Ru
12:22 / 29 Noyabr 2021

Almaniyada yaşayan məşhur azərbaycanlı alim: “İlk növbədə müəllimə münasibət dəyişməlidir” - Müsahibə - FOTO

21739
Məsud Əfəndiyev Azərbaycanın Zaqatala şəhərində anadan olub. O, orta məktəbi fərqlənmə diplomu ilə bitirib, Bakı və Moskva Dövlət Universitetinin riyaziyyat-mexanika fakültəsində təhsil alıb. Diplom işini professor Mark Vişık və Aleksandr Şnirelmanın rəhbərliyi altında yazıb. Bu iş 1975-ci ildə nəşr üçün akademik Əşrəf Hüseynov tərəfindən "Azərbaycan SSR-i Elmlər Akademiyasının Məruzələri” jurnalına təqdim edilib.

O, 1989-cu ildə birgə əməliyyatlar aparmaq üçün ABŞ Merilend Universiteti tərəfindən dəvət olunub, orada onun elmi nailiyyətləri ilə maraqlanan alman həmkarları ilə tanış olub. Elə orada da Humboldt mükafatı müsabiqəsində iştirak etmək üçün sənədlərini təqdim etmə təklifini alıb. Həmkarları onun namizədliyini dəstəkləyiblər və bu mükafatı alandan sonra Əfəndiyev onun ikinci vətəni sayılan Almaniyada qalmaq qərarına gəlib.

Beynəlxalq aləmdə tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev professor olaraq Yaponiya, Avropa, Kanada və ABŞ-ın bütün universitetlərində bir çox məruzələr edib. On aparıcı Beynəlxalq jurnallarının redaksiya şuralarının üzvü olmaqla bərabər, International Journal of Biomathematics and Biostatistics jurnalın baş redaktoru və Yaponiya, Almaniya, ABŞ və İsveçrədə nəşr olunan beş monoqrafiya müəllifidir.


“Humboldt” mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru Məsud Əfəndiyev Bakupost.az -a eksklüziv müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:


- Məsud bəy, sizi doğma Vətəndə görmək çox xoşdur. Azərbaycana tez-tez gəlirsiz?

- Artıq 30 ildir Almaniyada yaşayır və orada fəaliyyət göstərirəm. Azərbaycan vətənimdir, əlbəttə, ildə bir neçə dəfə gəlirəm. Hətta bir çox dünyada tanınmış alimləri də ölkəmizə gətirir və tələbələrimiz üçün onların mühazirələrini təşkil edirəm.


- Sizin diaspor və lobbiçilik fəaliyyətiniz də var. 44 günlük Vətən Müharibəsində Almaniyada diaspor və lobbiçilik fəaliyyətinizi necə təşkil etdiniz?

- Vətən Müharibəsi Azərbaycanın qazandığı ən böyük zəfərdir. Almaniyanın ən nüfuzlu iki mükafatını qazanmış azərbaycanlı olaraq ətrafımda olan insanların hər biri Almaniyada söz sahibidirlər. Onlar siyasətdə, elmdə, iqtisadiyyatda və digər sahələrdə fəaliyyət göstərirlər. Azərbaycanın haqq səsini bilavasitə həmkarlarıma çatdırmaqda mənim üçün heç bir problem olmayıb. Bu istiqamətdə fəaliyyətimi xüsusi qeyd etmək lazım deyil, çünki bütün dünyada yaşayan azərbaycanlılar haqq savaşımızda bir yumruq kimi birləşib, qələbənin ərsəyə gəlməsi üçün əlimzdən gələni etdik. Almaniyada və başqa ölkələrdə siyasətlə maraqlanmayan insanlar deyirdilər ki, biz sizdən çox şey öyrənməliyik. Bütün dünya Azərbaycanın Vətən Müharibəsindəki döyüş taktikasına, yeni texnikalardan istifadəsinə heyran qaldı. Qeyd edim ki, 44 günlük Vətən Müharibəsində Almaniyada yaşayan azərbaycanlılar olaraq sosial mediada da aktiv şəkildə haqq səsimizi dünyaya çatdırmağa çalışırdıq. Bütün dünya, hətta siyasət ilə maraqlanmayan adamlar Azərbaycan əsgərinin, Azərbaycan xalqının gücünü gördü. Bu, bilavasitə Azərbaycanda elmə olan münasibətin təzahürü idi. Çünki ən son texnikalar ilə idarə olunan bir ordumuzun olması qürurvericidir. Ona görə ki, hərbiyə aid yeni texnikaların idarə olunması böyük elmi təfəkkür istəyir, o da bizim ordumuzun əsgər və zabitlərində kifayət qədər var.

