Ru
12:32 / 11 İyun 2025

ABŞ-ni iğtişaşlar bürüyür – Etirazlar niyə Kaliforniyadan başladı? - ŞƏRH

ABŞ-ni iğtişaşlar bürüyür – Etirazlar niyə Kaliforniyadan başladı?  - ŞƏRH
Eye

ABŞ-nin Kaliforniya ştatında baş verən son etiraz və qarşıdurmalar ölkənin yeni bir gərginlik mərhələsinə keçidinin siqnalı kimi qiymətləndirilir.


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli hadisələrin mahiyyəti və arxasında duran səbəbləri Bakupost.az -a şərh edib.


Onun sözlərinə görə, Donald Tramp hələ prezident seçilməmişdən öncə qanunsuz miqrasiyaya qarşı sərt vədlər verirdi. O, prezident seçildikdən sonra bu istiqamətdə qanunvericilik təşəbbüsləri və icra sərəncamları ilə ilk addımlarını atdı. Bu siyasət Trampın sosial bazası tərəfindən yüksək qiymətləndirilsə də, xüsusilə Kaliforniya kimi miqrantlara qarşı daha humanist münasibət göstərən ştatlarda ciddi narazılığa səbəb oldu:

“Kaliforniya miqrant sığınacağı hesab olunan ştatlardandır. Ştatda miqrantlara kifayət qədər humanist davranılır, onların yerləşməsi və hüquqları ilə bağlı qaydalar daha yumşaqdır. Amerika güc strukturlarının həyata keçirdiyi tədbirlər Kaliforniyada əks reaksiya doğurub və nəticədə bu hadisələr baş verib.
Bu məsələdə Trampın sərt miqrasiya siyasəti ilə yanaşı siyasi mübarizə elementləri də var. Kaliforniya demokratların əsas dayaqlarından biridir və ştatın qubernatoru da demokratların əsas liderlərindən biri – Qevin Nyusomdur.
Hesab edirəm ki, burada demokratlarla respublikaçılar, xüsusilə MAGA qruplaşması arasında olan mübarizənin bir elementi də özünü göstərir. ”

Mətin Məmmədli ümumilikdə baş verənləri ABŞ-də son illərdə artan qütbləşmənin və qarşıdurmanın daha bir təzahürü kimi dəyərləndirir. Ekspertə görə, Kaliforniyada baş verən hadisələr ABŞ-nin daxili siyasi sabitliyinə mənfi təsir göstərir və bu vəziyyətin digər ştatlara da yayılma ehtimalı var:

“Hadisələr bir neçə gündür başlayıb və artıq reaksiyalar Kaliforniya ilə məhdudlaşmır. Baş verənlər ölkə mediasında və ictimai rəyində geniş rezonans doğurub və xəbərlər gəlir ki, digər ştatlarda da oxşar aksiyalar keçirilir.
Trampın sərt miqrasiya siyasətinə qarşı etirazlar digər ştatlara da yayıla bilər və bu, siyasi vəziyyətə təsir göstərə bilər. ABŞ-nin digər ştatlarında da, xüsusilə demokratların idarə etdiyi bölgələrdə narazılıq var. Həmin ştatlarda da bu tip hadisələrin baş verməsi üçün siyasi zəmin mövcuddur.”


Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar