Ru
18:35 / 12 İyun 2025

Alim Qasımov rep dedi, dünya dağıldı?..

Alim Qasımov rep dedi, dünya dağıldı?..
Eye

Dünən Xalq artisti Alim Qasımovun bir toy mərasimində zarafatla ifa etdiyi ritmik rep sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub. Kimisi bunu "zarafat" adlandırdı, kimisi də “sənətə yaraşmayan hərəkət” dedi.

Ancaq unutmayaq ki, Alim Qasımov çoxdan Azərbaycandan kənarda da sənətin əzəmətini daşıyan bir simvola çevrilib.

O, sadəcə bir xanəndə deyil – o, muğamın ruhudur. Alim Qasımov təkcə Azərbaycan deyil, dünya musiqisinin nadir fenomenlərindən biridir. Onun ifaları Qərb musiqi nəzəriyyəçiləri tərəfindən araşdırılıb, Şərq fəlsəfəsinə nüfuz edən vokal dramaturgiyası ilə qiymətləndirilib. Bu ad UNESCO tərəfinddən “Yaşayan İrs” səviyyəsində tanınıb.

2005-ci ildə “BBC World Music Awards” mükafatını alan zaman dünyanın musiqi biliciləri onu belə təqdim edirdi: “Səsi bir çay kimi axır, duyğusu bir xalqa bəs edir.”

Bu, təkcə Alim Qasımovun deyil, bütövlükdə Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanınması demək idi. Bundan əlavə, Alim Qasımovun ifaları Fransa, Almaniya, Hollandiya, ABŞ, Kanada, Rusiya, İran, Yaponiya və digər ölkələrdə konsertlər zamanı tamaşaçıları heyrətləndirib.
Onun ifaları Fransa, Almaniya, Yaponiya, ABŞ kimi ölkələrin ən tanınmış səhnələrində səslənib – UNESCO tədbirlərində, Carnegie Hall-da, Hollandiyadakı “Concertgebouw” səhnəsində muğamın səsi onun timsalında dünyaya yayılıb.

Alim Qasımov bir çox dünya musiqiçiləri ilə — Jeff Buckley, Kronos Quartet, Björk kimi sənətçilərlə əməkdaşlıq edib. Bu duetlərdə o, muğamın yalnız milli deyil, bəşəri bir musiqiolduğunu göstərib.

Alim Qasımovun sənəti klassiklərlə cəsarətin sintezidir. O, muğamı qoruyub saxlamaqla yanaşı, onu yaşatmaq üçün improvizələr etməkdən də çəkinməyib. Onun sintezləri də, improvizələri də həmişə uğurlu alınıb. Elə dünən toyda səsləndirdiyi qısa rep parçası bunun simvoludur: sənət bir qəlibdə yox, ruhun axarında yaşamalıdır.

Əslində, bu hadisə Alim Qasımovun sənətdəki mövqeyini yenidən gündəmə gətirmək və onun əsl kimliyini bir daha xatırlamaq üçün mühüm bir fürsət yaradır. Çünki Alim Qasımov yalnız qeyd etdiyimiz kimi, Azərbaycanın deyil, dünyanın tanıdığı və qəbul etdiyi ən böyük musiqi sənətçilərindən biridir.

Alim Qasımovun musiqi karyerası yalnız Azərbaycan səhnəsi ilə məhdudlaşmayıb. O, muğamı dünyanın aparıcı konsert zallarına çıxarıb. Onun ifaları bir çox beynəlxalq festivallarda səslənib, sənəti xarici musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib. Məşhur "The New York Times" qəzetində onun səsi haqqında yazılıb: "Onun vokal texnikası klassikləri aşır, səsi isə dinləyicinin ruhuna toxunur".

Alim Qasımovun dünya miqyasında tanınmasına səbəb olan əsas məqam, muğamı yalnız ənənəvi formada deyil, həm də yeni tərzdə təqdim etməyi bacarmasıdır. O, muğama improvizasiya elementləri, bədii səmimiyyət və qeyri-adi vokal yanaşma gətirərək onu yaşayan, nəfəs alan bir sənətə çevirib.

Alim Qasımov hər zaman sənətdə yeniliklərə açıq olub. O, fərqli janrlardan olan musiqiçilərlə əməkdaşlığa gedərək muğamı dünya musiqi xəritəsində yeni koordinatlara daşıyıb. Kronos Quartet ilə etdiyi musiqi layihəsi təkcə sənət hadisəsi deyil, həm də mədəni körpü kimi dəyərləndirilib. Bu əməkdaşlıq nəticəsində Qərbin simfonik musiqisi ilə Şərqin muğam ənənəsi birləşdi və bu sintez musiqi ictimaiyyətində böyük maraq doğurdu.

Alim Qasımovun toyda səsləndirdiyi zarafat dolu ritmik sözlər bəzi kütləvi informasiya vasitələri tərəfindən kontekstdən çıxarılaraq təqdim edildi. Halbuki bu cür jestlər Alim Qasımovun xalqla birbaşa təması, ona yaxın olması və sənətkarın insaniliyi ilə bağlıdır. Böyük sənətkar həm də böyük insan olmalıdır – Alim Qasımov isə bunu hər zaman nümayiş etdirib.
Ramiz Rövşən demişkən:

Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daşqalaq eylər.
Bir əlində daş var,birində Quran,
Daş atan bilirmi nə günah eylər?!

O, nəinki xalqın içindən çıxıb, həm də xalqın içində qalıb. Bu, sənətçinin xalqla olan bağının sübutudur. Onun sənəti qapalı akademik mühitlə məhdudlaşmır – o, canlıdır, xalqın toyunda da, filarmoniyada da eyni dərəcədə yaşaya bilir.

Dünən o, sadəcə toyda zarafatla, ruh yüksəkliyi ilə bir neçə misra "rep" deyib. Nə oldu? Dünya dağıldı? Axı "Xalq sənətkarı" deyəndə biz içimizdən biri olan, yaşayan, hiss edən, gülən və bəzən də zarafat edən bir insan görürük.

Muğamı illərlə yaşadan, ona yeni nəfəs verən, onu dünyaya çıxaran bir sənətkarı bir neçə saniyəlik zarafata görə linç etmək qərəzdən başqa bir şey deyil.

Alim Qasımov bu xalqın qəlbinin səsidir. O səs bəzən muğam deyər, bəzən zərb-müqabil deyər, bəzən də zarafatla bir neçə misra rep deyər. Amma nə edərsə etsin, o səs həmişə bizə məxsusdur, həmişə bizimkidir...

İltifat HACIXANOĞLU

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar