Güney Azərbaycan bölgəsində İran rəsmi qaynaqlarında yayımlanan xəritədə Qərbi Azərbaycan əyalətinin mərkəzi olaraq tanınan Urmiya şəhərinin Türkiyənin dövlət kanalı TRT-də "kürd şəhəri" olaraq tanıdılması ya cəhalət, ya da proqrama məsul şəxslərdən qaynaqlanan xəyanətdir.
Bakupost.az xəbər verir ki, bunu Türkiyədə yaşayan azərbaycanlı professor Aygün Attar TRT-də 10 iyulda Urmiyanın kürd şəhəri olması ilə bağlı yayımlanan bir saatlıq veriliş haqda qeyd edib.
"Kürdləri sevmək sərhəd tanımırmı? Buralar azmış kimi, sərhədlərdən kənarda, həm də Türkiyə sərhədinə 50 km məsafədə yerləşən, eyni zamanda İraq sərhədinin çox yaxınlığında olan Azərbaycan türklərinin tarix boyunca ən sıx yaşadığı son dərəcə strateji bölgəni kürd şəhəri olaraq tanıtmaqda məqsəd nədir? Heç olmasa, Türkiyə Dəyanət Vəqfinin yaydığı İslam ensiklopediyasını oxuyardınız... Orada yazılır: “Başda İstəxri olmaqla İslam coğrafyaçıları X-XIII əsrlərdə havasını, suyunu və meyvələrini öydükləri Urmiyəni (Rumiyə/Urumiyə) Ərdəbil və Marağadan sonra Azərbaycanın üçüncü böyük şəhəri deyə təsvir etmişdir”.
O tarixdən indiyədək Urmiya türk şəhəri olaraq kimliyini qoruyub saxlayıb.
Bu ilin martında fars rejiminin Novruz bəhanəsi ilə Urmiyada bilərəkdən təşkil etməyə cəhd etdiyi kürd ekspansionist təxribatına qarşı türklər faktiki olaraq tarix yazdı və bütün dünyaya "Urmiya türkdür və türk qalacaq!" deyə hayqırdılar. Bunu duymadınızmı?
Necə ola bilər ki, bir yayımçı bizim sərhədimizdə belə əlamətdar hadisəni diqqətdən qaçıra bilər?
18 mart 2025-ci il tarixində PKK-PJAK-a dəstək verən kürd irqçiləri Urmiya yaxınlığındakı kürdlərdən böyük bir izdiham toplayaraq güclərini nümayiş etdirməyə çalışdılar. Ancaq Urmiyanın əksəriyyətini təşkil edən türk əhalisinin küçələrə çıxaraq vəziyyətə nəzarəti ələ alması onları məyus etdi. Bunu da görmədiniz?
Həmin proqramda barmağı olanlar Urmiyanın əsl sahibləri - meydanlarda "Nə mutlu türküm deyənə", "Urmu türkdür, türk qalacaq", "Bakı, Təbriz, Ankara, biz hara, farslar hara?" şüarları ilə mübarizə aparan Azərbaycan türklərindən üzr istəməlidirlər",- deyə Aygün Attar bildirib.
Zaur, BakuPost