Böyük Britaniya 6 milyard funt sterlinqə silah fabrikləri tikəcək və minlərlə raket alacaq. Bu xəbər Qərb informasiya məkanının əsas başlıqlarından biridir.
Bakupost.az xəbər verir ki, bu barədə Sürixdə yaşayan jurnalist Elbəyi Həsənli bildirib.
“Qoca Avropa Rusiyadan da, lazım gəlsə, Amerikadan da üstün ordu yarada bilər. Mən buna əminəm. Niyə? Çünki Avropa ultra-müasir texnologiyalara sahibdir. Pul-parası da başından aşır. Sadəcə dünənə qədər Avropa öz müdafiəsini ABŞ-a etibar etmişdi. İndi məlum olur ki, yanlış edib. Ona görə də yanlışı düzəltmək üçün hərəkətə keçib. Özü də təkcə Böyük Britaniya yox, Almaniya, Fransa, İspaniya, İtaliya...
Rusiyanın qara günləri hələ qarşıdadır!
Rusiya-Ukrayna müharibəsi başa çatsa belə Avropa sürətlə silahlanacaq. Çünki müdafiəsiz Avropa nə qədər zəif olduğunun fərqindədir...
Bu arada isə Türkiyə xüsusi statusda olan bir ölkəyə çevrildi. Niyə? Çünki Türkiyə hərbi sənayesi ortaya ağlasığmaz nəticələr qoydu. Belə bir uğurun əldə olunacağı kimsənin ağlının ucundan belə keçməzdi. Türkiyə bütün dünyanı heyrətdə buraxdı.
Hazırda Türkiyə hərbi potensialını sürətlə artırır. Dünyanın bütün güc mərkəzləri Türkiyəni öz yanında görmək istəyir.
Ərdoğan Türkiyəsi bütün gücünü, resurslarını hərbi sənayenin inkişafına yönəltdi. Türkiyə silah idxalçısından silah ixracatçısına çevrildi...
Dünyada gedən siyasi proseslər elə bir məcrada inkişaf etdi ki, Türkiyənin son 20 ildə hərbi sənayeyə güc verməsi rəsmi Ankaraya ağlasığmaz imkanlar qazandırdı.
Təsəvvür edirsinizmi, NATO-da Türkiyənin müttəfiqi olan ABŞ İsrailə, hətta Birləşmiş Ərəb Əmirliklərinə F-35 qırıcısı satırdı, Türkiyəyə isə satmırdı. Eləcə də digər Qərb ölkələri Türkiyənin hərbi sənayesi üçün vacib olan komponentləri türklərə satmaqdan imtina edirdilər. Hətta Türkiyəyə embarqo tətbiq etməkdən belə çəkinmirdilər.
İndi isə Rusiyaya qarşı Türkiyədən mədət umurlar. Ona görə də Türkiyə-Azərbaycan-Pakistan ittifaqı xüsusi önəm daşıyır.
Mən əminəm ki, NATO Türkiyəyə görə vuruşmaz. Ancaq Azərbaycan və Pakistan Türkiyəyə görə silaha sarılar.
Mənə görə, deklartiv ittifaqlar boş şeydir, gərək həqiqi müttəfiqlərə istinad edəsən.
Əlbəttə, Türkiyəyə müharibə qətiyyən lazım deyil. Ancaq o da faktdır ki, təpədən dırnağa qədər silahlanmış bir ölkəyə kimsə hücum etməz. Edən də həmən peşman olar”, - o bildirib.