- Almaniyada lobbiçilik fəaliyyətinizə görə ermənilər və Azərbaycanın düşmənləri tərəfindən təzyiqlər olubmu?

- Mən heç bir təzyiqlərlə üzləşməmişəm. Almaniyada bu qeyri-mümkündür. Çünki Almaniyada erməni lobbisi demək olar ki, yoxdur. Bunun bir neçə tarixi səbəbləri də var. Almaniyada böyük türk diasporunun olması, o cümlədən Azərbaycan diasporunun 90%-nin yüksək intellektual səviyyəli insanlardan ibarət olması çox mühüm amillərdəndir. Ermənilərin də bu mənada bizim qarşımıza hansısa bir iddia ilə gələ bilmə ehtimalı sıfırdır. Eyni zamanda Türkiyə və Azərbaycan diasporunun bir yerdə çalışması Almaniyada ermənilərə heç bir şans vermir. Hətta bir neçə ermənipərəst amerikalıya Azərbaycanın haqq savaşı və eyni zamanda Azərbaycan haqqında bütün həqiqətləri deyəndən sonra onlar bizi təbliğ etməyə başladılar. Bir sözlə, bizim tərəfimizə keçdilər. Bütün istiqamətlərdə doğru təbliğatın rolu çox mühümdür. Azərbaycan haqlı mövqeyini ortaya qoyan zaman siz sadəcə deməlisiniz ki, mən bunu deyirəm siz mənə inanmaya bilərsiz, amma gedin yoxlayın. Bunu deyəndə qarşınızdakı insan fikirləşir ki, görün bu insan, verdiyi məlumatın düzgünlüyünə, özünə nə qədər inanır və bizə deyir ki, mənə inanmırsansa get yoxla. Bu çox böyük bir şeydir. Almaniya həmişə özünü Azərbaycanın lehinə göstərib. Təbii ki, orada da ermənipərəst siyasətçilər, jurnalistlər var, amma ümumiyyətlə götürəndə Almaniyada bu çox azdır.

- Məsud bəy, Azərbaycandan baxanda düşünürük ki, Almaniyada təhsil bizdən qat-qat üstündür. Siz uzun müddətdir bu təhsil sistemindəsiniz. Almaniya ilə Azərbaycan təhsilinin oxşar və fərqli cəhətləri hansılardır?

- Paradoksal görünsə də oxşar cəhətləri çoxdur. Çünki Azərbaycan təhsil sistemi 30 il keçməsinə, müəyyən dəyişikliyin olmasına baxmayaraq, sovet təhsil sisteminin davamçısı kimi gedir. Həmçinin Almaniyada da Çar Rusiyasından qalmış təhsil sistemin davamıdır. Bildiyiniz kimi Çar Rusiyasında o zaman irəli gedən təhsil sisteminin hamısında almanlar olublar. Ona görə Almaniyanın təhsil sistemi ilə indiki Azərbaycan təhsil sisteminin ortaq köklər mövcuddur. Mən ildə 2-3 dəfə Azərbaycana gəlirəm, amma bilirəm ki, çox böyük dəyişikliklər olmayıb. Lakin sovet təhsil sisteminin yaxşı cəhətləri ilə bərabər, pis cəhətləri də olub. Müəyyən sahələrdə, məsələn, molekulyar genetika, kompüter elmləri, yeni texnologiyalar sahəsində çox geridə qalmışıq . Gələcək, yalnız yeni texnologiyanın təhsilə tətbiqi ilə bilavasitə bağlıdır. Elmlərin qovuşması, yeni nəticələrin alınması, yeni sənaye inqilabları ilə bağlıdır. Bu istiqamətlərdə dünyanın bir çox ölkələri də geridə qalıb. Bu baxımdan zənnimcə görüləsi işlər çoxdur.



- Sizcə, Azərbaycan təhsil sistemində ilk növbədə hansı dəyişikliklər olmalıdır?

- Hazırda Azərbaycanı bütün dünyada neft ölkəsi kimi tanıyırlar. Amma Prezident Azərbaycanı təkcə neft ölkəsi kimi yox, başqa sahələrdə də tanınması istiqamətdə işlərin aparılmasının vacibliyini qeyd edir. “Smart City” deyilən anlayışı biz artıq Azərbaycanda görürük. Buna misal olaraq işğaldan azad olunmuş rayonlarda “ağıllı kənd” və “ağıllı şəhər”lərin yaradıldığını görürük. Eyni zamanda, bu yeniliklərin Azərbaycanda vaxtında tətbiqi çox vacibdir. Sürətlə dəyişən dünyada, bu yenilikləri vaxtında etməyi bacarsaq, Azərbaycan çox böyük uğurlar qazanacaq. Dünyada teatr nəzəriyyəsinin əsasını qoyan K.S.Stanislavskinin çox gözəl bir deyimi var: “Teatr asılqandan başlayır”. Bu baxımdan təhsil də bağçadan başlayır. Övladlarımın ikisi də Almaniyada doğulub və böyüyüblər. Onların bağçadan tutmuş təhsildə bütün əldə etdikləri nailiyyətlər gözümün qabağında olub. İnanın tam səmimiyyətimlə deyirəm, Almaniyada müəllimə, professora, təhsilə olan hörmət nazirlərə olan hörmətdən qat-qat yüksəkdir.

