Almaniya mediasında getdikcə daha açıq etiraf olunur ki, Berlin Rusiya qazından asılılıqdan çıxsa da, sürətlə ABŞ mənşəli mayeləşdirilmiş qaza yönəlir və bununla yeni, birtərəfli asılılıq riski formalaşdırır. Dünən Moskva, bu gün Vaşinqton — problemin mahiyyəti dəyişmir, sadəcə istiqamət dəyişir. Bu fondda Avropada enerji təhlükəsizliyi ilə bağlı əsas sual yenidən aktuallaşır: qlobal güclərdən kənarda, siyasi baxımdan hesablana bilən və uzunmüddətli alternativ varmı? Cavab getdikcə daha çox Avropanın cənub-şərqinə, Qafqaza — və xüsusən də etibarlı enerji tərəfdaşı kimi önə çıxan Azərbaycana yönəlir.
Bakupost.az Almaniya mediasında gedən bir məqaləyə istinad edərək xəbər verir ki, Avropa Rusiya qazından imtina etməyə qərarlıdır. Siyasi qərar verilib, tarix də qoyulub – 2027. Amma Avropanın ən böyük problemi hələ də açıq qalır – Rusiya qazından çıxışın alternativi nədir? Və bu alternativ doğrudanmı Avropanı daha təhlükəsiz edəcək, yoxsa sadəcə bir asılılıqdan digərinə sürükləyəcək?
Mövcud mənzərə nikbinlik üçün əsas vermir. Sanksiyalara və siyasi ritorikaya baxmayaraq, Avropa hələ də Rusiya qazından tam qurtulmayıb. Boru kəmərləri ilə idxal olunan qazın təxminən 8%-i, mayeləşdirilmiş qazın (LNG) isə 13%-i hələ də Rusiyadan gəlir. Asılılıq azalıb, amma aradan qalxmayıb.
Əvəzində isə yeni, daha təhlükəli bir tendensiya formalaşır: ABŞ LNG-si. Təkcə Almaniyada ötən il LNG idxalının 96%-i ABŞ mənşəli olub. Avropa miqyasında isə Amerika qazı artıq ümumi qaz idxalının təxminən 40%-ni, LNG bazarının isə 60%-ni təşkil edir. Aparılan tədqiqatlar göstərir ki, bu temp davam edərsə, 2030-cu ilə qədər Avropa LNG-nin 80%-ni ABŞ-dən alacaq.
Bu isə suverenlik deyil – sadəcə asılılığın ünvan dəyişikliyidir.
TAP və TANAP: Rusiyanı kənardan dolanan real enerji marşrutu
Məhz bu nöqtədə Avropanın baxışları getdikcə daha aydın şəkildə Azərbaycanın üzərinə yönəlir. Çünki Avropada hazırda işlək, siyasi baxımdan hesablana bilən və Rusiyanı tam kənardan dolanan yeganə qaz marşrutu var – Cənub Qaz Dəhlizi.
Bu dəhlizin onurğa sütunları isə TANAP (Trans-Anadolu Qaz Kəməri) və TAP (Transadriatik Qaz Kəməri)dir.
Bu kəmərlər kağız üzərində layihə deyil, illərdir işləyən, real qaz nəql edən infrastrukturdur. Xəzər dənizindən çıxan Azərbaycan qazı Gürcüstan və Türkiyə üzərindən Avropaya çatır və bu marşrutda Rusiya yoxdur. Heç bir siyasi təsiri, tranzit rıçağı, “qaz şantajı” olmayan bu kəmərin bir məqsədi var – ticarət.
2026-cı ilin əvvəlindən etibarən Azərbaycan qazı TAP vasitəsilə birbaşa Almaniya və Avstriya bazarına daxil olmağa başlayıb. Bu, təkcə kommersiya müqaviləsi deyil, geosiyasi hadisədir. SOCAR ilə Almaniyanın dövlət enerji şirkəti SEFE arasında imzalanan uzunmüddətli saziş Avropanın enerji xəritəsində yeni ox yaradıb.
Həcm baxımından bu qaz Rusiyanın keçmiş payını dərhal əvəz etmir. Amma məsələ məhz bunda deyil. Məsələ marşrutun kimə məxsus olmasıdır.
Azərbaycan: enerji ixracatçısından strateji tərəfdaşa
Azərbaycan artıq təkcə qaz satan ölkə deyil. O, enerji təhlükəsizliyi istehsal edən aktora çevrilib. 2025-ci ildə Avropaya 12,8 milyard kubmetr qaz tədarük edən Bakı, TAP-ın genişləndirilməsi ilə artıq 16 Avropa ölkəsini əhatə edir.
Bu rol təsadüfi deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi uzunmüddətli enerji və xarici siyasət xətti Azərbaycanın etibarlı tərəfdaş imicini möhkəmləndirib. 2025-ci ilin avqustunda ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla imzalanan sülh sazişi isə Cənubi Qafqazda onilliklər boyu davam edən qeyri-müəyyənliyə son qoyub.
Bu sabitliyin nəticələri artıq görünür: Ermənistan ilk dəfə Azərbaycan enerji məhsullarını idxal edir. Bu, təkcə iqtisadi deyil, geosiyasi transformasiyadır – Rusiya və İranın bölgədəki təsir imkanları daralır, regional inteqrasiya isə genişlənir.
Avropa üçün mesaj aydındır: Cənubi Qafqazda sabitlik olmadan enerji təhlükəsizliyi mümkün deyil. Və bu sabitliyin mərkəzində Azərbaycan dayanır.
Orta Dəhliz: TAP–TANAP-dan daha geniş mənzərə
TAP və TANAP Orta Dəhlizin yalnız enerji hissəsidir. Bu dəhliz Xəzərdən Mərkəzi Asiyaya, oradan isə Avropaya uzanan strateji arteriyadır. Xüsusilə Qazaxıstan bu mənzərədə enerji baxımından kritik rol oynayır.
2025-ci ildə Qazaxıstanın Almaniyaya neft ixracı 44% artaraq 2,1 milyon tona çatıb. 2026 üçün hədəf 2,5 milyon tondur. Bəli, Tengiz yatağı ətrafında qısamüddətli texniki problemlər yaşandı. Amma bu, Qazaxıstanın Avropa üçün etibarlı tərəfdaş statusunu dəyişmir.
Əksinə, bir şeyi açıq göstərir: enerji sistemləri nə qədər mərkəzləşmişdirsə, bir o qədər kövrəkdir. Məhz buna görə Avropa üçün Orta Dəhliz alternativ yox, strateji zərurətə çevrilir.
Nəticə: Avropa seçimini etməlidir
Avropa ya bir LNG tankerindən digərinə möhtac qalacaq, ya da boru kəmərləri üzərindən sabit tərəfdaşlıq quracaq. Birinci yol bahalı, qeyri-sabit və siyasi baxımdan risklidir. İkinci yol isə Azərbaycan kimi regional dayaqlara söykənir.
TAP və TANAP bu gün sadəcə qaz kəməri deyil. Onlar Avropanın enerji müstəqilliyi üçün yeganə işlək magistraldır.
Sual artıq “Azərbaycan alternativdirmi?” deyil.
Yeni sual budur: “Avropa bu alternativi nə qədər ciddiyə almağa hazırdırmı?”
Cavid, BakuPost