşlı həyat yoldaşı isə gəmidən çıxdıqdan sonra Cənubi Afrikada vəfat edib. Cənubi Afrikanın səhiyyə naziri bildirib ki, onun qanında virus aşkarlanıb və bu da iki təsdiqlənmiş yoluxma halının olduğunu göstərib.
Şirkətin açıqlamasında bildirilir ki, britaniyalı və hollandiyalı olmaqla iki xəstə heyət üzvü tənəffüs simptomları ilə üzləşir və təcili tibbi yardıma ehtiyacları var.
ÜST-ün Kabo-Verdedəki rəsmisi Dr. Ann Lindstrand isə bildirib ki, sərnişinlər təcili yardımla gəmidən hava limanına aparılacaq.
"Oceanwide Expeditions" şirkəti bəyan edib ki, Kabo-Verdedəki sərnişinləri təxliyə edə bilmədiyi təqdirdə, İspaniya adalarından birinə - Tenerife və ya Las Palmas limanına köçməyi düşünürlər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bildirib ki, əlavə laboratoriya testləri və epidemioloji araşdırmalar davam edir. Sərnişinlərə və heyətə tibbi yardım və dəstək göstərilir."
Məlum olur ki, sözügedən gəmi aprelin 1-də Argentinanın cənubundakı Uşuayadan yola düşüb. Argentinanın səhiyyə rəsmiləri “Hondius” yola düşərkən heç bir sərnişində hantavirus simptomlarının olmadığını təsdiqləyiblər.
Bu ölkənin Tierra del Fuego əyalətinin epidemiologiya direktoru Juan Fakundo Petrinanın sözlərinə görə, simptomlar yoluxmadan səkkiz həftə sonra özünü göstərə bildiyindən, sərnişinlər xəstəliyi ölkə daxilində və ya dünyanın başqa bir yerində keçirsəydilər, inkubasiya vəziyyətində ola bilərdilər.
Argentina Səhiyyə Nazirliyinin məlumatına görə, infeksiyalar Argentinanın digər əyalətlərində də yayılıb və ötən il ölkə üzrə 28 ölüm hadisəsi baş verib.
Qeyd edək ki, hantavirusun spesifik müalicəsi yoxdur. Lakin erkən tibbi yardım sağ qalma şansını artıra bilər.
ÜST-ün Avropa üzrə regional direktoru Dr. Hans Henri P. Kluge bildirib ki, xəstəlik bəzi hallarda ağır olsa da, insanlar arasında asanlıqla ötürülmür. Onun dediyinə görə, geniş ictimaiyyət üçün təhlükə riski aşağıdır. Buna görə də təşvişə və ya səyahət məhdudiyyətlərinə ehtiyac yoxdur.
Rüfət Sultan, BakuPost