Artıq indiki müəllim bütün yeniliklərə cavab verən müəllim olmalıdır. Gəlib dərsi deyib gedən müəllim yox, öz üzərində çalışan bir müəllim olmalıdır. Almaniyada müəllimlər ayda bir dəfə Təhsil Nazirliyinə yeni tendensiyalar, sənaye inqilabı ilə bağlı təkliflərini verirlər. Eyni zamanda universitetlər regiona uyğun çalışırlar. Məsələn, Almaniyanın Ştutqard Universitetində siz tibb fakültəsini görməzsiniz. Çünki Ştutqardda ən böyük zavodlar, Mercedes Avtomobil firması yerləşir və həmin əyalət texniki profil sayılır. Bu da təhsilin infrastrukturu ilə bilavasitə bağlıdır. Berlində isə daha çox siyasi elmlərlə məşğul olanlar çoxdur. Çünki Berlin Almaniyanın paytaxtıdır və burada daha çox siyasətə üstünlük verilir. Yəni, regiondan asılı olaraq təhsilin istiqaməti təyin olunur. Ona görə hər zaman vurğulayıram ki, müəllimin bütün yeni çağırışlara hazır olması çox mühüm amildir. Eyni zamanda elm adamına, müəllimə olan fikir dəyişməlidir.

- COVID-19 bütün sahələrə olduğu kimi təhsilə də öz mənfi təsirini göstərib. Pandemiyanın təhsilə təsirini azaltmaq üçün dünya elm adamları hansı tətbiqləri həya keçiriblər və yaxud keçirəcəklər?

- Xalqımızın gözəl bir deyimi var, hər şərdə bir xeyir var. Kovidin mənfi tərəfləri ilə yanaşı bir neçə müsbət tərəfləri də oldu. Müsbət tərəfi odur ki, təhsilə yeni baxış yaratdı. Məsələn, xarici müəllimlərə mühazirə keçmək üçün çox böyük pullar ödənilirdi. Nobel mükafatçılarının mühazirə qonorarı təxminən 30-35 min dollardır. Amma indi onlayn sistem vasitəsilə siz həmin Nobel mükafatı lauriatlarının mühazirələrinə pulsuz baxa bilirsiz. Onlayın təhsilin mənfi cəhətlərindən biri odur ki, tələbələrin imtahan ərzində köçürməsini izləyə bilmirsiz. Tələbə evdə oturub imtahan verdiyi zaman rahatca internet resursundan istifadə edə bilər. Bunun qarşısını almaqdan ötrü kompüter elminin qarşısında böyük çağırışlar olmalıdır. Distant ali təhsilin qiymətləndirilməsində müxtəlif yanaşmalar, proqramlar mövcuddur. Bu sahədə əsas proqramlardan biri “Crowdmark” metodudur. “Crowdmark”in üstünlüyü ondan ibarətdir ki, bu sistem daha sadə, ərsəyə gələn, ekoloji cəhətdən təmizdir. Sistem tələbələrə cavablarını smartfon vasitəsilə yükləməyə imkan verir. Müəllimlər isə birbaşa müdaxilə edərək orada qeydlərini apara bilirlər və qiymətləndirmə qısa müddət ərzində tamamlanır. Onlayn tələbə biliyinin qiymətləndirilməsinin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də var.

Qiymətləndirmə üçün mükəmməl sistem hələ ki, hazırlanmayıb. Lakin qiymətləndirmədə köçürmənin, əlavə vasitələrdən istifadənin qarşısının alınması və minimuma endirilməsi mümkündür. Bu, imtahanı hazırlayan professorun səriştəsindən də asılıdır. Distant seminar və mühazirələrdə bütün məsələlər nəzərə alınmalı və ekspertlər tərəfindən tənzimlənməlidir. Distant və klassik təhsil bir-biri ilə rəqabət aparmamalı, əksinə, bir-birini tamamlamalıdır. Universitetlər arasında rəqabət bu balansı gözləməklə aparıla bilər. Distant təhsildə “dress kod” tələbi olmalıdır. Bu təhsildə imtahanlar yalnız distant formada aparılmalı deyil. Bu gün tətbiq edilən distant təhsil forması həm əyani, həm də qiyabi təhsil hesab edilə bilər.

