Ru
23:11 / 17 İyul 2025

"Atlant"ın sahibinin adı keçən cinayət işində iddia qaldırıldı: 90 min manat...

"Atlant"ın sahibinin adı keçən cinayət işində iddia qaldırıldı: 90 min manat...
Eye

"Təbriz" MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Bakupost.az "Teleqraf"a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrlik etdiyi prosesdə şahid qismində Şahin Tapdıqov ifadə verib.

Onun sözlərinə görə, zərərçəkmiş Fərhad Zəkriyevi və digər şəxsləri tanımayıb:

"Mən 2018-ci ildə şirkətdən 110 kvadrat mənzil almışdım. Sonra imkanım olmadı, geri qaytarmaq üçün müraciət etdim. Əvvəlcə Nofəl müəllim bunun mümkün olmadığını dedi. Amma sonradan məni çağıraraq pulumu geri qaytardı. Mən evi heç kimə satmamışam. Mənzili qaytarmışam, Nofəl müəllim də mənə 95 min manat ödəniş edib. Mən müqaviləni geri qaytardım, pulu götürərək getdim. Mənə pul lazım idi, ona görə də evi geri qaytarmaq qərarına gəldim. Çünki pula ehtiyacım var idi, borca düşmüşdüm".

Hakimlər heyətinin səsləndirdiyi sənədlərdən məlum olur ki, şirkət həmin mənzili 2018-ci ilin may ayında Fərhad Zəkriyevə 154 min manata satıb. Bir mənzil bir ayın içində iki nəfərə müxtəlif qiymətlərlə satılıb. Sonra mənzil daha bir nəfərə satılıb. Bu zərərçəkmiş Məmmədəli İsmayılovdur.

Ş.Tapdıqov məhkəmədə deyib ki, həmin şəxs onun evinə gəlib, özünü prokurorluq işçisi kimi təqdim edib, onların arasında mübahisə yaranıb. M.İsmayılov deyib ki, mənzili Ş.Tapdıqovdan 98 min manata alıb. Amma Tapdıqov israrla mənzili həmin şəxsə satmadığını, şirkətə geri qaytardığını deyib. Bu zaman onların arasında mübahisə yaranıb. Onlar bir-birini ittiham ediblər.

Sonra zərərçəkmiş Hüseyn Əliyev tərəfindən Nofəl Hacıyevə qarşı qaldırılan mülki iddia elan olunub.

O, ümumilikdə 90 min manat mülki iddia qeyd edib. Hakimlər heyəti mülki iddianı icraata qəbul ediblər. Hakim zərərçəkmiş Bayram Yusibovun nümayəndəsinin diqqətinə çatdırıb ki, müdafiə tərəfi onun dindirilməsini istəyib. Həmin şəxsin məhkəmədə hazırda iştirak etmədiyi, gəlməsə, məcburi gətirilmə qərarı çıxarıla biləcəyi vurğulanıb. Nümayəndə qeyd edib ki, B.Yusibovun vəziyyəti yaxşı deyil, bu səbəbdən məhkəmədə iştirak edə bilmir.

Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov isə bildirib ki, zərərçəkmişin səhhəti ilə bağlı heç bir problem yoxdur. Vəkil həmin şəxsin məcburi qaydada məhkəməyə gətirilməsini istəyib. Məhkəmə zərərçəkmiş B.Yusibovun və digər bir neçə şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib.

Növbəti proses iyulun 24-də davam edəcək.

Qeyd edək ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində "Təbriz" MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 172 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib.

Nofəl Hacıyev "Atlant" İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni olmaqla yanaşı, mərkəzin şəriklərindən biri hesab olunur. İttihama görə, vətəndaşlardan toplanan vəsait "Atlant"ın təmir və tikinti işlərinə sərf olunub. Cinayət işi çərçivəsində "Atlant" İstirahət Mərkəzinin əmlakına həbs qoyulub. Əgər məhkəmə hökmü çıxarılarsa, bu əmlak zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər. "Atlant"ın sahibi Tahir Qədəşovdur. Məhkəmədə onun da məsuliyyətə cəlb olunması tələb edilmişdi.

Bu vəsatət hələlik baxılmamış qalır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar