İctimai fəal Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığından imtina etmək üçün Prezident Administrasiyasına müraciət edib. Hələlik onun müraciətinə nə cavab veriləcəyi məlum deyil. Digər tərəfdən, Bəxtiyar Hacıyevin hansısa başqa ölkəyə vətəndaşlıq üçün müraciət etdiyi bəlli deyil. Maraqlıdır, o, Azərbaycan vətəndaşlığından imtina edərsə və hansısa ölkə ona vətəndaşlıq verməzsə, o zaman Hacıyevintaleyi necə olacaq? Ümumiyyətlə, dünyada heç bir ölkənin vətəndaşı olmayan şəxslər varmı? Onların sayı nə qədərdir? Bu insanların hüquqları necə qorunur? Və ya onlar deyək ki, səyahət, yaxud mülkiyyət hüququnu necə təmin edirlər? Səyahət etmək istəyən belə insanlar təyyarə biletini hansı sənədlə alırlar?

Maraqlıdır ki, dünyada heç bir ölkənin vətəndaşı olmayan insanların bir qismi, necə deyərlər, anadangəlmə "havada"dırlar. Yəni doğulandan heç bir ölkənin vətəndaşı olmayıblar. Digər qism insanlar isə sonradan heç bir ölkənin vətəndaşı olmamaq "statusu"nu əldə ediblər ki, onları "apatrid" adlandırırlar.
Vətəndaşsızlıq problemini çox zaman "görünməz problem" də adlandırırlar. Çünki vətəndaşlığı olmayan şəxslər demək olar ki, doğulandan ölənə qədər "görünməz" və "eşidilməz" olurlar. Ən pisi isə odur ki, vətəndaşsızlıq nəsildən-nəsilə də ötürülür. Belə ki, vətəndaşlığı olmayan insanların övladları dünyaya gələndə qeydiyyata düşmürlər.
Vətəndaşlığı olmayan insanlara demək olar ki, dünyanın hər yerində, Cənub-Şərqi və Mərkəzi Asiyada, Yaxın Şərqdə, Afrikada, hətta Avropa və Amerikada da rast gəlmək mümkündür.
Belə insanlara adətən, BMT-nin Qaçqınların İşi üzrə İdarəsi kömək etməyə çalışır. Bu idarənin əməkdaşlarının son illər təmasda olduğu vətəndaşlığı olmayan şəxslərlə bağlı hazırladığı materiallar qurumun hesabatına "I belong" ("Mən məxsusam") adı ilə daxil edilib.
Hesabata adı düşən "qəhrəman"lardan biri Gürcüstandan olan erməni Jirayr Çiçiyandır. Nyu-Yorkda olarkən, o, başına gələnlər barədə danışıb:
“Mən Gürcüstanda anadan olmuşam. Ordan çıxanda mənim 5 yaşım vardı. Məktəbə gedirdim, uşaqlıqdan idmanı sevirdim, yunan-Roma güləşi ilə məşğul olurdum. Çox yarışlara qatılır və tez-tez qalib olurdum. Lakin vətəndaşlığım olmadığı üçün xaricdə keçiirlən yarışlara gedə bilmirdim".
Jirayr Çiçiyan milliyyətcə ermənidir, Sovet İttifaqı dağılandan sonra Gürcüstanda anadan olub. Bir neçə ildən sonra onun ailəsi Rusiyaya gedib. O, demək olar ki, bütün ömrünü Rusiyada yaşayıb. Lakin heç bir ölkənin vətəndaşı deyil. Çoxlarına qəribə gələ bilər, lakin dünyada belə insanların sayı rəsmi hesablamalara görə, 10-15 milyon arasındadır.
Bu məsələ ilə bağlı BMT-nin Qaçqınların İşi üzrə İdarəsinin əməkdaşı Nino Kadjayanın sözlərinə görə, təkcə Gürcüstanda belə insanların sayı 20 min nəfərə yaxın olub. Sonradan onların əksəriyyətinə vətəndaşlıq verilib. 2017-ci ilin məlumatına görə isə Gürcüstanda 753 vətəndaşlığı olmayan şəxs yaşayıb.
Qeyd olunur ki, Gürcüstan və digər keçmiş sovet respublikalarında bu problem SSRİ-nin dağılmasından sonra yaranıb. Belə ki, 1991-ci ilin hadisələrindən sonra mövcud vətəndaşlıq qüvvədən düşüb, bir çox insanlar isə yaşadıqları yerdə yeni vətəndaşlıq ala bilmyiblər. Çünki 90-cı illərin iqtisadi reallığı onları bir yerdən başqa yerə getməyə, alternativ gəlir mənbələri axtarmağa vadar edib. Onların bir çoxu Rusiyaya üz tutub, orada isə leqal status almaq çox mürəkkəb olub.
"Röyter"in məlumatına görə, Myanmada 1982-ci ildə buddist çoxluğun qəbul etdiyi qanun müsəlman əhalinin vətəndaşlıqdan məhrum olması ilə nəticələnib. Etnik zorakılıq onların bir çoxunun ölkədən qaçmasına səbəb olub. Məsələn, təkcə Banqladeşdə və digər qonşu ölkələrdə 900 min nəfər vətəndaşlığı olmayan myanmalı müsəlman yaşayır. Onların bəzilərini plantasiya və ya balıqçı gəmilərində işlətmək üçün qul kimi alırlar.
Kot-d'İvuar-da isə 692 min vətəndaşlığı olmayan insan yaşatır. Onların əksəriyyəti Burkino-Faso, Mali və Qanadan gələn miqrantların törəmələridir.
2019-ce ildə aparılan araşdırmalara görə, Tailandda 479 min, Latviyada 225 min, Estoniyada 78 min, Küveytdə 92 min, Nepalda 100 min, Dominikan Respublikasında 134 min, İraqda 47 min vətəndaşlığı olmayan şəxs yaşayır. Mərkəzi və Şərqi Avropada on minlərlə rumının (qaraçı) da vətəndaşlığı yoxdur.
Maraqlıdır, görəsən, Bəxtiyar Hacıyev də "havada olan" bu insanların sırasına qoşulacaqmı?
Zaur,
BakuPost