- Pandemiyada keyfiyyətli təhsili necə qurmalıdır?

- Pandemiyada keyfiyyətli təhsili qorumaq çətindir. Çünki ənənəvi təhsil əvəzedilməzdir, yəni müəllimlə canlı ünsiyyətin rolunu heç bir şey əvəz edə bilməz. Lakin statistikalar göstərir ki, gələcəkdəki təhsilin 60%-i ənənəvi, 40%-i isə onlayn olacaq. Buna getmək lazımdır. Hətta pandemiya bitəndən sonra bu məsələni təkmilləşdirmək lazımdır. Heç kim qarant vermir ki, pandemiya bitəndən sonra yeni virus yaranmayacaq. Ona görə biz hər formada hazır olmalıyıq.

Mənə elə gəlir ki, pandemiyanın belini qırmışıq. Artıq pandemiya haqqında çox şey bilirik. İnsan çox şey bildiyi zaman rahat olur və məsələyə nikbin yanaşır. Hətta müəyyən mutasiyalar olsa belə əvvəlki kimi ağır olmayacaq. Amma ÜST panemiyadan çıxış yolu kimi məhz peyvənd olunmağı tövsiyə edib. Tələbələrimə də riyazi yolla vaksinin rolunu, əhəmiyyətini başa salıram. Çünki bu gün dünyada vaksinə qarşı çox böyük müqavimət kampaniyası var. Amma elm onu göstərir ki, bu müqavimət kampaniyası artıq sona çatmalıdır. Çünki real statistik rəqəmlər göstərir ki, vaksinin rolu əvəzedilməzdir.



- Bakıda keçirilən Qərbu Kaspi Universitetində keçirilən “Gələcəyin enerji həftəsi”ndə sizin də mühazirələriniz olub. Təhsil sahəsi alternativ enerji resurslarına necə reaksiya verməlidir?

- 44 günlük Vətən Müharibəsindən sonra bu, ən aktual məsələlərdən biridir. Çünki bayaq qeyd etdiyim kimi burada “Smart City” ön plana çıxır. Eyni zamanda alternativ enerji mənbələri və onların düzgün seçilməsi çox vacibdir. Bu həftənin keçirilməsi nəyinki alternativ enerji mənbələrinə həm də mühəndis sahəsinə olan meylin azalması haqqında da müzakirələr ön plana çıxıb. Dünyanı 10 aparıcı ölkəsinə baxsanız son 15-20 ildə mühəndislik sahəsinə olan rəğbət qat-qat artıb. Çünki biz 4-cü və 5-ci sənaye inqilabları ilə üzləşirik. Orada da mühəndissiz yeni çağırışlara cavab vermək qeyri-mümkündür. Zənnimcə, “Gələcəyin Enerji həftəsi”nin nəticəsi olaraq mühəndis sahəsinə meyili gücləndirmək lazımdır.

- Məsud bəy, bir az da ailənizdən danışaq…

- Yoldaşım Azərbaycanda Konservatoriyanı bitirib və Almaniyada Musiqi Akademiyasında dərs deyir. İki övladım, bir oğlum və bir qızım var. Oğlum Fərid 6 yaşında olanda biz Almaniyaya köçmüşük. Qızım Məryəm isə Almaniyada doğulub. Fərid hazırda Almaniyada bankda çalışır, qızım isə bu il Avropanın ən tanınmış universitetlərinin birində magistraturanı bitirib. Onların 44 günlük Vətən Müharibəsində Azərbaycan diaspor nümayəndələri ilə birlikdə daim ölkəmizə həm sosial mediada həm də əllərində müxtəlif şüarlarla küçələrdə dəstək veriblər. Hər ikisi də Azərbaycan dilində tərtəmiz danışırlar. Həmçinin evdə ailəvi olaraq yalnız Azərbaycan dilində danışırıq. Ayda bir dəfə Ştutqartda olan azərbaycanlı tələbələri evimizdə qonaq edirik və milli mətbəximizə aid etmək olan bütün yeməkləri bişiririk. Yeməkləri də həyat yoldaşım bişirir. Onu da qeyd edim ki, almanlar Azərbaycan mətbəxin də çox sevirlər. Bizim əslimiz Zaqatala rayonundandır, ona görə bütün Azərbaycan yeməkləri dünyada örnək olunası yeməklərdir. Azərbaycanımızı həm elmi, həm mədəni, həm də siyasət baxımdan Almaniyada layiqincə təmsil etməyə çalışırıq. Əminəm ki, Azərbaycan Vətən Müharibəsində qazandığı Qələbədən sonra dünyada yeni uğurlara imza atacaq.



F.Söhrabqızı
Baku Post

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq hazırlanması “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda hazırlanıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər